Ordumuz inkişafının yeni mərhələsinə qədəm qoyub

Dövlətin qüdrətini nümayiş etdirən əsas atributlardan biri və mən deyərdim ki, birincisi ordudur. Təsadüfi deyilməyib ki, ordum varsa, yurdum var. Dövlət sərhəddən başlayır, sərhəd isə namusdur, qeyrətdir. Azərbaycan xalqı döyüşkən türk xalqlarının ən cəsarətli, ən mərd və ən müdriklərdindəndir. Cəmiyyətimizdə hər zaman ordu mənsublarına xüsusi hörmət, qayğı və məhəbbət olub.

Uzun illər istər Rusiya İmperiyasının, istərsə də Sovetlər Birliyinin tərkibində yaşadığımız zamanlarda həmin quruluşların ordularında ən yüksək səviyyədə təmsil olunmuşuq. Xüsusi qeyd etməliyəm ki, imperiyalar döyüşkən türk qanımızı nəzərə alıb üsyankar xarakterimizə əsaslanaraq bizi ordu ilə bağlı bütün işlərdən kənarlaşdırırdılar. İstəmirdilər ki, müharibə qanunların bilək, müasir ordu birliklərinin sirrlərinə yiyələnək. Bilirdilər ki, əlimizə silah aldığımız an müstəqilliyimizi də əldə edəcəyik.

Ordu həm də milli təfəkkürün, milli özünüdərkin məntiqi nəticəsidir. Ordusu olmayan bir xalq milli maraqlarının müdafiəsi istiqamətində cəsarətli addımlar ata bilməz. Milli sözü ilə başlayan heç bir amilin, arzunun ordusuz gerçəkləşməyəcəyini yaxşı bilən babalarımız müzəffər ordunun əsasını məhz 104 il əvvəl qoyublar.

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Müasir ordu quruculuğumuzun da əsası müasir dövlətçiliyimizin əsası ilə təxminən eyni vaxtlarda qoyulmuşdur. 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Çünki cümhuriyyətçi babalarımız dərk edirdilər ki, ordu dövlətçiliyin əsas atributudur.

Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi, davamçısıdır. Azərbaycanın indiki rəşadətli ordusunun döyüş ruhu, cəsarəti məhz Cümhuriyyətin yadigarıdır. Baxmayaraq ki, AXC öz hədəflərinə çata bilmədi və süqut etdi. Onun süqutunun obyektiv və subyektiv səbəbləri vardır. Lakin yanlış siyasi qərarları, dövrün tarixi hadisələrinin diqtəsini yenicə qurulmuş ordumuzun üzərinə yazmaq olmaz. Çünki hələ 104 il əvvəl ordumuz Qafqaz İslam Ordusu ilə birgə daşnaksutyun partiyasının mənsublarına, sovet hakimiyyəti qurmaq üçün Azərbaycana göndərilmiş bolşeviklərə və digər milli, dünyəvi düşmənlərimizə qarşı var gücü ilə mübarizə aparıb.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu 20 aprel 1920-ci ildə baş versə də, Bakı və AXC təslim olmağa məcbur olsa da, ölkənin digər ərazilərində xalq üsyanları davam edirdi. Maraqlı bir məqamı xüsusi qeyd edim ki, 30-cu illərin əvvəllərində Mircəfər Bağırov Moskvaya yazaraq bildirib ki, AXC-nin süqutundan sonra Azərbaycan ərazisində 54 üsyan yatırdılıb. Onu da vurğulamaq istərdim ki, bir çox hallarda üsyanların yatırdılması bolşeviklər üçün baha başa gəlirdi. Çünki AXC-nin ordusunun peşəkar zabitlərindən təşkil olunmuş üsyan qrupları ilə mübarizə elə də asan məsələ deyil idi.

90-cı illərin əvvəlində Sovetlər Birliyinə qarşı ən ciddi etirazlar məhz Bakıda baş verirdi. Elə ən böyük cəzanı da ölkəmizə tətbiq etdilər. Yüzlərlə insan Bakının mərkəzində Sovet ordusunun “süngüsündən” keçdi. Bir söz var, deyərlər ki, bir müsibət min nəsihətdən yaxşıdır. Əlbəttə, vətəndaşlarımızın öldürülməsi arzuolunmaz haldır. Lakin 20 Yanvar hadisəsi və Qarabağda baş verənlərdən sonra Sovet ordusuna canını, varını və övladlarını qurban verən xalqımız əyani gördü ki, bu hadisələri edən ordu onun ordusu ola bilməz. Naxçıvanda müstəqilliyimizin bərpası ilə bağlı ilk qərarlar o zamanlar verilsə də, Bakıda hələ də əli insanların qanına batmış qızıl orduya ümidlər var idi.

Xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin bütün sahələrini olduğu kimi ordu quruculuğunu da dirçəltdi. Ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Əslində Ulu Öndər Heydər Əliyev hər şeyə sıfırdan başlamamışdı. Özünün birinci hakimiyyət illəri ərzində atdığı addımları davam etdirdi. Cəmşid Naxçıvanski adına Hərbi Lisey Ümummilli Liderin Azərbaycan xalqına verdiyi böyük töhfələrdən yalnız biridir. Müstəqilliyimizin bərpasından sonra ordunun əsasını və generalların isə demək olar ki, hamısını Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil edirdi. Bu gün də ordumuzun əsasını bu hərbi liseyin məzunları təşkil etməkdədir.

Ulu Öndər Heydər Əliyev yalnız ölkəmizə siyasi sabitlik, atəşkəs gətirməmişdir. O eyni zamanda da müstəqil Azərbaycan Respublikasının ilk hərbi qələbəsi olan Horadiz əməliyyatının da banisi olmuşdur. Ordumuzda olan ruh düşkünlüyünün aradan qaldırılmasına xidmət edən bu əməliyyat gələcək zəfərlərimizin də rəhni olmuşdur. İqtisadi uğurlarımızı ordu quruculuğuna yönləndirən dövlətimiz sonda möhtəşəm bir zəfərə imza ata bilib.

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan ordusu tam yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan heç bir hərbi blokun üzvü olmasa da ordu quruculuğunda onun yolu və yönü hər zaman müasir NATO ordularının inkişaf tendensiyasına uyğun hesablanıb. Türkiyə ilə olan yaxınlıq və qardaşlıq duyğuları praktiki olaraq ordu quruculuğuna sirayət edib. Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir. Dövlət başçısı uzun illər ordu quruculuğuna şəxsən nəzarət edib və hal-hazırda da etməkdədir. Ali Baş Komandan dəfələrlə bütün dünyanın gözünün içinə düz baxaraq torpaqlarımızın işğalı faktı ilə barışmayacağımızı və son nəticədə haqqımız olan torpaqlara sahib olacağımızı dilə gətirib. Dünyanın bütün təqib və təzyiqlərinə rəğmən ordu quruculuğumuz davam edib.

Siyasi və iqtisadi müstəqilliyimiz kimi ordu quruculuğu məsələsində də müstəqilliyimizi təmin etmək üçün müdafiə sənayesinin inkişafına böyük əhəmiyyət verilir. Ölkəmiz hətta müharibədən sonra külli miqdarda müasir silah və sursat almışdır. Amma eyni zamanda da bu gün Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Ölkəmiz demək olar ki, ənənəvi silahların bütün növlərini özü istehsal etmək qabiliyyətinə malikdir. Lakin məqsəd müasir silahların, xüsusi ilə də PUA-ların tam istehsalını həyata keçirməkdir. Türkiyə Respublikası ilə bu sahədə böyük əməkdaşlıq edən dövlətimiz hər gün daha çox güclənməkdədir.

Azərbaycan sosial-hüquqi dövlətdir. Hər bir vətəndaşı kimi ordu mənsublarının da sosial problemlərinin həlli çox əhəmiyyətli hadisədir. Döyüş qabiliyyətinin artırılmasına xidmət edən əsas amil zabit, gizir, çavuş və əsgərlərin digər məsələlərlə məşğul olaraq xidməti vəzifələrini unutmamalarıdır. Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Dövlət başçısı hər bir hərbçinin rahat və müasir standartlara uyğun xidmət etməsinə böyük əhəmiyyət verir.

Doğrudur, müasir dövrdə ordular aktiv müharibələr həyata keçirməkdən daha çox müharibə ehtimalını nəzərə alaraq savaşların qarşısını almaq üçündür. Lakin Azərbaycan 44 günlük Vətən Müharibəsində sübut etmişdir ki, aktiv müharibə aparmaq qüdrətindədir. 5-ci nəsil silahların, müasir tələblərə uyğun, milyard dollarlıq silahların Azərbaycan ordusunun döyüş qabiliyyəti qarşısında necə hecə döndüyünü bütün dünya gördü. Əlbəttə, qürurverici haldır ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Ən müasir təchizat bizdədir. Lakin əsas amil bu deyildir. Azərbaycan ordusunun ən böyük “silahı” vətən sevgisi, yurd həsrəti və damarlarında dolaşan o məğrur, məğlubedilməz qandır. Bizim qəhrəman ordumuzu Şuşanın sıldırım qayalarına yüngül silahlarla qaldıran da məhz bu ali ruh və məğrur soykökümüzdür.

Başda Müzəffər Ali Baş Komandan olmaqla rəşadətli ordumuzu təbrik edir, ona daha şanlı qələbələr arzu edirəm!

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə