Avropa İttifaqı Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır ANALİTİK

Son proseslər də bu reallığı ehtiva etməkdədir

Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi ilə nəticələnən 44 günlük Zəfər yürüşündən sonra ölkəmiz regiona yeni reallıqlar bəxş etdi. Bu gün Cənubi Qafqazın sabitliyində, inkişaf və tərəqqisində məxsusi yer tutan Azərbaycan artıq regional liderdən beynəlxalq arenaya doğru mühüm addımlar atmaqdadır. Əbəs deyil ki, bu günlərdə dünyanın bir sıra aparıcı dövlət başçıları və nüfuzlu təşkilatların rəhbərlikləri qarşıdan gələn 28 may Respublika Günü ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubları göndədir, habelə ölkələr arasında münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı xoş fikirlərini çatdırırlar. Bu reallıqlar eyni zamanda İlham Əliyev xarizmasının, qətiyyətinin və ən əsası isə liderlik keyfiyyətlərinin yüksək qiymətləndirilməsi kimi də vurğulana bilər.

Beləliklə, son proseslər bir daha sübut edir ki, dövlət başçımızın diplomatik uğurları paralel olaraq ən yüksək dəyərlərə söykənir və biz bunu Azərbaycan-Avropa İttifaqı kontekstində də qeyd edə bilərik. Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda yaratdığı yeni reallıqları dünyaya təqdim edib və Ermənistan da bu reallıqlarla barışmaq və daha əvvəlki yanlış siyasətindən əl çəkməlidir. Artıq beynəlxalq aləm də bunu anlayır və xüsusilə Avropa İttifaqı ölkələr arasında münasibətlərin qurulması yönündə öz dəstəyini, vasitəçiliyini nümayiş etdirir. Belə ki, regional sabitliyin mühüm təminatçısı məhz sülh faktorudur və uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan həmin faktoru qəbul etməlidir, onun başqa çıxış yolu da yoxdur.

Belə olan məqamda Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçilyi həm də onu göstərir ki, artıq dünyadakı siyasi baxışlar və çağırışlar dəyişir. 30 il boyunca münaqişəni həll edə bilməyən ATƏT-in Minsk qrupu gərəksiz qurum kimi siyasi arenadan çıxdaş olunur və bu qurumun yerini məhz Avropa İttifaqı tutur.

Yeri gəlmişkən, Azərbaycanla Aİ arasında münasibətlər də artıq onilliklərə söykənir. Belə ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələrini qurmağa başladı. İndiyədək isə ölkəmizlə Aİ arasında iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif layihələr həyata keçirilib.

Təbii ki, sözügedən prizmadan yanaşmalar edən Aİ Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini də dərk edir, eləcə də ölkəmizin iqtisadi imkanlarının Avropaya nə qədər dəstək göstərəcəyi amilini də bilir. Misal üçün, Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması Aİ üçün cəlbedici faktorlardandır. Beləliklə, Aİ Azərbaycanla əlaqələrinin daha sıx təmasda olmasında kifayət qədər maraqlıdır.

Münasibətlər və sıx təmaslar

O da əbəs deyil ki, hazırkı dövrə qədər imzalanmış sənədlər də göstərir ki, Aİ ölkəmizlə əməkdaşlığa, dialoqa hər zaman maraq göstərib və 1996-cı ildə imzalanmış Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.

1998-ci ildə isə Aİ Azərbaycana xüsusi elçisini təyin edib, 2000-ci ildə isə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunub. 2003-cü ilin iyul ayında isə Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

Daha bir mühüm məqam - Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də “Avropa Qonşuluq Siyasəti” idi. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikası Avropa Qonşuluq Siyasəti proqramına daxil edilib. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanmış və bu məqsədlə Aİ-nin maliyyə-texniki dəstəyini alıb.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda!

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanıb. Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır. Sənəddə 4 sahədə əməkdaşlığın həyata keçiriləcəyi bildirilir:

Enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması;

Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi;

Enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması;

Texniki əməkdaşlıq və təcrübə mübadiləsi.

Avropa İttifaqı ilə əlaqələr indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq - Qərb nəqliyyat - kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. çərçivələrdə inkişaf etdirib. Müstəqilliyin ilk illərində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa - Qafqaz - Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində önəmli yerlərdən birini tumaqdadır.

Azərbaycan Respublikası və Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il tarixində və 28 fevral 2014-cü il tarixində imzalanıb. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minib. Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə 5 dekabr 2013-cü il tarixində Brüssel şəhərində imzalanıb. Birgə Bəyannamənin əsas məqsədi Azərbaycan Respublikası və Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Uğurlara hesablanmış birgə Bəyannamələr

Ən əhəmiyyətli məqam isə 2017-ci ilin noyabrında Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı Sammitinin qəbul edilmiş Birgə Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənməsi oldu. Həmin vaxt birgə Bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb. Ermənistan tərəfinin bu bəndə onun işğalçı maraqlarına cavab verən maddələrin əlavə edilməsi cəhdləri puça çıxıb. Birgə Bəyannamədə Azərbaycan Respublikasının fəal iştirakı ilə həyata keçirilən nəqliyyat və enerji layihələrinə xüsusi dəstək qeyd edilib, təşəbbüskarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Sənəddə Azərbaycan Respublikasının iştirakı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçirilən ikitərəfli və çoxtərəfli layihələrə xüsusi diqqət yetirilib. Gələcək illər üçün Şərq Tərəfdaşlığı ölkələri ilə həyata keçiriləcək birgə əməkdaşlıq istiqamətləri sırasında Azərbaycan Respublikasının Avropa İttifaqı ilə vizasız gediş-gəliş sənədlərinin işlənməsi xüsusi yer alıb. Sənəddə Azərbaycanın iştirak etdiyi digər beynəlxalq əməkdaşlıq sahələri də qeyd edilib.

2018-ci ilin iyulunda Brüsseldə Avropa İttifaqının mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tuskun iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması mərasimi oldu. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Aİ Azərbaycanla AQS Fəaliyyət Planını əvəz edəcək yeni Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 11 iyul 2018-ci il tarixində Brüssel şəhərində sənəd üzrə danışıqların bitməsini qeyd edən mərasim keçirilmişdir. Sənəd 28 sentyabr 2018-ci il tarixində Azərbaycan – Aİ Əməkdaşlıq Şurasının tövsiyəsi ilə qəbul edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. “Cənub Qaz Dəhlizi” Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetləri sırasındadır. Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə 13 yanvar 2011-ci il tarixində Bakı şəhərində imzalanmışdır. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Tərəflər Şah Dəniz-2 və Azərbaycanın digər yataqlarından mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını bölüşülən strateji məqsəd kimi təsbit edir.

29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi baş tutdu. Bununla Azərbaycanın enerji strategiyasında yeni bir mərhələnin əsası qoyuldu. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşınan 3500 kilometrlik "Cənub qaz dəhlizi” üç kəmərdən - CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) ibarətdir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP 2020-ci ilin dekabrında tamamlandı. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Həmçinin 3 Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulmaq niyyətindədirlər.

Azərbaycan güclü dövlət olaraq bu dəyərləndirilmələrə önəm verir

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə Avropa İttifaqı da qoşulmuşdur. 2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşün nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalanır, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulandı. Avropa İttifaqı hər iki ölkəni hərtərəfli sülh müqaviləsi imzalamağa çağırmaqla qalmamış, son abzasda “Cənubi Qafqazda, xüsusən, Ermənistanla Azərbaycan arasında ölkələrin suverenliyinə hörmətlə yanaşmaq şərtilə” kommunikasiya infrastrukturlarının bərpasının əhəmiyyəti vurğulanmışdır. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib, hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirib. Bəyanatın diqqət çəkən müddəalarından biri də Avropa İttifaqı rəhbərinin Ermənistan ilə Azərbaycana “münaqişə irsinin aradan qaldırılması” tövsiyəsidir.

2022-ci 6 aprel tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutdu. İkinci üçtərəfli görüşdən sonra yayılan bəyanatda qeyd olundu ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndirdilər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarladılar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəldilər. Bəyanatda ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası məqsədilə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırıldı. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: 1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası; 2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.

Mayın 22-də yenə də Brüsseldə keçirilən görüşdə isə artıq bir sıra əhəmiyyəti razılaşmalar əldə olundu və bu razılaşmalara əlbəttə ki, Ermənistan əməl edərsə regiona uzunmüddətli sülh və əminamanlıq, sabitlik daxil olacaq. Bu amil isə Aİ-nin də töhfəsi kimi qiymətləndirilə bilər. Azərbaycan güclü dövlət olaraq bu dəyərləndirilmələrə önəm verir və qarşıdakı inkişafa, tərəqqiyə doğru inamla addımlayır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...