Təpəbaşının dağıdılmasına dünya niyə göz yumur? TƏHLİL

2020-ci ilin 27 sentyabr tarixindən etibarən Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə başa çatdı. Cənab Prezident çıxışlarını birində "44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu", - deyərək bildirib: "Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi".
İşğaldan azad olunmuş qədim tarixi torpaqlarımızda Ermənistanın hərbi birləşmələri yaşayış yerlərini, insan məskənlərini, eləcə də milli mədəniyyət, dini abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən 30 ilə yaxın işğalda qalan ərazilərimizdə 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalmışdı. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı idi. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdılıb. Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstəriblər.

UNESCO-NUN BAŞ DİREKTORU ODRE AZULEYƏ MÜRACİƏT ÜNVANLANIB

Bu gün İrəvan şəhərində olan Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi də acınacaqlıdır. Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi məqsədi ilə təcavüzkar siyasət davam etdirilir. İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hələ də davam edən Azərbaycan irsinin sistemli dağıdılması prosesi həyata keçirilir. Artıq Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. Qeyd edək ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var. Əlbəttə ki, belə bir abidənin Təpəbaşının məhv edilməsinin qarşısının alınmasına dünya ictimaiyyətinin göz yumması yolverilməzdir. Xüsusi ilə UNESCO tərəfindən etinasızlıq göstərilməməlidir. Bu, dünya mədəni irsinin bir hissəsidir. İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanıb.

ERMƏNİ VANDALLIĞI UNESCO-NUN "ÜMUMDÜNYA MƏDƏNİ VƏ TƏBİİ İRSİN QORUNMASI HAQQINDA" KONVENSİYASINA ZİDDİDİR

Qubadlı rayonunun azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması da təcavüz siyasətin bariz sübutudur. İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv edilməsi barbarlığın, vandallığın nümunəsidir.
Ermənilərin bu əməli "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqişələr zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir.
Tarixi ədaləti bərpa edən Azərbaycan 30 ilə yaxın işğalda qalan ərazilərin erməni təcavüzkarlarından azad etdikdən sonra abadlıq-quruculuq işlərinə başlayıb. Cənab Prezident çıxışlarını birində "Gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik". Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikəcək, yenidən bərpa edəcəkdir. Artıq bir neçə abidlərin təmir və bərpası işləri davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə