Prezident İlham Əliyevin qurduğu ordu 30 il davam edən işğala 44 gündə son qoydu ŞƏRH

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə «Dəmir yumruq» əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bildirmişdir ki, bu qələbə zamanında ordu sahəsində görülən işlərin nəticəsidir: "Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik". Dövlət başçısı çıxışı zamanı onu da bildirdi ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: "Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq».

Ali Baş Komandan 44 gün davam edən İkinci Vətən müharibəsində nəyi, nə vaxt edəcəyini bildiyi üçün bu Qələbə qazanıldı

Bəli, bu qələbə Prezident İlham Əliyevin “nəyi nə vaxt, necə etmək lazım olduğunu bilərək, “Güclü ordu - güclü dövlət” strategiyasının və "dəmir yumruq" siyasətinin nəticəsidir. Çünki dövlət başçımız iqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdi. Hərbçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar. Son 19 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktıdır. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil. Bəli, Prezident İlham Əliyevin nəyi necə və vaxt etmək lazım olduğunu çox yaxşı bildiyi siyasətin nəticəsi budur. Azərbaycan Prezidenti İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Bir sözlə, qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi lider, Prezident İlham Əliyev yürütdüyü 19 illik - “Güclü ordu - güclü dövlət” strategiyasının və “Dəmir yumruq” siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Və bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Qalib sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazılacaq. Və növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək, güclü dövlətin güclü ordusu çox tezliklə, Qarabağın işğal olunmuş ərazilərimizi də geriyə qaytaracaq! Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.

ZƏRİFƏ QULİYEVA,

“Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə