Erməni terroru: zarafatın sonu dəyənək - ANALİZ

İki gün öncə İrəvanın mərkəzindəki “Sürməli” ticarət mərkəzində dəhşətli partlayış baş verdi. Bu səs də, partlayışın yaratdığı mənzərə də terrorun canlı şahidləinə daha çox tanışdır. Bakı metrosunda, Bakı-Rostov qatarında, Tbilisi-Ağdam avtobusunda baş verən dəhşətli partlayışda insanların həlak olması da, yanan sərnişinlərin fəryadı da, onları xilas etmək üçün canfəşanlıq edən, özünü ora-bura vuran kəslərin çarəsizliyi də oxşardır. Hər ikisində insanlar ölür, yaralanır, qurbana çevrilir.

Bir müddət əvvəl Ermənistan saytları Çin və Rusiya səfirliklərinə bomba qoyulması ilə bağlı məlumatlar yaydılar, axtarış aparıldı amma xüsusi xidmət orqanlarının əməkdaşları heç bir partlayıcı qurğu tapa bilmədilər. Hər halda erməni mediası belə yazdı. Amma alternativ mənbələr bombaların zərərsizləşdirildiyini dedilər, qalmaqal yaşanmasın deyə xəbəri yalanladılar. Növbəti bomba xəbəri metrodan və yenə də başqa səfirlikdən gəldi, bu da “yalan” çıxdı. Beləliklə, “bombalı xəbərlər” ermənistan seqmentlərinin gündəmi oldu. Sanki kimsə insanların və dövlətin əsəblərini yoxlayırdı. Nəhayət...

“Sürməli” bazarına qoyulan bomba haqqında xəbəri verməyə və yaxud onu təkzib etməyə kimsənin vaxtı çatmadı. 20-yə yaxın şəxs bombanın qurbanı oldu, ümumilikdə isə 62 nəfər zərər çəkdi. Bununla əlaqədar Ermənistanda avqustun 17-18-də ikigünlük matəm elan edilib. Günahı başqalarının boynuna yıxmağa adətkar olmuş ermənilər həmin saat günahkar da tapa bildilər – Rusiya. ən son məlumata görə, Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib. Nota İrəvanın “Sürməli” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan KİV-nin Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.
Bu gün Fövqəladə Hallar Nazirliyinə Şirak hava limanına və Gümrü dəmir yolu vağzalına bomba qoyulması barədə elektron məktub daxil olub. Qurumun mətbuat katibi Hayk Kostanyan məlumat verib ki, sərnişinlər və işçilər hava limanında və dəmiryol vağzalında təxliyə edilib, hazırda istehkam işləri aparılır. Bu gün və sabah Şirak hava limanında eniş və eniş yoxdur.

Bu arada isə Ermənistan cəmiyyətində Qarabağda, Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə baş verən yol-nəqliyyat hadisəsinin müzakirəsi getdikcə qızışır. Hətta bu vəziyyətin hansı istiqamətə yönələ biləcəyini proqnozlaşdırmaq da çətinləşib. Ermənilər avtomobildə olan 4 qadını hərbi maşınla əzib keçən sülhməramlını İrəvana təhvil verməyəcəkləri halda qarşıdurmaların olacağını da istisna etməyiblər. Qeyd edilib ki, Moskva Rusiya hərbçilərinin Qarabağda törətdiyi cinayətə görə cavab verməlidir.

Hadisə isə belə baş verib, Xankəndi-Əsgəran avtomobil yolunda Rusiya sülhməramlı kontingentinin sürücüsünün idarə etdiyi “HAVAL H9” markalı yolsuzluq avtomobili ilə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində avtomobildə olan 7 nəfər sınıq və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 4 sərnişin - 52-56 yaş arası şəxslər hadisə yerində ölüblər.

Ermənilərin fikrincə, günahkar sülhməramlı kontingentin sürücüsüdür. Şayiələrə görə, həddindən artıq sərxoş vəziyyətdə olan yüksək rütbəli hərbçi bu qəzanı törədib. Sülhməramlıların “Cip”ləri yalnız yüksək rütbəlilərə məxsusdur və heç bir halda adi insanlar tərəfindən istifadə olunmur. Erməniləri təəccübləndirən və təəssüfləndirən isə yoxlama aparıran istintaq komitəsinin susqunluğudur.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin saytında Rusiya Sülhməramlı qüvvələrinin (RSQ) fəaliyyət zonasında baş verən hadisə barədə bir söz belə yoxdur, sanki heç nə olmayıb. Nə RSQ-nın Qarabağdakı komandanlığından, nə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən, nə də “müttəfiq” ölkənin digər dövlət strukturlarından heç bir rəsmi üzrxahlıq yoxdur. Mütləq sükut. Yoxlamanın necə aparıldığı, qəzanın günahkarının saxlanılıb-saxlanılmaması barədə məlumat almaq üçün media anlaşılmazlıq divarı və nəticəsiz cəhdlərlə üzləşir. Ona görə də Ermənistan cəmiyyətində sualların artır və bu artım Rusiya tərəfinin davranışından törəyən narazılığın həddinə də təsir edir ki, bu da tamamilə məntiqlidir.

Erməni mətbuatı Gümrü şəhərindəki Rusiyaya məxsus 102-ci ordunun əsgəri Valeri Permyakovun bir ailənin 7 nəfər üzvünü güllələməsini xatırlayır. Həmin hadisədə olduğu kimi, Rusiya tərəfi ölümlə nəticələnən qəzanın günahkarının erməni ədalətinin əlinə keçməsinin qarşısını bütün vasitələrlə alacaq. Bu da öz növbəsində erməni cəmiyyətlərində məyusluq və etiraza səbəb olacaq, haqlı olaraq rusların baş verənlərə görə məsuliyyəti öz üzərlərinə götürmək cəhdlərindən şübhələnəcək. Baxmayaraq ki, Rusiya bir dövlət olaraq baş verənlərə görə məsuliyyət daşıyır.

Bu arada sosial şəbəkələrin erməni seqmenti Rusiya hərbçilərinin nəinki Ermənistanda, hətta Qarabağda özünü ağa kimi aparmasından hiddətlənib. Sülhməramlılar qatil sürücüsünün mühakiməsi ilə razılaşsalar da, çox güman ki, sırf formal olacaq və çox güman ki, cəzasını çəkmək üçün Rusiyaya göndəriləcək, bir müddət sonra cinayətkar mütləq azadlığa çıxa bilər.

İstənilən başqa yanaşma, şübhəsiz ki, Ermənistanda və Qarabağda yaşayan ermənilər arasında kütləvi narazılıq yaradacaq və anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək üçün çox ciddi səbəb olacaq. O cümlədən, Rusiya hərbçilərinin Ermənistan və Qarabağda mövcudluğu məsələsinə ermənilərdən mənfi rəy alacaqlar.
Ümumiyyətlə, ermənilər düşünürlər ki, Qarabağdakı qəza Rusiyanın erməni xalqına, müttəfiq adlandırdıqları insanlara necə münasibət bəslədiyini bir daha göstərir. Bu halda erməni rejissoru və siyasətçisi Tiqran Xzmalyan haqlı olaraq qeyd edir ki, “Rusiya heç vaxt Ermənistana xəyanət etməyib. Düşmən xəyanət etməz. Düşmən ya öldürür, ya da satır. Əslində, baş verənlər də məhz belə olub. Əvvəlcə Rusiya Ermənistanı və Qarabağı satdı. İndi sadəcə, peşmanlıq və peşmançılıq olmadan öldürür. Rusiyanın ermənilərə qarşı düşmən münasibətini bundan yaxşı sübut etmək sadəcə olaraq mümkün deyil.

Bəli, ermənilərin bu hərəkətləri dünyanın diqqətini Ermənistanda və bu ölkənin Azərbaycanla sərhədində baş verən hadisələrdən, son təxribat əməllərindən, sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın qarşı tərəfə göndərdiyi 5 baza prinsipindən imtina etmək, yayındırmaq məqsədi daşıyır. Onların bu bəhanələri əslində erməni terrorunu davam etdirməyə yönəlib. Əvvəlcə dedilər ki, Zabux və Sus kəndlərindən və Laçın şəhərindən çıxan ermənilər evləri yandırmayacaq, ağacları kəsməyəcək, təxribat törətməyəcəklər. Avqustun 25-ə 8 gün qalır. Buna baxmayaraq Azərbaycan torpaqlarını tərk edən ermənilər yenə də pis əməllərindən əl çəkmirlər, hər yeri yandırır və özünün barbar xalq olduğunu dünyaya sübut edir. Terror təkcə insanlara qarşı olmur ki, həm də ekologiyaya – ağaclara, təbiətə zərər vurmaqla müşaiyyət olunur, ermənilərin törətdikləri kimi.

Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb. Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib. İlkin araşdırmalarla həmin yanğının Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib.

Faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir.

Ən son məlumatlar sırasında Sarıbaba yüksəkliyində 991 ədəd minanın aşkarlanması cəmiyyətdə şok effekti yaradıb. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Maraqlı cəhət ondan ibarətdir ki, həmin minaların hamısı Vətən müharibəsindən sonra - 2021-ci ildə Ermənistanda istehsal olunub.

Qayıdaq İrəvana, burada baş verən partlayışın təxribat olduğunu deməyə əsas yoxdur. Bəzi mənbələr hadisəni Paşinyanın hakimiyyətdən getməsi üçün təxribat adlandırırlar. Ancaq bu, cəfəngiyyatdırdir. Paşinyan hazırda həm Rusiya, həm də Qərblə siyasi oyun oynayır. Ermənistanda iqtidar-müxalifət münasibətləri gərgindir. Belə hadisələr baş verəndə müxalifət bunu Paşinyanın getməsinə hesablanan təxribat kimi qələmə verir. Lakin Paşinyan Rusiyadan təhlükəsizlik qarantı alıb. Eyni zamanda Avropa və Amerikadan da yardım almaq istəyir. Avropa İttifaqı Ermənistana 16 milyard avroluq yardım paketi nəzərdə tutub.

Belə olan halda Paşinyanın qalması, yaxud getməsi heç nəyi dəyişmir. Ermənistan hələ də Rusiyanın “for-post”u qismində çıxış edir. Ona görə də bir hadisə olan kimi rəsmilər Moskvaya çağırılır və müəyyən tapşırıqlar verilir. Ermənistanda müəyyən dairələr Rusiya əvəzinə Fransadan sülhməramlıların gəlməsini istəyir. Bir növ şantajla məşğuldurlar. Ermənilər öyrəşib ki, bunların əvəzinə kimsə nəsə etsin, onlar da bəhrələnsin.

Ermənistanın terrorçu dövlətdir. Azərbaycan müstəqilliyinin ilk illərindən erməni terroru ilə üzləşib. Sumqayıt hadisələrini, Qarabağda iştişaşları törədənlər, separatçılıq əməllərini qızışdıranlar, sərnişin qatarlarına, avtobuslara bomba yerləşdirib vətəndaşlarımızı qətl edən ermənilər eyni mənbədən – İrəvandan, Eçmiədzindən təlimat alırdılar. Erməni terroru məzmun və mahiyyətcə heç dəyişməyib.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə