QOŞULMAMA HƏRƏKATI - ƏDALƏTLİ DÜNYA UĞRUNDA TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi”

Son günlər ölkəmiz ardıcıl olaraq yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir. İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı Prezident İlham Əliyev cənablarının dediyi kimi: «Burada - Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm”.

TOMAS DE REMENTERİA: “PREZİDENT İLHAM ƏLİYEVİN SƏDRLİYİ DÖVRÜNDƏ ATILAN ADDIMLAR QOŞULMAMA HƏRƏKATININ İNKİŞAFINA ÖZ TÖHFƏSİNİ VERDİ”

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox mühüm addımlar atıldı. Bu addımlar Hərəkatın inkişafına öz töhfəsini verd”. Bunu Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçısı, Çili Nümayəndələr Palatasının üzvü Tomas de Rementeria deyib.“Azərbaycanda olduğum üçün çox şadam. Bakı gözəl şəhərdir. Ötən illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu gün çox gözəl tədbir olacağını düşünürəm”, - deyə T.Rementeria vurğulayıb.

QOŞULMAMA HƏRƏKATININ ROLU YENİDƏN PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI XARİCİ SİYASƏT KURSU SAYƏSİNDƏ ARTMAQDADIR

Sirr deyil ki, bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan hərəkat konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. Onu da vurğulamaq lazımdır ki, beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu. Prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməlidir, lakin hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı.

PREZİDENT İLHAM ƏLİYEVİN QOŞULMAMA HƏRƏKATINA SƏDRLİYİNİN BİR İL UZADILMASI AZƏRBAYCAN LİDERİNİN QLOBAL NÜFUZUNDAN QAYNAQLANIR

Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində QH ölkələrinin bu etimadını yüksək qiymətləndir və təşkilata sədrliyini uğurla davam etdirir. Bu qərar Azərbaycanın və Azərbaycan lideri İlham Əliyevin qlobal nüfuzundan qaynaqlanır. Və təbii ki, bu nüfuz Prezident İlham Əliyevin Azərbaycanın hərəkata sədrliyi dövründə həyata keçirdiyi siyasətin nəticəsində əldə olunub. İndi isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi də bunun göstəricisi hesab oluna bilər. Sirr deyil ki, Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir. Budəfəki Zirvə Toplantısındakı çıxışı zamanı da Azərbaycan Prezidenti Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətinə toxunaraq, bunu BMT və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə zidd olduğunu qeyd etdi. Eyni zamanda, Ermənistanın beynəlxalq platformadakı növbəti ifşası zamanı Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndləri qəsdən dağıtdığını, bütün mədəni və dini abidələri məhv etdiyini bütün dünyanın diqqətinə çatdırdı.“Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi”, - deyə Azərbaycan Prezidenti çıxışında qeyd etdi. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev budəfəki çıxış nitqində də ölkəmizə mühüm müsbət imic qazandırdı.

“MƏN DƏ QOŞULMAMA HƏRƏKATINA ÜZV ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARI İLƏ MƏSLƏHƏTLƏŞMƏLƏRİMİ DAVAM ETDİRƏCƏYƏM”

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə deyib: «Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəyəm”.Həmişə qlobal təşəbbüslər müəllifi Prezident İlham Əliyevin əməkdaşlıq və həmrəyliyə xidmət edən təşəbbüsləri beynəlxalq səviyyədə təqdir edilir. Xüsusilə də, uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq artmasını təmin edib. İnkaredilməz faktdır ki, son 19 ildə Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Belə ki, keçirilən Bakı konfransında Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın prioritetlərini açıqlayaraq qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq Prinsipləri üzərində quracaq: “Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq Prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Qoşulmama Hərəkatı çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür”.

Prezident İlham Əliyev, həmçinin Azərbaycanda gənclər siyasətinin prioritet sahə kimi müəyyən edildiyini diqqətə çatdırıb: “Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alır. Ona görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə gənclər sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak ediblər”.Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 19 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir. Nəticədə isə, dövlət başçımızın dediyi kimi: «Biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə