Ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrini əhatə edən sürətli inkişafı müasir dünyanın mühüm problemlərindən olan ekologiya probleminə də xüsusi diqqət artırmaq zərurətini ortaya çıxarmışdır. Ekologiya problemlərinin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizin hər yerində ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlərin həyata keçirilməsi artıq yüksək inkişafın, dövlətin vətəndaşına qayğısının və Azərbaycanda beynəlxalq standartların mövcudluğunun göstəricisidir.
Son illər Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizin iqtisadi, sosial, mədəni və digər sahələrinin inkişafı, yeni iş yerlərinin yaradılması, eləcə də, ətraf mühitin sağlamlaşdırılması, xalqımızın rifahının yaxşılaşdırılması naminə təbii sərvətlərdən istifadə məsələləri ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaradıb. Nadir təbii şəraitə, zəngin sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinə daim xüsusi diqqət və qayğı göstərilib.

60-DAN ÇOX FAUNA VƏ 70-DƏN ÇOX FLORA NÖVÜNÜN ƏKSƏRİYYƏTİ ARTIQ MƏHV EDİLİB

30 ilə yaxın işğalda olan ərazilərimizə ekoloji zərbə vurulub. Bu gün onların aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülür. Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərib ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə tamamilə yandırılıb. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib. Düşmənlər burada evləri, meşələri yandırıb, ekoloji terror törədiblər.
Ümumiyyətlə, su ehtiyatlarının çirkləndirilməsi, meşələrin yandırılması taktikası Ermənistanın ekoloji terror siyasətinin əsas elementlərindən idi.
Ermənistanın həyata keçirdiyi təcavüz siyasəti nəticəsində işğal olunmuş ərazilərdəki Azərbaycan təbiətinə, bioloji müxtəlifliyinə və bütövlükdə, regionun ekoloji durumuna güclü təsir göstərmişdir. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə "Qırmızı kitab"a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilmişdir.

AĞ FOSFOR BOMBALARI VƏ ŞUŞA MEŞƏLƏRİNDƏ YAŞANILAN FƏLAKƏT

44 günlük Vətən müharibəsində ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə edirdilər ki, bu bombaların düşdüyü ərazidə hər şey məhv edilib. Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarları məhv edilib. Bu ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların bir neçə il əvvəl kəsildiyini təsdiq edir. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən, 110 min hektar ərazi sıradan çıxmışdır. Ağ fosfor bombalarından istifadə edən ermənilər Şuşa meşələrinə böyük zərbə endirmişlər.
Hazırda işğaldan azad edilmiş ərazilərimizdə ekoloji fəlakətin ziyanların aradan qaldırmaq məqsədi ilə işlər görülür. İşğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, ümumilikdə, 2000-dək müxtəlif növ ağac əkilib, 100 kiloqramdan artıq palıd və digər meşə ağaclarının toxumları səpilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur. Paytaxtımızda neft mədənlərinə yaxın ərazidə yerləşən və zərərli tullantılarla çirklənməyə məruz qalan bəzi göllərin qurudulması və abadlaşdırılması istiqamətində də tədbirlər həyata keçirilib. Zığ, Bülbülə, Hacıhəsən, Böyükşor kimi göllər neft tullantıları və zəhərli maddələrdən təmizlənərək abadlaşdırılıb.
Qabaqcıl dünya təcrübəsinə və yeni texnologiyaların tətbiqinə diqqət nəticəsində ölkədə müasir ekoloji monitorinq sistemi yaradılmışdır. Ətraf mühit komponentlərinin dəqiq analizi və qiymətləndirilməsi məqsədi ilə respublikanın müxtəlif bölgələrində, o cümlədən, ölkəyə daxil olan transsərhəd çayların üzərində ən müasir cihazlarla təmin olunmuş analitik tədqiqat laboratoriyaları təşkil edilmişdir. Bakı şəhərinin ekoloji vəziyyətinə təsir edən neftlə çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni dünya standartlarına uyğun sənaye müəssisələrinin yaradılması prosesi uğurla davam edir. Eyni zamanda, bu gün fəaliyyət göstərən sənaye müəssisələrində quraşdırılmış qaz-toztutucu qurğuların səmərəli fəaliyyəti nəticəsində Bakı şəhərində stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalması müşahidə edilir.
Artıq ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmiş, bununla bağlı dövlət proqramları təsdiq edilmişdir. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına, hidrometeorologiyanın inkişafına dair milli proqramlar uğurla yerinə yetirilir. Ekoloji layihələr Azərbaycanın regionlarını da əhatə edir. Əhalinin təmiz su ilə təminatının yaxşılaşdırılması üçün də əməli işlər görülür. Təsadüfi deyil ki, milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri, məhz ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə