"Paşinyan xaosdan xilas olmaq üçün..." POLİTOLOQ AÇIQLADI

"Rusiya ilə Ermənistan arasında siyasi ziddiyyətlərin kəskinləşməsi heç də təsadüfi deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Politoloq Amid Əliyevin sözlərinə görə, 2018-ci ildə Paşinyan hakimiyyətə məhz Qərbin maliyyə mərkəzlərinin dəstəyi ilə küçə inqilabları nəticəsində gəldi: "Bu özlüyündə Qərbə məxsus olan bir dəsti-xəttdir. Əsas məqsəd ondan ibarət idi ki, qəti rusafobiyası olan S.Sarkisyandan fərqli olaraq Paşinyan vasitəsilə Ermənistanı Rusiyanın siyasi və iqtisadi işğalından qurtarsın. Bu istiqamətdə də müvafiq addımlar atılmışdı. Belə ki, Rusiya Ermənistandakı vacib adamları müəyyən müddətdən sonra həbs olundu. Hətta keçmiş prezident olan Koçaryan da. Yadınızdadırsa, Putinin Ermənistana səfəri zamanı bu məsələ ilə bağlı olaraq, hətta Putinin Koçaryanın həyat yoldaşı ilə də görüşü olmuşdur. Müəyyən zamanlarda Paşinyan hakimiyyəti həm Qərb, həm Rusiya üçün müəyyən kartları oynamaq məcburiyyətində qalmışdı. Lakin hər şey II Qarabağ müharibəsindən sonra köklü olaraq dəyişdi. Müharibə zamanı və müharibədən sonra Rusiya rəsmi və qeyri-rəsmi olaraq Azərbaycanın qalib imicini dəstəkləyən mövqe nümayiş etdirməsi nəinki erməni siyasi esteblişmentini, eləcə də erməni xalqını və erməni müxalifətini hiddətləndirməyə bilməzdi. Təbii ki, burada Rusiya regional maraqları və Türkiyə faktorunu üstün tutaraq bu mövqeni sərgiləmək məcburiyyətində qalmış oldu. Lakin bununla belə erməni siyasi və hərbi rəhbərliyi yaxşı başa düşdü ki, Azərbaycanın artan hərbi və siyasi gücü qarşısında Rusiya olan əməkdaşlıq Ermənistanı düşdüyü çətin vəziyyətdən çıxara bilməyəcək. Bu məqsədlə də Ermənistanın Rusiya yönümlü siyasətində müəyyən sapmalar müşahidə olunmağa başladı. Rusiya vasitəçiliyi ilə keçirilən ilkin görüşlərdə belə əgər Azərbaycan və Rusiya rəhbərliyinin bəyanatları üst-üstə düşürdüsə, Ermənistan fərqli mövqe nümayiş etdirirdi. Yalnız Qərb, əsasən də, Aİ vasitəçiliyi üzərinə götürəndən sonra Ermənistanın bəyanatları bir qədər daha konstruktiv məcra almağa başladı. Bu da onu göstərdi ki, Ermənistan daha çox Qərb vasitəsi ilə siyasi razılıqların əldə olunmasında istəklidir. Burada bir faktı da nəzərə almaq lazımdır ki, Aİ bu məsələdə daha çox maliyyədən istifadə etməklə Ermənistana müəyyən təzyiqləri edə bilmişdir. Son günlər isə Ermənistanın Qərb istiqamətində məqsədyönlü addımlaması Rusiya tərəfindən tam narazılıqla qarşılandı. Belə ki, ABŞ kəşfiyyat şefinin Yerevana səfəri, səfərdən sonra Paşinyanın bəyanatı və Rusiya XKX-nin rəhbəri Narişkinin Yerevana təcili səfəri ondan xəbər verirdi ki, məsələlər o qədər də Rusiya maraqlarına uyğun olmayan şəkildə cərəyan edir. Son "Qisas" əməliyyatının keçirilməsi zamanı isə Rusiya MN-nin səssiz qalması və Rusiya SMQ erməni icmasına ümidsiz cavab verməsi, əslində, erməni siyasi hakimiyyətinə bir mesaj kimi də qiymətləndirilə bilər. Növbəti məğlubiyyətdən sonra isə erməni tərəfi Aİ yeni görüşünə hazır olduğunu dərhal bəyan etdi. Bu dəfə də Aİ Moskvadan cəld tərpənərək görüşü öz meydanına saldı. Erməni KİV avqustun axırında yeni Moskva görüşünün olması haqqında məlumatlar var. Lakin Brüssel görüşündən sonra bu görüş yalnız və yalnız formal xarakter daşıyacaqdır. Çünki hazırda tərəflər arasında Brüssel sülh gündəliyinin detallarının icra olunması əsas müzakirə mövzusudur. Bu vəziyyətdə təbii ki, rəsmi Moskva oyundan kənarda qalmamaq üçün mütəmadi olaraq görüşləri və telefon zənglərini intensivləşdirəcəkdir. Əsas olan odur ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi, sadə erməni xalqı və hətta müxalifətin çox hissəsi daha aydın başa düşməyə başalayıblar ki, yaxın gələcək bölgədə Azərbaycanın siyasi və hərbi gücünü diktəsi ilə bərqərar olacaqdır. Bu məsələdə isə Ermənistanın Rusiya ilə razılığının nə dərəcədə mümkün olacağı bir qədər sual altındadır. Ən azından ona görə ki, Qarabağ kartı uduzulub, Rusiya SMQ-nə olan etimad özünü doğrultmadı, Qərbin təzyiqlərinin artması və maliyyə yardımlarının itirilməsi qorxusu, Laçın və Zəngəzur dəhlizlərinin hüquqi statuslarının Azərbaycan üçün daha əlverişli müstəvidə icra olunması, daxili təzyiqlərin artması və bu fonda hakimiyyətin itirlməsi qorxusu Paşinyan hakimiyyətini məcbur edir ki, yaranmış xaosdan xilas olmaq üçün Rusiya gözdən salmaq istiqamətində səylərini artırsın və Qərbin onlara olan dayağını daha da şişirtsin. Son günlər yerevanda baş vermiş hadislərdə də məh Ermənistan tərəfindən Rusiyanın günahkar çıxarılması da buna hesablanıb. Çünki hələ də Ermənistanda daxildə Rusiyanın güclü dayaq nöqtələri qalmaqdadır. Bu elementlərin mövcud olduğu təqdirdə Rusiya ilə Ermənistan arasında ziddiyyətlərin artacağını ehtimal etmək olar. Ukrayna cəbhəsində dünya ilə üz-üzə duran Rusiya Qafqazda ona qarşı hansısa bir cəbhənin açılmasında heç də maraqlı deyildir. Lakin Rusiya öz maraqlarının qorunması və NATO çəmbərinin cənubdan gəlişini də sakitcə müşahidə etmək fikrində deyil. Belə olan halda, mövqelərin çarpazlaşması və kəskinləşməsi Ermənistan üçün heç də arzuolunan gələcəyin olacağını deməyə imkan vermir. Ermənistan çətin seçim və qərar qarşısındadır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə