Elm, təhsil və qlobal düşüncə dövrü TƏHLİL

Dövlət başçısının Sərəncamına əsasən, modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən 5,0 (beş) milyon manat ayrılıb

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Müasir dövrdə ölkələrin inkişaf konsepsiyasını təhsil müəyyənləşdirir. Bu baxımdan, müasir təhsil sisteminin yeni çağırışlara cavab verməsi məqsədi ilə təhsilin normativ-hüquqi bazasının formalaşdırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilir. Ölkəmizdə son illərdə bir sıra dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Təhsil sisteminin inkişafına yönəldilmiş dövlət proqramları, islahatlar və layihələrin həyata keçirilməsi nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nailolma, ibtidai təhsili başavurma səviyyəsi demək olar ki, yüz faizə çatdırılıb.

ELM, TƏHSİL VƏ QLOBAL DÜŞÜNCƏ DÖVRÜ

Bu gün Azərbaycanın daxili imkanları genişləndikcə, təhsil ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində də davamlı olaraq işlər görülür. Bu gün biz təhsilin keyfiyyətinin inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsindən söz açarkən əlbəttə ki, bütün bunların Prezident İlham Əliyevin təhsilə göstərdiyi yüksək diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olduğunu xüsusi olaraq qeyd etməliyik. Ardıcıl olaraq, təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. Müasir dövrümüzdə bu islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu, keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri davam edir. Hər bir gənc harada çalışmağından asılı olmayaraq, dövlətimizə, dövlətçiliyimizin qorunmasına və milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəklər. Təbii ki, bu, hər bir vətəndaşın borcu olmalıdır.
Əlbəttə ki, təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələsini yaşayır. Müasir gənclik ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkir. Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. Müasir dövrümüz elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir. Bu, dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Azərbaycanda təhsil sisteminin təkmilləşməsinə çox böyük diqqət göstərilir. Təhsil bizim gələcəyimizdir". Buna görə də, məsuliyyət hissi ilə cəmiyyətə layiqli vətəndaşlar yetişdirilir.
Belə bir mühitdə təhsil alan bugünkü məktəblilər gələcəkdə Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalı, bütün qüvvələrini ölkəmizin uğurlarına yeni uğurlar əlavə etməyə sərf etməlidirlər.

"QARA QIZIL"IN İNSAN KAPİTALINA ÇEVRİLMƏSİ ÇAĞIRIŞI UĞURLA REALLAŞIR

Azərbaycanda elmin inkişafı, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin öncül istiqamətlərindən biridir. Cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk illərində "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etməsi əbəs deyildi. Qeyd etdiyimiz zaman məsafəsində təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir. Son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3500-dən artıq təhsil müəssisələrində sinif otaqlarının kompüterləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı uğurla reallaşmaqdadır. Cənab Prezidentin vurğuladığı kimi, "Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir".
Ümumi təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətləri sırasında ümumi təhsilin məzmununun fərdin, cəmiyyətin və dövlətin tələblərinə, elmi-texniki tərəqqinin inkişafına çevik uyğunlaşdırılması dayanır. Dövlət hər bir vətəndaşın ümumi təhsil alması üçün müvafiq şərait yaradılmasına təminat verir və ümumi təhsilin hər hansı səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Hər bir vətəndaşa ümumi təhsil almaq imkanı yaradılır. Sözsüz ki, yaşadığı məkandan asııl olmayaraq. Hər bir fərdin müasir tələblərə cavab verən təhsil müəssisələrində təhsil almasına şərait yaradılır.
Göründüyü kimi, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində, ölkənin imkanları artdıqca, dövlət əldə olunan gəlirləri milli-intellektual potensialı reallaşdırmağa yönəldir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflər uğurla yerinə yetirilib. Hazırda təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi davam etməkdədir.

DAĞ KƏNDLƏRİNDƏ VƏ UCQAR KƏNDLƏRDƏ MODUL TİPLİ MƏKTƏBLƏRİN TİKİNTİSİ DAVAM ETDİRİLİR

Artıq bir neçə ildir ki, respublikamızda modul tipli məktəblərin inşası layihəsi də uğurla icra edilir.Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təkcə 2016-2019-cu illərdə respublikamızın 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb.2020-ci ildə isə 60 modul tipli məktəb istifadəyə verilib.
Modul tipli məktəblərin inşası tez başa gəlir və zəruri hallarda onların genişləndirilməsi də mümkündür. Dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi yaxın zamanda başa çatmalıdır. Bir çox ucqar kəndlərdə bu layihə icra edilir.
Görülən işlərin davamı olaraq, Dövlət başçısının 16 may tarixi "Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında" Sərəncamı imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.3-cü yarımbəndində nəzərdə tutulmuş 5,0 (beş) milyon manat bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
Göründüyü kimi, zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə etməklə, insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə