Sadə məsələlər mürəkkəb nəticələrə səbəb olmamalıdır ŞƏRH

Ümummilli liderimiz Heydər Əliyev, Azərbaycan KP MK-nın 1-ci katibi seçildikdə mən hələ kiçik yaşlardaydım. Lakin artıq 70-ci illərdən onun bölgələrə səfərlərini, bu səfərlərin pozitiv nəticələrini, respublikanın həm ictimai-siyasi, həm də sosial-iqtisadi həyatında buraxdığı izləri yaxşı xatırlayıram. Tez-tez valideynlərimə sual edərdim; “ölkə rəhbəri rayonlara niyə gedir?” Deyərdilər, “camaatın dolanışığını öz gözləri ilə görmək, təyin etdiyi kadrların fəaliyyətini qiymətləndirmək, təsərrüfatların, zavod və fabriklərin problemləri ilə yerində tanış olmaq, bir sözlə ölkənin gündəlik həyatı ilə bilavasitə yaşamaq üçün”.

O zamandan xatirə kimi qalan fotoşəkillərin bir çoxunda, Rəhbəri müşayiət edənlərin sırasında bir yeniyetmə də yer alırdı. “Ot kökü üstündə bitər” deyib atalar. O yeniyetmə bu gün artıq müstəqil dövlətimizin başçısı kimi öz dahi müəlliminin missiyasını və ənənəsini davam etdirir.

Əlbəttə, indi artıq 70- 80-ci illər deyil. Prezidentin bölgələrə səfərlərin də, bu səfərlərdə qarşıya qoyduğu hədəflərin və verdiyi mesajların da həm çeşidi, həm də auditoriyası xeyli genişlənib. İndi ölkəmiz tamamilə fərqli ictimai-siyasi formasiyaya keçid edib, iqtisadi münasibətlər, mülkiyyət forması dəyişib, ancaq tələblər dəyişməyib, qayğı azalmayıb, əksinə, artıb.

İngilislər deyir, “ehtiyacı olana balıq yox, tilov vermək və balıq tutmağı öyrətmək lazımdır”. O zamanlar bizim imkanlarımız, ancaq İttifaq dövlətinin cızdığı çərçivə daxilində idi və bu çərçivənin hüdudları hər kəsə bəllidir. Bu gün isə hədəf ölkənin bütün bölgələrinin tam şəkildə qaz və elektrik təminatı, yol infrastrukturunun yenilənməsi və diversifikasiyası, sosial layihələrin icrası – yeni təhsil və səhiyyə müəssisələrinin inşası, təmiri və müasir avadanlıqlarla təchizatı, yeni iş yerlərinin yaradılması, mədəni-tarixi irsimizin bərpası, qədim yaşayış məskənlərimizin turizm potensialından istifadə perspektivlərinin dəyərləndirilməsi, modernləşmə ilə yanaşı, yaşayış məskənlərimizin tarixi simasının da qorunması, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni aqroparkların, kənd təsərrüfatı müəssisələrinin yaradılması, özəl sektorun inkişafı üçün dəstək proqramlarının hazırlanması və həyata keçirilməsi, daxili tələbatı təmin etməklə yanaşı, ixrac məhsullarının ümumi çəkisinin artımına da nail olunması, məhsuldarlığın artırılması üçün yeni metodlar, texnologiyalar və aqrotexniki tədbirlərin tətbiqi, azad edilmiş torpaqların ölkənin kənd təsərrüfatı sektoruna inteqrasiyası, bu torpaqlarda kənd təsərrüfatının müasir, planlı şəkildə ixtisaslaşma əsasında təşkili, su mənbələrimizdən səmərəli istifadənin təmin edilməsi – Prezidentin təbiri ilə desək; “insanların əkin-biçinlə məşğul olmaqla öz güzəranını özlərinin təmin etməsinə şərait yaratmaqdır”.

Vaxtilə heyvandarlığın inkişafında böyük rolu olan yaylaq rayonlarımızın - Kəlbəcər, Laçın, Zəngilan rayonlarının potensialından yenidən istifadə edilməsi, bizim üçün perspektivlər açmaqla, ölkəmizin ət-süd məhsullarına olan tələbatının da ödənilməsinə böyük töhfə olacaq və paralel olaraq məskunlaşmanın sürətlənməsinə stimul verəcək.

Kənd təsərrüfatı və heyvandarlıq sektorunda əvvəlki islahatlarda yol verilmiş səhvlərdən nəticə çıxarılması və bir daha belə səhvlərin təkrarlanmasına yol verilməməsi üçün, bu sahənin yeni əsaslar üzərində qurulması, aqrobiznesin yeni, praktik yanaşma əsasında təşkili prioritet vəzifələrdəndir.

Prezidentin bölgələrə səfərləri, bu səfərlərdə verdiyi müsahibələr, səsləndirdiyi fikirlər təkcə ölkənin daxili siyasəti ilə məhdudlaşmır. Bu səfərlər həm də regionda və dünyada cərəyan edin proseslərin qiymətləndirilməsi, bu proseslərə ölkəmizin münasibəti ilə də yadda qalır. Ermənistanın təxribatı nəticəsində Qarabağda yaranan qarşıdurma da bu mənada istisna deyil. 10 noyabr razılaşmasına rəğmən qanunsuz erməni silahlı birləşmələrinin hələ də ərazilərimizi tərk etməməsi, bu da azmış kimi silahlı insident törədərək hərbçimizin ölümünə səbəb olması, ordumuz tərəfindən adekvat şəkildə cavablandırılmış, keçirilmiş qətiyyətli cavab tədbiri, “Qisas” əməliyyatı nəticəsində şəhidimizin qanı alınmış, belə əməllərin cavabsız qalmayacağı bir daha xatırladılmışdır. Ölkə başçımız tərəfindən “nə hərb, nə sülh” variantının Ermənistana yaxşı heç bir şey vəd etmədiyi, törədilən hərbi təxribatların və xəyali “status” söhbətlərinin erməni siyasi isteblişmentinə zərərdən başqa heç bir pozitiv dəyər gətirməyəcəyi, analoji təxribatlar təkrarlanacağı təqdirdə cəza tədbirlərinin daha sərt şəkildə həyata keçiriləcəyi diqqətə çatdırılmışdır.

İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində 10 noyabr razılaşmasına əsasən, Laçından yan keçən yeni yolun inşasının guya razılaşdırılmadığı və birtərəfli qaydada həyata keçirildiyi barədə son erməni iddialarını cavablandıran Prezident, bu iddiaların əsassız olduğunu, bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparıldığını, bir neçə marşrut içindən seçilərək razılaşdırıldığını və Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlədiyini bildirmiş, bu razılaşma olmadığı təqdirdə yolun çəkilməsinin imkansız olduğunu xatırlatmış, marşrutun keçdiyi ərazilər Ermənistanın yox, Azərbaycanın yurisdiksiyasına aid ərazilər olduğu üçün Ermənistanla razılaşdırmaya ehtiyac olmadığını diqqətə çatdırmışdır.

Prezidentin müsahibəsində toxunduğu ən maraqlı məqamlardan biri də, Laçın şəhərindən yan keçən yeni yolun inşası prosesində Qarabağda yaşayan erməni əhalinin Azərbaycana münasibətində pozitiv dəyişikliklərin müşahidə edildiyi, yolun inşası zamanı azərbaycanlı inşaatçılarla erməni əhali arasında nəinki heç bir insidentin baş vermədiyi, əksinə, isti təmasların və qarşılıqlı yardım hallarının müşahidə edildiyi, Azərbaycan vətəndaşı sayılan bu insanlara, ölkənin digər vətəndaşları ilə eyni hüquqların veriləcəyi, onların daha yaxşı yaşamaq və inkişaf etmək imkanının Azərbaycanla inteqrasiyada olduğu barədə çağırışların artıq nəticə verməkdə olduğu barədə fikirlər idi.

Erməni əhalinin Azərbaycanın tərkibində yaşamasının guya qeyri-mükün olduğu barədə Ermənistan siyasi dairələrinin apardığı təbliğatın iflasa uğradığını diqqətə çatdıran Prezident, getdikcə Ermənistan hakimiyyətinin bu əhaliyə təsir imkanlarını itirdiyini, Azərbaycan hakimiyyətinin isə əksinə, öz təsir imkanlarını artırdığını, bu proses sürətlənəcəyi təqdirdə isə bölgəyə tezliklə sülhün, təhlükəsizliyin və rifahın gələcəyini bildirmişdir.

Ölkəmizin sülhpərvər mövqeyi heç də əks tərəfdən zəiflik və qətiyyətsizlik kimi başa düşülməməlidir. Azərbaycanın öz haqlı mövqeyini qoruması üçün kifayət qədər hərbi, iqtisadi və siyasi gücü var və həm 44 günlük müharibə, həm də “Qisas” əməliyyatı kimi lokal cəza tədbirləri bunu Ermənistana xatırlada bilib. Ölkəmizin sülh danışıqlarına başlamaq, delimitasiya və demarkasiya, habelə Zəngəzur dəhlizi məsələlərində səmimi və praqmatik olmaq, status, müstəqillik və ya hansısa xüsusi imtiyaz kimi xülyalardan əl çəkmək çağırışları hər iki tərəf üçün ancaq xeyrə ola bilər. Ermənistan, dünyada və bölgədə gedən proseslərin bu ölkənin gözləmə mövqeyinə heç bir müsbət perspektiv vəd etmədiyini anlamalı, Azərbaycanın qarşıya qoyduğu hədəflərə nail olmaqda qətiyyətli və ardıcıl olduğunu dərk etməli, sülh, əmin-amanlıq, inkişaf və firavanlıq istəyimizi yanlış anlamamalı, səmimi olmalı, fitnəkar niyyətlərdən əl çəkməlidir.

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə