Brüssel görüşü - sülh prosesində irəliləyiş - ŞƏRH

Dünyanın siyasi gündəmi zəngindir. Şərqi Avropadakı müharibə - Rusiya-Ukrayna savaşı əsas müzakirə mövzusu olsa da, Cənubi Qafqazda etimad quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması da xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyəti və nəticələri isə beynəlxalq medianın başlıca mövzularından birini təşkil edir.
Bu xüsusda bir sıra məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Əvvəla, dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü iki məqamı əks etdirdi:

- Birincisi, Azərbaycan Aİ üçün vacib, etibarlı və perspektivli tərəfdaşdır. Ölkəmizlə münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi qurum üçün strateji önəm daşıyır;
- İkincisi, Avropa İttifaqı postmüharibə dövrünün reallıqlarını məhz Azərbaycanın haqlı mövqeyi fonunda dəyərləndirir, Bakının təklif və təşəbbüsləri yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü isə postmüharibə dövründə strateji fəaliyyətin davam etdirilməsi baxımından əlamətdar və əhəmiyyətlidir. Bəs görüşün nəticələri nəyi əks etdirir?

- Sərhədlərin delimitasiyası məsələsi diqqət mərkəzindədir: Azərbaycan bu istiqamətdə işin aparılmasını hər zaman diqqət mərkəzində saxlayıb və bunun üçün zəruri addımlar atıb. Görüşün nəticələrinə uyğun olaraq, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq.

- Kommunikasiya ilə əlaqədar işlərin davam etdirilməsi üzərində razılığa gəlinib: Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında qeyd edib ki, “Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəlinib”. Bu, Azərbaycanın mövqeyinə tam adekvat olmaqla yanaşı, kommunikasiyaların bərpasında, Zəngəzur dəhlizinin reallaşması məsələsində irəliləyişi ifadə edir. Ümumiyyətlə, dəhlizin yaradılması məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun siyasi gündəliyinin mühüm tərkib hissəsidir. Bu da təsadüfi deyil, çünki dəhlizin reallaşması həm ölkəmizin yerləşdiyi regionda, həm də Asiyadan Avropaya doğru geniş məkanda yeni siyasi-iqtisadi mənzərənin formalaşmasına zəmin yaradacaq. Bu ərazidən keçən nəqliyyat xətti bir çox dövlətin əməkdaşlıq imkanlarını genişləndirəcək. Ən vacib məqamlardan biri yeni kommunikasiya Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranmasıdır;

- Sülh müqaviləsinin imzalanması üçün təmaslar davam etdiriləcək: Şarl Mişelin açıqlamasında sülh müqaviləsi məsələsi də əksini tapıb. Qeyd edilib ki, “liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər.

Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər”. Bizim mövqeyimiz aydındır: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Eyni zamanda, bu saziş ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.

Beləliklə, Brüsseldə baş tutan üçüncü üçtərəfli görüş də Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi-diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir. Azərbaycan qətiyyətli mövqeyini davam etdirir, prinsipial yanaşma ortaya qoyur və strateji hədəflərinə doğru addımlayır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik, qarşılıqlı faydalı əməkdaşlıq mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə