Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti

Uzaqgörən siyasətçi, istedadlı lider Heydər Əlirza oğlu Əliyev həyatı boyu Azərbaycanın inkişafı üçün çalışmış, hər zaman, hər yerdə xalqının mənafeyini qorumuşdur. "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”. Ulu Öndər Heydər Əliyev bu sözlərinə həyatı boyu əməl etmiş, tutduğu vəzifədən, yaşadığı yerdən, sağlamlıq durumundan asılı olmayaraq hər zaman Azərbaycanın mənafeyini qorumuşdur. Onun ən böyük arzusu isə işğal altında olan torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. Ulu öndər torpaqlarımızın düşmən tapdağı altında olması, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin salınması, minlərlə insanın şəhid olması faktı ilə barışa bilmirdi.

İkinci dəfə ölkəmizin rəhbərliyinə qayıtdıqdan sonra Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq sözünü deyir, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdı.

"Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur" deyən öndər bu ədalətsizliyə son qoymaq üçün əlindən gələni edirdi. Onun böyük səyi nəticəsində 1994-cü ildə atəşkəs elan edildi. Münaqişənin həlli üçün bir çox təşəbbüslər irəli sürüldü, beynəlxalq təşkilatlar nəhayət bu problemin müzakirəsini gündəmə gətirdi. Və bu gün "Dağlıq Qarabağ münaqişəsi" adlı bir problem yoxdur. Uzun illər xalqımızın arzusunda olduğu Qələbə qazanıldı. Bu qələbənin bünövrəsi dahi öndər tərəfindən qoyulmuş düzgün daxili və xarici siyasət oldu. Onun davamçısı olan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli qərarlarını rəşadətli ordumuz yerinə yetirdi. Beləliklə də Heydər Əliyevin ən böyük arzusu, vəsiyyəti yerinə yetdi.

Ulu Öndər çıxışlarının birində demişdi: "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik.! İnanın ki, gedəcəyik!" Çox böyük inamla, arxayınlıqla deyilən bu sözlər çin oldu.

Prezidentimizin qürurla söylədiyi bu sözlər 2020-ci il noyabrın 8-də hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Əziz Şuşa! Sən azadsan. Əziz Şuşa! Biz qayıtmışıq!"

Sevinc Eminova​

Bakı şəhəri 4 nömrəli uşaq incəsənət məktəbinin nəzəriyyə müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə