Qırğızıstan televiziyası Azərbaycanla bağlı videomateriallar yayımlanıb

Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının “Dostluq körpüsü” proqramında Azərbaycanla bağlı videomateriallar yayımlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin müəllifi və aparıcısı olduqları proqramda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı ölkəmizin Özbəkistan və Qırğızıstandakı səfirliklərinin keçirdiyi tədbirlərə geniş yer verilib.

Verilişdə Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan-Özbəkistan, Azərbaycan-Qırğızıstan əlaqələrində Ulu Öndərin xidmətləri haqqında söhbət açılır.

Süjetdə Ümummilli Liderin iki gəncin toy şənliyində iştirakı, onları təbrik etməsi və sadə insanlarla hər zaman birlikdə olduğu diqqətə çatdırılır.

Proqramda, həmçinin bu yaxınlarda Puççininin “Boqema” operasının Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulması, baş rolun ifaçısı, hazırda Milanda yaşayıb işləyən, milliyyətcə qırğız olan Janış Ismanovun iştirakı ilə bağlı material da verilib.

Qırğızıstan vətəndaşı, Bakıda təhsil alan 14 yaşlı Saule Osmonaliyevanın Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, işğaldan azad olunan torpaqların yenidən dirçəldilməsi ilə əlaqədar videomaterialı da tamaşaçıların marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə