Siyasi partiya sədrlərinin ZƏNGİLAN TƏƏSSÜRATLARI - SİA-YA DANIŞDILAR

Ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə media nümayəndələrinin bu gün Zəngilan rayonuna səfəri təşkil olunub. Səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə reallaşıb. Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edib. Onlar əvvəlcə Cəbrayıl rayonuna səfər ediblər. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən iştirakçılara aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib. Daha sonra isə partiya sədrləri Zəngilan rayonuna yola düşüblər. Onlar rayonda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olublar.

SİA mövzu ilə bağlı Zəngilana səfər edən siyasi partiyaların rəhbərləri və politoloqların səfərlə bağlı təəssüratlarını öyrənib:

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, onlar hazırda Zəngilan rayonunun Ağalı kəndindədirlər: "Bundan öncə Həkəri çayına balıq növlətinin buraxılması ilə bağlı mərasimdə iştirak etdik. Prezident Administrasiyası tərəfindən təşkil edilmiş, ictimai-siyasi xadimlər də daxil olmaqla partiya rəhbərlərinin də iştirak etdiyi bu səfər hesab edirəm ki, düşünülmüş ağıllı bir addımdır. Partiyalar arasında bir günlük səfər boyunca təmaslar qoyulur, fikir mübadiləsi aparılır, həm də işğaldan azad olummuş ərazilərimizi görürük. Digər tərəfdən də qürur hissi keçiririk. Qarabağda aparılan abadlıq-quruculuq işləri ilə tanış oluruq. Hesab edirəm ki, 28 ildən artıq bir müddətdə erməni işğalı altında qalan bu ərazilərimiz yavaş-yavaş laləzar bir bölgəyə çevriləcək. Gələcəkdə insanlar bu bölgədə rahat və əmin-amanlıq içərisində yaşayacaqlar. İşğaldan azad olunandan sonra dövlət tərəfindən bu bölgəyə xüsusi diqqət yetirilib. Hazırda bu torpaqlarda çox böyük işlər gedir. Belə dövlət başçısı, belə ordusu olan bir xalq heç vaxt torpaqlarımızın bir qarışını belə kiminsə işğal etməsinə icazə verməyəcək, əksinə ermənilərin törətdiyi vandalizmin aradan qaldırılmasında işlər görüləcək".

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin sözlərinə görə, o, Zəngilana birinci dəfədir ki, səfər edir: "Heç vaxt oranı görməmişəm. Xoş hislər keçirirəm. İqtidarla müxalifətin bir yerdə səfər etməsi, Ermənistanın törətdiyi vəhşiliklərə şahidlik etməsi vacibdir. Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də gördükləri işlər barədə məlumat verəcəklər. Bu tip səfər ilk dəfədir ki, belə formatda keçirilir. Müxalifət partiyaları da hökumətin gördüyü işlər barədə məlumatlandırılır və həm də onların iştirakı ilə aksiyalar keçirilir. Yəqin ki, həm ağacəkmə, həm suya balıqların buraxılması və digər məsələlər də olacaq. Bunlar siyasi münasibətləri sivilləşdirir və bu cür tədbirləri yüksək qiymətləndirirəm".

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun fikirlərinə görə, partiya rəhbərlərinin Zəngilan səfəri Azərbaycanın siyasi həyatında çox mühüm hadisə kimi qiymətləndirilməlidir: "Bu səfərdə demək olar ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyətinin rəhbərləri iştirak ediblər. Əvvəlcə Cəbrayılda ANAMA-nın mina təmizlənmə işləri ilə tanış olduq. Daha sonra isə Zəngilana gəldik. Zəngilanda Həkəri çayına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi balıq buraxma mərasimində iştirak etdik. Burada iki növ balıq Həkəri çayına buraxıldı. Daha sonra isə Zəngilanın Ağalı kəndinə gəldik. Burada yaradılan şəraitlə tanış olduq. Bu kənddə öz dədə-baba yurdlarından ayrı düşmüş qaçqın və məcburi köçkünlərimiz üçün çox gözəl şərait yaradılıb. Onların burada yaşaması, işləməsi üçün tələb olunan hər şey yüksək səviyyədə qurulub".

Politoloq Zaur Məmmədov bildirib ki, hər bir ölkə üçün siyasi sabitlik, siyasi partiyalar arasında sistemli iş çox vacibdir: "1990-cı illərin əvvəllərində Azərbaycanda, eyni zamanda 2013-2014-cü illərdə Ukraynada bir neçə dəfə bunun şahidi olduq. Cəmiyyət arasında, siyasi partiyalar arasında pərakəndəlik hansı nəticəyə gətirib çıxartdığının şahidi olmuşuq. 44 günlük Vətən müharibəsindən bir qədər əvvəl Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində bu istiqamətdə ciddi işlər həyata keçirildi. İlk dəfə olaraq dövlət və siyasi partiyalar arasında dialoq başladı. Nəticə etibarilə artıq müharibə vaxtı partiyaların Prezidentə verdiyi dəstəyin, dövlət-xalq birliyinin şahidi olduq. Əlbəttə ki, 44 günlük Vətən müharibəsi başa çatsa da, informasiya müharibəsi hələ də davam edir. İqtidar-müxlifət dialoqunun nəticəsi müharibə vaxtı özünü göstərdi. Müharibə dövründə siyasi partiyaların Ali Baş Komandana dəstək verdiyini, xalq və dövlət arasında ciddi şəkildə birliyin şahidi olduq. Bu gün də həmin istiqamətdə işlərə ehtiyac var. Bildiyimiz kimi bu gün siyasi partiyaların Zəngilana səfər etməsi, səfər çərçivəsində bu ərazilərdə gedən quruculuq-abadlıq işləri ilə tanış olmaları mühüm hadisədir. Azərbaycanda siyasi partiyalarla hakimiyyət arasında sıx dialoq mövcuddur. Əlbəttə ki, hakimiyyətin apardığı islahatlar bilavasitə vacib nüanslardan biridir".

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimlinin sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərə ölkədə müxtəlif təbəqələri təmsil edən insanların bölgəyə səfərləri təşkil olunur. O cümlədən də bu səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkil etdiyi dördüncü səfərdir. Hazırda biz Zəngilanın Ağalı kəndindəyik. Biz burada gedən abadlıq-quruculuq işləri tanış oluruq. Ermənilər bu torpaqları darmadağın ediblər. Əgər onlar Qarabağın Ermənistana aid olduğunu hesab edirlərdisə, o zaman bu torpaqlarda vandallıq etməzdilər. Onlar çox yaxşl bilirdilər ki, bu torpaqlarda müvəqqətidirlər. Burada artıq abadlıq-quruculuq işləri başlanılıb. Bildiyimiz kimi ermənilər bu əraziləri işğal altında saxlayan zaman ekologiyaya çox ciddi zərər vurublar. Bu bölgənin dirçəldilməsinin şahidi oluruq. Burada çox ciddi arxitektura qurulub. Düşünürük ki, Qarabağın bütün bölgələri inkişaf etdiriləcək. Birmənalı şəkildə Prezident İlham Əliyevə minnatdarlığımı bildirirəm. Biz öz doğma torpaqlarımıza artıq rahat şəkildə gələ bilirik. Bundan sonra bu torpaqlar daim Azərbaycan torpaqları olaraq qalacaq".

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib ki, 44 günük vətən müharibəsində əldə olunan qələbə nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız düşmən işğalından azad olundu: "2020-ci il 10 noyabr üçtərəfli bəyanatı Azərbaycanın qəti qələbəsinin rəsmi təsdiqinə çevrildi. Məhz bundan sonrakı post-müharibə dövründə işğal altında olmuş torpaqlarımıza qayıtmağımız mümkün oldu. Bu səfər işğaldan azad edimiş regionlarımıza siyasi partiya sədrlərinin 4-cü səfəridir. Biz Ağdamda, Şuşada olmuşuq. Ağdam səfərimiz zamanı erməni barbarlarının törətdiyi vəhşiliklərlə yaxından tanış olmuşduq. Zəngilana səfərimiz isə bir başqa xarakter daşıyır. Biz bu gün Azərbaycanın quruculuq dövrünün reallıqları ilə tanış oluruq. Bu abadlıq-quruculuq fəaliyyəti özünü Zəngilan rayonunun Ağalı kəndinin timsalında daha yüksək səviyyədə göstərir. Bu bir daha onu göstərir ki, güclü iqtisadiyyata, hərbi potensiala, siyasi-diplomatik imkanlara, müsbət beynəlxalq imicə malik olan Azərbaycan istənilən strateji hədəfi vaxtında və dəqiq yerinə yetirmək əzmindədir. Postmüharibə dövrü də bu gerçəkliyi ifadə etməkdədir. Azərbaycan yeni mərhələdə qarşıda duran hədəfləri qətiyyətlə reallığa çevirir.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Bundan əlavə kənddə “Aqroservis” ASC tərəfindən “Ağıllı kənd” təsərrüfatı idarəetmə sistemi qurulub və orada da ən müasir texnoloji yeniliklər tətbiq olunmaqdadır. Bütün bunlarla tanış olduqca Azərbaycan dövlətinin apardığı meqafaliyyətə heyran qalmamaq mümkün deyil. Azad edilmiş ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi ictimai, siyasi, iqtisadi, mədəni, humanitar və strateji əhəmiyyətə malikdir. Bütövlükdə, bu səfərlər, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması müzəffər xalq kimi qayıtdığımızı, qurucu xalq kimi yaradacağımızı nümayiş etdirir. Möhtərəm Prezident İlham Əliyev də bildirmişdi ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”. Erməni vəhşiliyinin qurbanına çevrilmiş torpaqlarımızda qurulan yeni şəhərlərimizin, kəndlərimizin müasir, innovativ şəkildə yenilənməsi, həm də öz tarixi keçmişini əks etdirməsi bir daha qazandığımız Zəfərin böyüklüyünü özündə ehtiva etməkdədir. İnanırıq ki, Azərbaycan bütün dünyaya öz gücünü, quruculuq qabiliyyətini nümayiş etdirəcək.

Siyasi partiyalar arasında dialoq mühitinin daha da dərinləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün çox mühüm əhəmiyyətə malikdir. 2020-ci il Vətən müharibəsi zamanı ölkəmizdə siyasi qüvvələrin birlik nümayiş etdirməsi, bütövlükdə, milli həmrəylik qələbənin əldə olunmasında müstəsna rol oynadı. Bu mənada, indiki halda bu birlik, həmrəylik ölkəmizin apardığı uğurlu siyasətə güc qatır. Postmüharibə dövründə ölkəmizdə davam etdirilən siyasi dialoq sabitliyin möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, bəzi qərəzli xarici qüvvələrin ölkə daxilində hər hansı bir siyasi qarşıdurma yaratmaq istəklərinin də üstündən xətt çəkmiş oldu. Biz hər bir məsələyə obyektiv, rasional düşüncə əsasında qiymət verilməsinin tərəfdarıyıq. Azərbaycan xalqı və dövləti böyük sınaqlardan keçib. İstənilən milli məsələdə yumruq kimi birləşməliyik. Döyüş meydanında qazandığımız qələbəni möhkəmləndirmək, milli hədəflərimizə doğru inamla addımlamaq üçün birliyimizi, həmrəyliyimizi qorumalıyıq. Fikrimcə, bu kimi səfərlər, dövlət strukturları ilə siyasi parityalar arasında keçirilən görüşlər, məsləhətləşmələr ölkənin inkişafına müsbət təsirlər göstərir. Sosial Rifah Partiyası hər zaman bu həmrəyliyin tərəfdarı qismində çıxış edib. bizim ən mühüm prioritetimiz dövlətimizin inkişafı, xalqımızın firavanlıq və rifah içində yaşamasıdır. Bu yolda isə bütün gücümüzlə dövlətimizin yanındayıq".

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib ki, onlar hazırda Zəngilanda qurulan abadlıq-quruculuq işləri ilə tanış oluruq: "Bu bizim üçün çox qürurvericidir. Hər bir Azərbaycan vətəndaşı bununla fəxr etməlidir. Hesab edirəm ki, bu, 2020-ci ildə başlanmış iqtidar-müxalifət münasibətlərinin yeni bir mərhələsidir. Hansı ki, iqtidar və müxalifəti milli və dövlətçilik məsələlərində iqtidar və müxalifət kimliyini kənara qoyur. Hesab edirəm ki, iqtidar-müxalifət dialoqu bu gün uğurla həyata keçirilir. Hesab edirəm ki, bu kimi səfərlər Azərbaycanda yeni bir siyasi ənənənin təməlini qoymuş olacaq. Bu səfərdə siyasi partiyaların böyük əksəriyyəti iştirak edir. Düşünürəm ki, heç vaxt güclü partiya ölkədə siyasi sistemin dəyişilməsi istiqamətində iradəsini ortaya qoyar və dialoqda mövqeyini ifadə edər. Gəlməyənlər, iştirak etməyənlər dövlətinin, millətinin uğurunu görüb həzm edə bilməyənlərdir. Hesab edirəm ki, bu gün baş tutmuş səfər tarixi səfərdir".

Xatırladaq ki, ölkənin demokratik məzmunlu siyasi dialoq təcrübəsini zənginləşdirən siyasi partiya rəhbərlərinin birgə səfərləri daha öncə Ağdam və Şuşa şəhərlərinə təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri ötən il martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfər oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Ölkə siyasiləri üçüncü dəfə Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə cari il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak etmək üçün birgə səfərə çıxıb, Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar iqtidar tərəfindən təşkil olunmuş rəsmi dövlət tədbirində iştirak ediblər.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə