Azərbaycan öhdəliklərə sadiqdir, eyni məsuliyyəti qarşı tərəfdə göstərməlidir ŞƏRH

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın istər döyüş meydanında, istər diplomatiya, istərsə də informasiya cəbhəsində üstünlüyünün dünyaya təqdimatı oldu. Azərbaycan işğal altında olan torpaqlarını istənilən yolla azad etmək imkanında olsa da 30 ilə yaxın dövrdə sülh danışıqlarına üstünlük verdi, Ermənistanın nə zamansa torpaqlarımızı sülh yolu ilə geri qaytaracağına inamını itirmədi. Çünki dünyanın əsas beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı 4 qətnamə qəbul etmişdi. Həmin qətnamələrdə Azərbaycanın mövqeyi dəstəklənir, Ermənistan işğalçı qüvvələrinin bu torpaqlardan qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Amma 30 ilə yaxın dövrün təcrübəsi göstərdi ki, ədalət və beynəlxalq hüquq zamana və məkana görə tətbiq edilir. Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması, biri-birlərinin ərazi bütövlüyünü tanımaqla tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması hazırda Cənubi Qafqazda sabitlik və regional inkişaf üçün əsas şərtlərdən biridir. Elə bu səbəbdən də Azərbaycanın yürütdüyü siyasətin mərkəzində sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, yekun sülh müqaviləsinin imzalanması ilə qarşılıqlı əməkdaşlığa başlanılması dayanır.

İkinci Qarabağ müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından bir ildən çox vaxt keçir. Amma buna baxmayaraq, Ermənistan tərəfi, hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Ermənistan hakimiyyəti regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələri sabotaj etməklə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır. İstər 10 noyabr üçtərəfli Bəyanatda, istərsə də 11 yanvar 2021-ci ildə keçirilən Moskva görüşündə qəbul olunan Bəyannamədə əksini tapan müddəaların icrası istiqamətində Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir: “Amma Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir. Bu baxımdan ki, qeyd olunan sənədlərdən irəli gələn öhdəliklərini yerinə yetirmir. Dövlət başçısı İlham Əliyev Ermənistana və ona havadarlıq edən dövlətlərə bu fikirləri ilə ciddi mesaj ünvanlayır: “Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır”. 10 noyabr Bəyanatının imzalanmasından 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan tərəfi sənəddə əks olunan bəzi müddəaların yerinə yetirilməsini yubadır. Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan tərəfi qanunsuz erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə qaldırsa da Ermənistan bu prosesi yubadır.Ermənistan hakimiyyətinin öhdəliklərin icrasından yayınması və fürsət düşdükcə hərbi təxribatlara əl atması ötən gün baş verən toqquşmalara, ermənilərin daha ağır zərbə almalarına səbəb olur. Onlar bundan dərs çıxarmalıdırlar.Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində müsahibə zamanı qeyd edib ki: “ Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi.”

Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün kommunikasiyaların açılması, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində ciddi addımlar atır. Zəngəzur dəhlizinin açılması reallıqdır. İki dövlətin sərhədinin delimitasiyası məsələsi Brüssel görüşlərində əldə edilən razılaşmalarda öz əksini tapıb. Amma problem Ermənistanın bu prosesləri yubatmasında, qeyri-konstruktiv mövqe ortaya qoymasındadır. Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. Bütün bunlar Prezident İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir və iqtisadi inkişaf planları işğaldan azad olunmuş bütün rayonları əhatə edir. Sadəcə, burada Prezidentin dəfələrlə vurğuladığı bir məqam – zamanla yarış məsələsi var. Üstəgəl, zaman faktorundan başqa, erməni cəlladlarının torpaqlarımızda basdırdıqları minalar da Azərbaycanın Qarabağın yenidən qurulması işlərinə əngəl yaradan, ləngidən amil kimi çıxış edir.

Varis Rüstəmov,

YAP Sabirabad rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...