Ordumuzu Zəfərə aparan hərbi-diplomatik strategiya - Aydın Quliyev yazır

"Tülkü Sarkisyan" anlayanda artıq gec idi...

Bu gün Azərbaycan ordusunun dərin ideya-vətənpərvər yüklü şəxsi heyəti və yüksək hərbi-texniki təminatı kimi iki mühüm güc mənbəyindən danışmamaq mümkünsüzdür. Bu gücləri yaratmaq kimlərəsə sadə iş kimi görünə bilər. Deyilə bilər ki, varlı bir ölkədə ordunu ən müasir hərbi texnika və sursatla, rəqəmsal texnolgiyalarla təchiz etməyə nə var ki?! Təki pul olsun və sair. Təbii ki, konkret məqsədə yönəlmiş ordunu qurmağa ilk növbədə böyük maliyə vəsaiti lazımdır. Fəqət maliyənin hesabına yüksək təchizatlı ordunu qurmaqla iş bitirmi? Tarixdə sayca çox və həm də yaxşı silahlanmış ordunun məğlubiyyətinə dair faktlar azmı olub? Və ya azsaylı və ortabab silahlanmış ordunun özündən qat-qat artıq orduları darmadağın etdiyini az eşitmişik? Məsələ belədir ki, hərbi-texniki təchizatla bərabər ordunun şəxsi heyətinin ideya-psixoloji və mənəvi hazırlıqlı olması da az əhəmiyyətli deyil.

Lenin haqlı yazırdı ki, bir ordunun ki, əsgəri nəyin və hansı amalın uğrunda döyüşdüyünü bldi, anladı, onu məğlub etmək asan olmaz. Düz sözə nə deyəsən... Əsgərləri, ordunu hətta qeyri-bərabər və ağır şəraitlərdə döyüşdən-döyüşə ruhlandırıb aparan məhz budur. Məşhur Çanaqqala döyüşündə öz çəkisindən bir neçə dəfə ağır mərmini məsafədən tək götürüb topun lüləsinə tıxan əsgərin özü üçün də həmin anda bu gücün ona hardan gəldiyini anlamaq çətin idi. Təbii ki, ilahidən gələn bir hökmlə bərabər həmin Osmanlı və imanlı əsgərin içindən gələn vətən sevgisi də ona öz çəkisindən ağır yükü quş kimi yerdən qaldırmaq gücü vermişdi. Elə çətin bir döyüşdə ki, həmin döyüşün "əşyayi-dəlili" kimi havada bir-birinə girmiş iki qurğuşun güllə bu gün də - 100 il sonra muzeylərin ən ilginc eksponatı kimi insanları riqqətə gətirir...

Lenin bir daha haqlı idi... Ruhu və vətən sevgisi olmayan əsgər-zabit nə şəhid, nə qazi, nə də "Müzəffər" ola bilər. Olsa olsa, mənəvi düşgünlərdən və fərarilərdən ibarət şərəfsiz bir topluma çevrilə bilər. Bu böyük həqiqətləri Vətən müaribəsində Azərbaycan əsgəri bir daha sübut etdi. Qismətinə yazılan kimsə qazi, kimsə şəhid oldu. Arxalarınca isə bircə nəfər belə fərarisi olmayan, torpaqarını azad etmiş, ruhən daha da bərkimiş şərəfli və məğrur ordu qaldı... Bir də ayrı-ayrı elementlərdən ibarət qələbə resurslarını bir araya toplayaraq "haqsız durumda özündən müştəbeh" düşmənin üstünə sel kimi yönəldə bilən Qalib Baş Komandan... "İnamlı və imanlı əsgər, ürəkli zabitlər" Vətən müaribəsindən çıxmış ordumuzun tarixlər boyu yaşayan əlaməti kimi qalacaq.

Azərbaycan ordusunun böyük Zəfərə qədər formalaşma yolu zahirən sadə, mahiyyətcə mürəkkəb proses oldu. "Pul olandan sonra güclü ordu qurmağa nə var ki" deyənlərin bəsit məntiqindən çıxaraq məsələnin mahiyyətinə həqiqətdə olduğu kimi bir qədər qəliz baxmaq lazımdır. Əvvala, axı həmin pul da "bacadan havayı tökülmürdü" və onu da qazana bilən "Oğul" lazım idi... Ölkənin təbii sərvətinin olması hələ məsələnin hamısı deyil ki... Torpağından qızıl yığılan, lakin daxili qanlı toqquşmaların içində zirdəst qalan az ölkələr var? Zəngin təbii sərvətli hər ölkənin bu sərvətləri sabitlik şəraitində yığıma çevirə bilən ağıllı lideri olsaydı, nə var idi ki?...

Təbii sərvətləri-nefti, qazı, qızılı ictimai və dövlət əhəmiyyətli yığım fonduna çevirmək də hələ məsələnin hamısı deyildi. Elə bilirsiniz ki, dünyanın hər ölkəsində təbii sərvətlərin satışından gələn vəsaiti güclü milli ordu qurmağa yönəltməyə imkan verirlər? Ağzını əjdaha kimi açmış bəzi dövlətlərin belə bir yırtıcı prinsipi var - "sənin neft və qazını aparıb əvəzində verdiyimiz milyardlarla dollar və avronu ixrac etdiyimiz avtomobillərin, soyuducul arın, kondisionerlərin, kompyüterlərin, bəzi sadə texnologiyaların, ərzaq və dərmanların əvəzində yenə özümüzə qaytarmalısınız"...

Xatırlayaq.. Erməni işğalının post-faktum nəticələri ilə barışmağa Prezidentimizi nə qədər məcbur etməyə çalışdılar?!. Hətta saziş imzalatmağa çalışdılar ki, dünya dağılsa da, münaqişəni hərbi yolla həll etməyə çalışmayacaqsınız.. .Azərbaycana ən müasir silah və sursatların, texnikaların satışını əngəlləmək üçün sonsuz çabalar göstərdilər.. Prezidentimizi şantaj etmək istədilər ki, apardığınız silahlanma siyasəti bölgədə hərbi balansı pozaraq regional və qlobal sülhü təhdid edir... Dünya erməni lobbisi Azərbaycanın guya qaçaq yollarla silahlandığına dair Əliyevin əleyhinə yüzlərlə qərəzli yazılar yazdırdılar..İmkanları çatan qədər Türkiyə və İsrailə,Belarus və Pakistana Azərbaycanla əməkdaşlığı zəiflətməsi üçün təsir etməyə çalışdılar. Alınmadı... Prezident Əliyev möhkəm dayanmışdı, dinc sülh danışıqlarını aparmaqla yanaşı, inadla onu da israr etdi ki, təcavüzə məruz qalmış ölkənin güclü ordusu olmalıdır və ordu quruculuğuna hər il artan templə büdcədən vəsait ayırmaq təcavüz qurbanı olmuş Azərbaycanın təbii haqqıdır. Əliyevin hərbi-diplomatik strategiyası özünü doğrultdu. Qoy heç kim düşünməsin ki, hər Madrid, Praqa, Kazan, Varşava, Moskva görüşündən nəticəsiz qayıdandan sonra ordunu daha intensiv şəkildə "son müharibəyə" daha inadla və həvəslə hazırlaşdırmaq Azərbaycan Prezidentinə asan başa gəlirdi. "Sülh və diplomatik yolla həll" deyən məlum böyük qüvvələrlə döş-döşə gəlmək asan deyildi.

Düzgün seçilmiş hərbi-diplomatik strategiya Azərbaycan ordusunu və bütün silahlı qüvvələri son Qarabağ Zəfərinə apara bilən səviyyəyə gətirildi. Yəni təklikdə böyük maliyyə ehtiyatları ilə arxayınlaşmadan həm də bu imkanı güclü orduya yönəltməyə mane olanlara qarşı çevik diplomatik kurs seçildi. Əliyevin hərbi-diplomatik strategiyasının mahiyyəti bu idi... 2016-cı ilin Aprel döyüşlərindən sonra Ermənistanın və şəxsən "tülkü Sarkisyanın" bu strategiyadan duyuq düşərək Azərbaycan ordusunun nəyə hazırlaşdığından aşkar ifadə etdiyi əndişəni unutmaq olmaz. Elə məhz o vaxtlardan Sarkisyan 2050-ci ilə hesablanmış hərbi quruculuq planlarından dəm vurmağa başlamışdı. Lakin artıq gec idi... Azərbaycanın hərbi-diplomatik strategiyası Ermənistan üçün qarşısı alınmaz güc və sürətlə vüsət götürmüşdü...

Beləliklə, ölkə daxilində sabitliyi möhkəmləndirmək, bütün daxili resursları müharibə naminə toparlamaq, beynəlxalq əlaqələrin gücləndirilməsi, tarixi ərazilər naminə ədalətli müharbə hazırlıqlarını Azərbaycanın doğal haqqı kimi dünya dövlətlərinə yedizdirmək və ən müasir ordu ilə ortaya çıxmaq -Azərbaycanı Zəfərə aparan hərbi-diplomatik strategiyanın dolğun düsturuna çevrildi. Təbii ki, milli Silahlı qüvvələrimiz və onun düzgün idarə edilməsi bu strategiyanın yenilməz sütunu oldu... Prezidentimiz "Sülhdən başqa yol yoxdur" kimi güclü beynəlxalq basqıların altında milyardlarla vəsaiti alternativsiz yol kimi ordu quruculuğuna yönəltməyi misilsiz qabiliyyətlə bacardı...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...