"Azərbaycan tolerantlığın və multikulturalizmin ən nümunəvi mərkəzlərindən hesab olunur”

“Azərbaycan ərazisində zaman-zaman məskunlaşmış ən müxtəlif dini-etnik qruplar burada özlərini heç vaxt yad hesab etməmiş, yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin yaradılması və dövlət səviyyəsində qorunub saxlanılması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə tolerantlıq mühiti daha da möhkəmlənmiş, bu sahə dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşmişdir. Bu gün isə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin nəticəsi olaraq müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri ümumxalq həmrəyliyinin bir parçası olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizədə azərbaycanlılarla sarsılmaz birlik nümayiş etdirirlər. Müxtəlif dinlərin və mədəniyyətlərin tarixən qovuşduğu məkan - Azərbaycan, öz timsalında bu gün də bütün dünyaya tolerantlığın və multikulturalizmin əsl nümunəsini nümayiş etdirir”. SİA xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə dini bayramların keçirilməsi məsələsinə hər zaman xüsusi həssaslıqla, ehtiramla yanaşıb və bu ənənə hal-hazırda Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan xalqının milli və dini irsinə sonsuz hörmətlə, böyük həssaslıqla yanaşmanın ən bariz nümunəsi olmuşdur. Təsadüfi deyil ki, Ümummilli Liderimiz hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik edib, müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Dini bayramlarımıza bu münasibət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən sərgilənməkdədir. Dövlət başçısının hər il Qurban və Ramazan bayramlarında Azərbaycan xalqına təbrik müraciətləri ünvanlaması da, dini abidələrimizin mühafizəsi işini hər zaman xüsusi diqqət mərkəzində saxlaması da bunun bariz sübutudur. O cümlədən, Azərbaycanın tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk növbədə məhz məscidlərimizin bərpası barədə verilən göstərişlər də möhtərəm Prezidentimizin bu məsələlərə yanaşmada nümayiş etdirdiyi yüksək həssaslığın daha bir göstəricisidir. Həmçinin qeyd olunmalıdır ki, ölkə başçımızın rəhbərliyi ilə Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin nəticəsi olaraq Azərbaycan bu gün bütün dünyada tolerantlığın və multikulturalizmin ən nümunəvi mərkəzlərindən biri hesab olunur”.

Daha sonra deputat qeyd edib ki, bu gün ölkəmiz müsəlman dünyasının ayrılmaz hissəsi kimi islam mədəniyyətinin inkişafına, bütün dünyada tolerantlıq mühitinin təşəkkül tapmasına misilsiz töhfələr bəxş etməkdədir: “Ayrıca olaraq qeyd etmək lazımdır ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir və bu gün də həmin proses davam edir. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi isə Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində atdığı növbəti əməli addımlardan biri olmuşdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə