Orta Asiyadakı HADİSƏLƏRİN PƏRDƏARXASI MƏQAMLARI – TƏHLİL

Türkdilli xalqların ana yurdu sayılan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistanın bir qisimindən ibarət olan bölgədə, yəni Orta Asiyada müşahidə olunan hadisələr, daha doğrusu, təlatümlər bütün dünyanın diqqət mərkəzindədir. Transsibir magistralına və Xəzər-Volqa yoluna çıxışı olan bu yeganə regionun şimal-qərb hissəsinin iqtisadi-coğrafi mövqeyi olduqca əlverişlidir və sözsüz ki, elə bu baxımdan da həmin region bütün dünyanın maraq dairəsindədir. Türk dili qrupuna aid olan özbəklərin, qazaxların, türkmənlərin, qırğızların, qaraqalpaqların və eyni zamanda fars dil qrupuna aid olan taciklərin, monqolların yaşadığı bu region, yəni Orta Asiya uğrunda ortaya çıxan emosiyaların əks-sədası artıq geniş miqyasda yayılmaqdadır və sözsüz ki, bütün bunlar səbəbsiz, eləcə də əbəs yer deyil.

Sirr deyil ki, Orta Asiyanın üç ölkəsi, daha dəqiq desək, Özbəkistan, Qırğızıstan və Tacikistan çoxdandır bir-birinə qarşıdır. Bu üç ölkə bir-birinə qarşı sərhəd iddiaları ilə çıxış edir və hətta saysız-hesabsız anklavların mövcud olduğu Fərqanə vadisi bu ölkələri bir-biri ilə daha sərt şəkildə qarşı-qarşıya qoyur. Elə bu səbəbdəndir ki, onların mübahisələri həll etməsi məsələsi artıq emosional həddə çatıb və buna görə də birinin digərinə zərrə qədər güzəştə getmək niyyəti yoxdur. Üstəlik, bu ölkələr arasında olan gərginliyin fonunda bir də sosial narazılıqların ortaya çıxması vəziyyəti daha da mürəkkəbləşdirir və həmin region, yəni Orta Asiya artıq etnik, eləcə də sosial baxımdan çoxmünaqişəli region kimi tanınır. Bu isə o deməkdir ki, regiona müdaxilə etmək niyyətində olan xarici qüvvələr üçün əlverişli şərait yaranıb və istər etnik münaqişələr, istərsə də sosial problemlər siyasi maraqları olan xarici qüvvələrin həmin regiona təsir imkanlarını artırıb. Bir sözlə, xarici qüvvələrin hərəsinin özünə məxsus olan strategiyasına, xarici siyasət maraqlarına uyğun gələn gərgin vəziyyət onlara sərf edir və bu səbəbdən təlatümlərin hələ nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.

Bildiyimiz kimi, Özbəkistan hakimiyyətinin Qaraqalpaqıstan Muxtar Respublikasına aid Konstitusiyaya təklif etdiyi dəyişiklik mətninin bir neçə cümləsi narazılıqlara səbəb olub. Əhali hesab edir ki, həmin redaktələr, daha doğrusu regionun muxtar respublika statusunun ləğvi ilə bağlı təklif onların onsuz da pozulan konstitusion hüquqlarını daha da pisləşdirəcək. Bir zamanlar, daha dəqiq desək, İslam Kərimovun prezidentliyi dövründə təhlükəsizlik qüvvələrinin gücünə tabe etdirilən Özbəkistan əhalisinin narazılıqlarla bağlı səsi hüquq-mühafizə orqanları tərəfindən boğulsa da, hakimiyyətə gələn Şavkat Mirziyoyev onun ənənəsini davam etdirməməyi məqsəd qoydu, amma bununla heç də sosial tələbləri azalmayan Özbəkistan əhlisinin etirazları güclənməyə başladı. Təbii qaza, elektrik enerjisinə olan tələbatın ödənilməməsi vəziyyəti bir az da gərginəşdirdi və bu hal nə Özbəkistan hakimiyyəti, nə də bu ölkə əhalisi üçün arzuolunan nəticələr verə bilməz. Çünki yaranmış vəziyyətdən xarici qüvvələr dərhal yararlanmağa, istifadə etməyə başladılar və indi mövcud olan ab-hava yalnız onların maraqlarına xidmət edir.

Orta Asiyanın, xüsusən də Özbəkistanın diqqət mərkəzindən kənarda olduğu zənn edilsə də, əslində dünyanın diqqətinin, marağının cəmləndiyi region olduğu bəlli olur. Məhz həmin maraq kontekstində bu region, ələlxüsus Özbəkistan uğrunda, belə demək mümkünsə, xarici güclər arasında savaş gedir. Sanki, onlar nəyi isə bölə bilmirlər və buradakı sosial etirazlar onların hər birinin maraqlarına xidmət edir. Əks halda, etirazların qarşısının alınması istiqamətində hansısa formada fəaliyyətin olduğu müşahidə edilərdi. Məsələ burasındadır ki, biz bunun əksini seyr edirik və Orta Asiyanın məqsədli və planlı şəkildə yenidən qarışdırmağa çalışıldığını görürük. Görürük ki, Türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasında maraqlı qüvvələr var və Orta Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizə davam edir, hansıki bunun nə qədər sürəcəyi də bəlli deyil. Kənar təsirlərin rolunun olduğunu nəzərə alaraq isə deyə bilərik ki, bu prosesin yaxın gələcəkdə daha da dərinləşmə ehtimalı böyükdür. Çünki, eyni ilə Cənubi Qafqaz kimi bu region da, yəni gələcəkdə Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrut üzərində olan bu bölgə də, inkişaf etmiş ölkələrin, xüsusilə nəhəng dövlətlərin maraq dairəsindədir.

İlk növbədə onu diqqətə çatdırmaq lazımdır ki, bölgələrdə süni şəkildə yaradılan qaynar nöqtələrdən, həssas məqamlardan Rusiya məharətlə istifadə edərək, nəzarət mexanizmini əlində saxlamağa çalışacaq. Bununla yanaşı, həm də Ukraynadan dünyanın diqqətinin müəyyən qədər yayımdırılması baxımından da Orta Asiyada vəziyyətin gərgin olması Rusiyanın maraqları daxilindədir. Sözsüz ki, burada bir yanlışlıq var, çünki Orta Asiyada vəziyyət nə qədər gərgin olsa belə Qərb yalnız Ukrayna ilə maraqlanacaq və diqqəti də qəti şəkildə yayınan deyil. Türkdilli xalqların, müsəlmanların məskunlaşdığı ərazilərdə yaşanan gərginlik Qərb üçün heç zaman həyəcan təbili hesab olunmayıb və bundan sonra da narahatlıq doğuran deyil. Biz bunun Qarabağda cərəyan edən hadisələr fonunda da şahidi olduq və gördük ki, xristian ölkəsi olan Ukraynada dağıntılara görə maddi yardımlar ayrılmasına baxmayaraq, bir müsəlman ölkəsi olan Azərbaycana, türkdilli xalq olan Azərbaycan xalqına məxsus olan torpaqların, özü də vandal ermənilər tərəfindən altı üstünə çevrilən torpaqların yenidən qurulması, infrastrukturunun bərpası üçün Qərb qəti şəkildə yardım haqqında düşünmür belə. Yaxud, öz haqq işi, tarixi ədalətin bərpası uğrunda mücadilə edən Azərbaycana müharibə dönəmində həmin o Qərb Ukraynaya etdiyi yardımın, dəstəyin bir qismini belə göstərmədi, çünki bura da bir türk çoğrafiyasıdır. Elə isə türkdilli xalqların məskunlaşdığı Orta Asiya haqqında da Qərbin narahat olacağı qətiyyən inandırıcı görünmür. Buna baxmayaraq, hər bir halda, yəni səhv etsə belə Rusiya elə hesab edir ki, proseslər Qərbin diqqətini az da olsa yayındıra bilər və bu baxımdan Orta Asiyadakı mövcud gərginliyin onların maraqlarına xidmət etdiyi düşünülür.

Təbii ki, Orta Asiyadakı etnik qarşıdurmalar, eləcə də sosial narazılıqlar Qərbin diqətini yayındırmasa da, Qərb bundan narahat olmasa da, sosial etirazlardan xal qazanmağı hədəfləyəcəyi istisna edilə bilməz. Ən çox Cənubi Qafdazda Qərbin bu şəkildə maraqlarının olduğunun bu zamana qədər dəfələrlə şahidi olmuşuq və bu gün də Orta Asiyada bu maraqların olmayacağını düşünmək belə mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, Qərbin regionlara hər hansı formada müdaxilə ssenariləri insan hüquqları məsələlərinə istinadla hazırlanır. Orta Asiyada da məhz sosial etirazlar bu mənada Qərb üçün arzuolunan məqamdır və bu da həmişəki kimi işinə yarayır. Bu baxımdan deyə bilərik ki, Orta Asiyada cərəyan edən hadisələrin sadalanan pərdəarxası məqamları təkzib edilə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...