Qarabağda yaşayan ermənilərin statusu olmayacaq ŞƏRH

Bu gün Azərbaycanın siyasi və iqtisadi potensialı artıb, ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.

Məlum olduğu kimi, avqustun 12-də ölkə Prezidenti cənab İlham Əliyev İsmayıllı və Ağsu rayonlarına səfər etmiş və səfər çərçivəsində dövlət televiziyasına müsahibə verərək bir sıra aktual məsələlərə toxunmuşdur. Müsahibə zamanı ölkə Prezidenti cənab İlham Əliyev avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda baş vermiş qarşıdurma ilə bağlı suallara cavab verərək bildirmişdir ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı olacaq. Həmçinin, Dövlət Başçısı cənab İlham Əliyev bildirdi: “Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir”. Bəli, bu, bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq və ermənilər daha da peşman olacaqlar. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafının və tərəqqisinin əsasını təşkil edir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...