Yurd əmanəti oğullarımız ŞƏHİDLİK ZİRVƏSİ

Dünyanın ən uca varlığı, müqqədəs, ülvi insanı olan ananın adının vətən ilə birgə çəkilməsi bu məfhumun həqiqətən də yaşadığımız həyatda müqayisə olunmaz məfhum olduğunu təsdiqləyir. Ana laylası ilə beşikdən boy atır, duaları ilə dünyamıza qədəm qoyuruq. Təmiz arzuların, müqəddəs hisslərin, uca arzuların ünvanı olan laylaların ilk səsindən daxili dünyamıza böyük duyğular, vətən, torpaq sevgisi hopur. "Göylər gurlamasın, sellər axmasın, küləklər əsməsin, şimşək çaxmasın, ana körpəsinə süd verən zaman". Bəli, anaya verilən dəyərdir, qiymətdir. Kimsə anaya toxunması, səsi ilə ananı dünyasından ayırmasın. Gələcəyin vətənin keşiində duran müsəlləh əsgərə beşik başından bu laylalar vasitəsi ilə vətəni qorumaq kimi müqəddəs bir hiss hopur. Çox keçmir ki, hər bir övlad ana borcunu verməyə, onun keşiyində durmağa çalışır. Hər ötən gündə saçına dən düşən analarımızın ağaran saçına qara tellər əkmək, onun üzünə salınan tale qırışlarına hamar yol salmaq üçün övlad düşünür. Bu yerdə şair Məmməd Arazın misraları yada düşür: "Hərdən inanmıram ölüm haqq ola. Ana dəfn oluna, gözəl qocala". Bir ananın duyğulu dünyası ilə böyüyən övladları bir gün Anasını, ana diyarını, ana Vətənini qorumaq üçün silaha sarılaraq odun-alovun içinə atılanda onun ən uca varlığının Anasının şəhid anası olaraq dünyanın ən yüksəkdə duran adının daşıyıcısı olacağını düşünmürdü. Həsrətlə yollara boylanan, yol gözləyən ananın qanı ilə torpaq suvarmış oğlunun bir gün üçrəgli bayrağa bükülmüş cənazəsinə qucaq açması bir ana böyüklüyü, bir ana qəhrəmanlığıdır. "Ana səbri böyükdür", - deyirlər. Onun sarı siminə toxunsaq, buradan onun daxili dünyasında süzülən nisgili, kədəri və təzadlı dünyada sevinci aşıb-daşan bir bulaq kimi ətrafı bürüyər.

ANALAR ƏZƏLİ TORPAQLARIMIZA YOL ALIR

Min bir əziyyətlə, gecəsini gündüzünə qatan analarımız vətənə oğul, düşmənə çəpər böyüdür. Gözünü qırpmadan belə, oğul, Vətən dardadır, sən vətənə əmanətsən - deyir, analar. Bu Azərbaycan anasının dilini ifadəsidir. Azərbaycan anası belə böyüklüyə sahibdir. Fərarilər böyütmür, ocağında vətənə oğul böyüdür. Əlbəttə ki, qəddi-qamətini hər zaman məğrur tutan və övladlarını vətənpərvər ruhda böyüdən analarımızın həyat hekayəsi bir örnəkdir, nümunədir.

Orda bir evimiz bizlərə həsrət,

Yurddan didərginik, qonağıq, - dedin.

Yönümüz dağlara, düzlərə həsrət,

Getməsək ölərik, qınağıq, - dedin.

Bəli, minlərlə analarımız bədiiləşmiş bir portretindən nəzmə çəkilən bu misralarda görünür. Yurd yerinə həsrət qalmış analar, ata-babalarının məzarını ziyarət etməyə həsrət anlar var. Bu analar vətənə Mübarizləri, Poladları, İlqarları daha kimləri bəxş etmədi. Adları şəhidlik zivrəsində ucalan mərd, igid oğullarımız adlarını əməlləri ilə təsdiqlədilər. Mübariz olan, polad iradəli, vətəninə ilqarlı oğullar tariximizə Zəfər yazdılar. Minlərlə oğullarımızın vətənin səsinə səs verməsi bu gün vətən həsrətində olan anaların öz yurd-yuvaların dönməsinə səbəb, 30 ilə qədər qubar bağlayan dərdlərə məlhəm oldular. Bu gün analar öz torpaqlarına yol alır və bu yolun mənzilinə. Bu gün artıq Zəfərimiz onları Ağalı kəndinə aparıb.

"ONDAN MƏNƏ TƏK XATİRƏ UĞRUNDA CANINDAN KEÇDİYİ BAYRAQDIR"

Bu gün şəhid oğullarımızın biri haqqında söz açacağıq. Avqustun isti bir günündə dünyaya gələn Amil Hüseynov. Bir kənd bir mahalda dünya göz açan Amili bu gün bütün Azərbaycan tanıyır. 1986-cı ildə dünyaya göz açan Amilin sən demə, 34 illik bir yolu var imiş. Bir insan ömrünün tərcümeyi-halına yazılacaq vərəqlərin 34 illik tarixini yaza bildi. Qalan illərinə canını fəda edən şəhidimiz sabahın, gələcəyin dastanında öz adını həkk edib ki, onun haqqında yazılacaq hər bir söz bu ömür yolunun yarımçıq qalmadığından xəbər verəcəkdir. Ölümündən iki ilə yaxın zaman ötsə də hər gününə bir səhifə açılıb. Füzulinin Əhmədalılar kəndində anadan olan Amil Rasim oğlu Hüseynov 1986-cı ilin avqustun 16-da dünyaya gəlib. Hər zaman ürəyi Vətən sevgisi ilə döyünən Amil hələ uşaq yaşlarından hərbçi olmaq istəyib. Məktəbdə oxuduğu müddətdə Amil idmanın karate növü ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda iştirak edib və yüksək nailiyyətlər qazanıb, respublika çempionu olub. Gürcüstanda iştirak etdiyi beynəlxalq yarışda 1-ci yerə çıxıb. Amilin hərbi xidmətə olan marağı, Vətənə sevgisi onu öz arzusunun ardınca aparıb. 2004-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2010-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Kəşfiyyatçımız 9 il vətənə misilsiz xidmət göstərib. 2010-cu ildən Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmətə başlayıb. Daha sonra Milli Ordumuzun sıralarında kəşfiyyatçı kimi fəaliyyətini davam etdirib. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı təlim kursu keçib. Vətən müharibəsinin iştirakçısı olan Amil Hüseynov Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaəti ilə seçilib. Vətən Müharibəsi zamanı Füzuli istiqamətində gedən ən ağır döyüşlərdə böyük şücaət və igidlik göstərib. Amil Hüseynov oktyabrın 10-da Füzulidə şəhid olub. Füzuli rayonunun Əhmədalılar kəndində dəfn edilib. Şəhid Amil ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib. Şəhidin atası Rasim Hüseynov neçə-neçə şəhid atası kimi başını dik tutub, oğlu ilə fəxr edir. Oğlu Zəfərimizin yazılmasında rolu olan oğullardandır. "Şükür ki, torpaqlarımız azad olundu. Şəhidlərin qanı yerdə qalmadı" – deyir ata. Vətən üçün bundan fəxarətli nə ola bilər ki. Təzəcə ailə həyatı qurmuş Amilin həyat yoldaşına ona Vətənin rəmzi olan üçrəncli bayraq qalıb. Həyat yoldaşı Xalisə Məmmədova verdiyi müsahibələrin birində deyir: "Bizim ailə həyatımız çox qısa çəkdi. Yenicə ailə qurmuşduq. Ancaq mən fəxr edirəm ki, bu cür şərəfli yolda şəhid olmuş insanın həyat yoldaşıyam. Amil həqiqətən fəxr ediləsi bir həyat yoldaşı, insan idi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Düzdür, ondan mənə bir nişanə qalmasa da, tək təsəllim onun məqamıdır. Ondan mənə tək xatirə isə uğrunda canından keçdiyi bayraqdır". Bu gün onun xatirəsi xalqın qəlbində yaşayır. Dövlətimiz və xalqımız şəhidin adını uca tutur. Şərəfli ömür yolu ilə Zəfər dastanımızı yazanlardan olan Amil neçə-neçə yetişən gəncimizə həyat yolu, məslək, əqidəsi ilə bir məktəbdir. Allah rəhmət eləsin!

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə