Möhkəm təmələ əsaslanan İQTİSADİYYAT - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir"

Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır. Bəli, güclü iqtisadiyyat güclü dövlət deməkdir. Dövlət başçımızın dediyi kimi: "İqtisadi müstəqillik əldə edilmişdir və biz məhz buna görə siyasi müstəqillik əldə etmişik, beynəlxalq müstəvidə müstəqillik əldə etmişik. Heç kim bizim iradəmizə təsir edə bilməz, heç kim bizə heç nəyi diktə edə bilməz, heç kimdən asılı deyilik və əminəm ki, heç vaxt heç kimdən asılı olmayacağıq. Asılı olsaydıq, Qarabağ bu günə qədər işğal altında idi. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər var. Ona görə iqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var". Göründüyü kimi, göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir. Dövlət başçısı müşavirədə bunu bildirmişdir: "Gələn il görüləcək işlər əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik - bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".

HEÇ BİR YERDƏN HEÇ KİM BİZƏ BİR MANAT YARDIM ETMƏYİB, HAMISINI ÖZÜMÜZ EDİRİK

"Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik". Bu gün işğaldan azad olunmuş torpaqlarda aparılan möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dediyi kimi, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı, sözün əsl mənasında, heyrətə gətirir. Həmçinin, son dövr ərzində ölkədə orta əməkhaqqı 14 faiz, pensiyalar 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi isə dövlət büdcəsidir. Həm də nəzərə almaq lazımdır ki, ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Həmçinin, iqtisadi sahədə aparılan islahatlar nəticəsində ilin ilk 6 ayı ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Biznes dairələrinə imkan verildi ki, onlar kölgə iqtisadiyyatından çıxsınlar. Nəticə həqiqətən də uğurlu oldu. İqtisadi artım 6,2 faiz, o cümlədən qeyri-neft sektorunda artım 9,6 faiz oldu. Həmçinin hesabat dövrü ərzində əhalinin gəlirləri təxminən 20 faiz artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatının davamlı inkişafının bariz göstəriciləridir.

DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ YENİ HƏDƏFLƏRƏ DOĞRU

Sözsüz ki, Azərbaycan postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu nümayiş etdirir. 2022-ci ilin altı ayının nəticələri və göstəriciləri də bu reallığı təsdiqləyir. Prezident İlham Əliyev istər cari ilin birinci rübünün yekunlarına, istərsə də 6 ayın yekunlarına həsr olunan müşavirədə bir çox mühüm məsələlərə toxunmaqla, çox vacib mesajlar da verdi. Belə ki, bu dövrdə dünyanın bir çox ölkələrinin rəhbərləri ilə mühüm görüşlər keçirilib və zəruri sazişlər imzalanıb, son 1 il 8 ayda Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün sosial islahatlar həyata keçirilib.

XARİCİ SİYASƏT SAHƏSİNDƏ ƏLDƏ EDİLMİŞ UĞURLAR DAHA BÖYÜK MİQYASI İLƏ SEÇİLİB

Bu ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ölkəmizin xarici siyasətdə daha çox fəal olduğunu, beynəlxalq nüfuzunun daha da artdığını söyləyib və vurğulayıb ki, bu, ilk növbədə, Qoşulmama Hərəkatına Azərbaycanın uğurlu sədrliyində öz təsdiqini tapıb. "Bizim sədrliyimiz bildiyiniz kimi, 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Biz də məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına da böyük töhfə vermişik. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması idi. Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu Hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır", - deyən Prezident İlham Əliyev, əslində, sadalanan addımlar fonunda bu Hərəkatın gələcəkdə beynəlxalq təşkilata çevrilməsinin mümkünlüyünün anonsunu vermiş oldu. Bu reallığın formalaşmasında Azərbaycanın sədr dövlət olaraq oynadığı rola toxunan dövlətimizin başçısı, xüsusi olaraq qeyd etdi ki, COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsində, bu kontekstdə ehtiyacı olan 80-dən artıq üzv ölkələrə iqtisadi, maliyyə və humanitar yardımların göstərilməsində ölkəmizin xidmətləri kifayət qədər böyükdür. Azərbaycan Prezidentinin müşavirədə yaxın tərəfdaş olaraq beynəlxalq təşkilatlar sırasında Türk Dövlətləri Təşkilatının adının da xüsusi qeyd edilməsinin ciddi əsasları var. İlk öncə bu qurumun yaranması və inkişafında Azərbaycan müstəsna rola malikdir. İkincisi, bu təşkilatın üzv dövlətləri ilə Azərbaycanı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Prezidenti ilə cari ildə 3 dəfə görüşüb, apreldə Qırğızıstan Prezidentinin Azərbaycana, iyunda isə dövlətimizin başçısının Özbəkistana və Türkmənistana səfərləri olub. Sadalanan səfərlərin sayı və qarşılıqlı təmasların intensivliyinin özü bir göstəricidir. Həqiqətən də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən varislik prinsipinə sadiqlik, kreativlik və innovativ yanaşmalar hesabına uğurla davam etdirilməsi sayəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyev dünya miqyasında mahir diplomat, Müzəffər Ali Baş Komandan və nəhəng siyasi lider kimi tanınır.

Bir sözlə, müşavirədə açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləyir. Və bütün bu uğurlu göstəricilər bir daha sübut edir ki, sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək. Daha güclü Azərbaycan naminə! Bir sözlə, Azərbaycan Prezidentinin 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı göstərdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər, sahələr üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə icra edilir və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir. Dövlətimizin başçısının vurğuladığı kimi, "Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, bütün sahələrdə onu yerinə yetirmişik, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın!".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə