Türkiyə səfirliyində tədbir keçirilib - FOTOLAR

Bu gün Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən Sonrakı Dövrdə Azərbaycanın Sülh və Yaradıcılıq Təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və digər rəsmilər iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış edərək bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir: “Bu münasibətlərin dünyada bənzəri yoxdur. Azərbaycan strateji münasibətlərin gələcəkdə inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərən dövlətdir. Dövlət başçılarının da dediyi kimi, bu münasibətlərin dünyada nümunəsi yoxdur. Bu strateji münasibətlərin gələcəkdə daha da yüksək zirvələrə çatdırılması istiqamətində səy göstərəcəyik və səyimizi əsirgəməyəcəyik. Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərmiş qardaş dövlətdir. Türkiyənin azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də rolu çox böyükdür”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxış edərək bildirib ki, Azərbaycan-Türkiyənin əlaqələri bölgədə digər ölkələrə də örnəkdir: "Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropa təhdid altında qalıb. Bununla da təhlükəsizlik dünyanın birinci məsələsinə çevrildi. Bununla da həm qida, həm də qaz məsələsi də təhlükəsizliklə eyni səviyyəyə gəlib çıxıb. Qazın qiyməti bəlli olmadığı vaxtda məhsulun da qiymətinin necə olacağı məlum olmayacaq. Türkiyə və Azərbaycan əlaqələri hər sahədə inkişaf etdirir. Azərbaycan qazı Qərbə Türkiyə üzərindən verilir. Bizim ikimizin də təmsil olunduğumuz üçlü planformalar da var. Türk Dövlətləri Təşkilatı (TDT) daha güclü olmaq üçün işlər həyata keçirir. Bu gün TDT-nin nəzdində bir sıra təşkilatlar var. Həmin təşkilatlar vasitəsilə də bərabər hərəkət etmə zəmini yaranıb. Media sahəsində də TDT üzvləri birgə fəaliyyət göstərir. Ombudsmanlar, media, diaspora və s sahələrdə əlaqələr inkişaf etməkdədir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün TDT-yə daşınır. 30 il ərzində azərbaycanlı hərbçilər Türkiyədə təlimlər keçdilər, təhsil aldılar. 30 il ərzində Türkiyə və Azərbaycan güclənib. Nəticədə Azərbaycan Ordusunu gücləndirərək 44 gün ərzində 30 illik işğalı sona çatdırıb. Dostlar, əlinizin altında həmişə Şuşa Bəyannaməsi olsun. Onu sətir-sətir bilməliyik. Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır. Şuşa Bəyannaməsi hər birimiz üçün yol xəritəsidir. Prezidentlərimizin belə bir ifadəsi var: “Gücümüz birliyimizdədir!” Birlikdə olarsaq əlimiz daha güclü olar. Biz həmişə bir yerdə və birlikdə olmalıyıq. Şuşa Bəyannaməsi gələcək üçün bir addımdır. Ölkələrin bir siyasəti var. Şuşa Bəyannaməsi sonuna qədər müttəfiqlik əlaqəsidir. Fikrimiz müttəfiq olmaq idi. Biz də müttəfiqik. Şuşa Bəyannaməsi diplomatların da yol xəritəsidir. Şuşa Bəyannaməsi əslində Türkiyə və Azərbaycan birliyinin sarsılmaz olduğunun dünyaya elanıdır. Qonşularla əlaqələrin qurulması vacib məsələlərdən biridir. Biz qonuşularla normal əlaqələr quraraq işbirliyimizi də genişləndirməliyik. Qonşularla əməkdaşlıq önəmli və dəyərlidir”.

Daha sonra tədbir mətbuatın iştirakı olmadan davam etdirilib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...