Üçtərəfli görüşdə Azərbaycan növbəti diplomatik qələbəsini qazanıb - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü Azərbaycanın növbəti qələbəsi sayılmalıdır. Ümumi olaraq demək olar ki, görüş 5 saat davam edib və qarşıya qoyulan bütün məsələlər nəzərdən keçirilib. Demək olar ki, artıq uğurlu nəticələr də əldə olunub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, ən əvvəla qeyd olunmalıdır ki, Dağlıq Qarabağ ifadəsi işlədilməyib, yalnız Qarabağ deyilib: “Status məsələsinə ümumiyyətlə toxunulmayıb. Yalnız Azərbaycanda yaşayan erməni əhalinin hüquqları barədə danışılıb. Bildirilib ki, Azərbaycan həmişə özü də vurğulayıb ki, ərazisində yaşayacaq ermənilərin təhlükəsizliyini təmin edəcək.

Digər məsələlər isə humanitar sahədə işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi, 4000-ə yaxın itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələdir. Əsas diqqət çəkən məqamlardan biri isə yaxın zamanlarda Azərbaycanla Ermənistan sərhəddində sərhəd komissiyalarının ilk birinci iclası keçirilməsi barədə müzakirələr aparıldı. Komissiya sərhədlərin delimitasiyası və sabitliyin ən yaxşı şəkildə necə təmin olunması ilə bağlı məsələlərlə məşğul olacaq. Bu çox vacib məsələdir. Digər kommunikasiyaların açılması istiqamətində işin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması da beynəlxalq daşımaların tənzimlənməsi və digər diqqəti çəkən məsələlərin müzakirəsi baxımından olduqca vacibdir. Ermənistanla Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi üzrə də müzakirələr aparıldı. Burada digər məsələ iqtisadi inkişafın təmin olunması üçün iqtisadi məsləhət qrupunun da işinin davam etdirilməsidir.

Ümumi demək olar ki, üçüncü dəfə keçirilən üçtərəfli görüşdə Azərbaycan növbəti diplomatik qələbəsini qazanıb. Çünki yeni geosiyasi reallıqda təqdim və təklif etdiyimiz şərtlər hər biri bu görüşlərdə müzakirə olunub. Adi bir baxışla biz burada Paşinyanın vəziyyətini də görürük. O çox narahat və gərgin idi. Təbii ki, onun həm daxildə, həm də xaricdə problemləri var. Azərbaycan Prezidentinin siyasi qətiyyəti və təklif etdiyi məsələlərin müzakirəyə çıxarılması deməyə əsas verir ki, qarşıdakı zamanda əldə olunmuş razılıqların həlli istiqamətində mühüm addımlar atılacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə