“Brüsseldə baş tutan görüş müsbət nəticələr verə bilər” AÇIQLAMA

“Mayın 22-də Brüsseldə münaqişə tərəfləri arasında baş tutmuş görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə keçirilən sayca 3-cü görüş olmuşdur. Azərbaycanın dövlət başçısı İlham Əliyev münaqişə tərəfləri arasında münasibətlərdəki problemlərin həlli və perspektivdə sülh müqaviləsinin imzalanmasına təminat verə biləcək bu görüşə də özünün 5 mühüm təklifi ilə qatılmışdı və təkliflər dövlətlərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyacağı, münaqişə nəticəsində qapanmış nəqliyyat dəhlizlərinin açılması, nəqliyyat kommunikasiya xətlərinin bərpa olunması, dövlət sərhədlərinin delimitasiyası və digər məsələləri özündə ehtiva edirdi”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Brüsseldə keçirilmiş 2-ci görüşdən sonra Ermənistanın baş naziri Paşinyan keçən ay Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı münasibətlərin normallaşmasına dair özünün 6 məlum təklifi ilə çıxış etmişdir: “Brüsseldə keçirilmiş görüşdən sonra Paşinyanın Qarabağın son statusu ilə bağlı məsələni təkliflər paketinə daxil etməsi danışıqlarda tərəflər arasında konstruktiv əməkdaşlığa müəyyən mənada təsir edir. Bu, ilk növbədə, Ermənistanda hazırda mövcud durum, habelə Rusiya və Qərb arasında bölgədə nüfuz dairəsi uğrunda mübarizənin danışıqlara təsiri rakursunda diqqəti cəlb edir. Paşinyanın danışıqların ilkin raundundan fərqli olaraq yenidən Qarabağın statusu, Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı məsələləri qabartması ona Ermənistan müxalifəti, çağırışına cavab olaraq onun istefası tələbi ilə küçələrə çıxmış on minlərlə ermənilərin etiraz aksiyaları ilə əlaqədardır”.

E.Manafov onu da bildirdi ki, Paşinyanı Qarabağ ermənilərinin gələcək müqəddəratı ilə bağlı məsələlərə aydınlıq gətirmədən Azərbaycanla sülh danışıqlarına getməkdə ittiham edən müxalifət onun erməni xalqının maraqlarına xəyanətdə suçlayır: “Paşinyanın siyasi iradə və qətiyyət nümayiş etdirməməsi müxalifət və onun tərəfdarlarını daha fəal və tələbkar olmağa sövq edir, lakin Ermənistandakı mövcud siyasi durumun özəlliyi ondan ibarətdir ki, hakimiyyət özünə tam güvənmədiyindən müxalifətin üzərinə gedib onu sıxışdıra bilmir, müxalifət isə Paşinyanı devirə biləcək ciddi sosial dəstəyə və geosiyasi güvənə malik olmadığından daha radikal addımlara gedə bilmir, nəticə etibarı ilə siyasi anlamdakı bu pat vəziyyəti Azərbaycanla aparılan danışıqların gedişatına da təsir edir. Bununla belə tərəflər bu ilin iyulun sonu və ya avqustun əvvəlində yenidən Brüsseldə görüşüb müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Tərəflər dövlət sərhədlərinin delimitasiyası habelə bölgədə nəqliyyat, loqistika sahəsindəki problemlərin həlli ilə bağlı məsələlərə nail olmaq uçun hökumətlərarası komissiyaları da təşkil ediblər və bu komissiyalar arasında təmasların davam etdirilməsi ilə bağlı razılıqlar Brüssel görüşünün əldə etdiyi nəticələrə aiddir. Bütövlükdə ekspertlər Brüsseldə baş tutmuş bu görüşdə də münaqişə tərəfləri arasında mövcud problemləri həll edəcək hər hansı ciddi sənədlərin imzalanacağını şərh etdiyimiz məlum amillərlə bağlı istisna edirdilər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə