17 May Ümumdünya İnformasiya Cəmiyyəti Günüdür TƏHLİL

Dövrün çağırışları informasiya cəmiyyətinin formalaşmasını labüdləşdirib

Dünyada ən dinamik inkişaf edən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi respublikamızda da prioritet sahə olmaqla, daim diqqət və qayğı ilə əhatə edilib. Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev dünyada gedən prosesləri uzaqgörənliklə qiymətləndirərək, İKT sektorunun, informasiya və biliklər iqtisadiyyatının inkişafını ölkəmizdə prioritet sahə elan etmişdir. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktları qəbul edilib. Bu gün iyirmi birinci yüzillikdə bəşəriyyətin yeni inkişaf dövrünə qədəm qoyması yeni cəmiyyətin formalaşmasını labüd edib. Belə bir dövrdə beynəlxalq aləm - 17 may tarixini Beynəlxalq Telekommunikasiya və Rabitə, həmçinin, Ümumdünya İnformasiya Həmrəyliyi Gününün elan olunması kimi qeyd edir. Beynəlxalq Telekommunikasiya və Rabitə Günü Beynəlxalq Elektroəlaqə İttifaqı İdarəedici Sovetinin 1969-cu il qərarı ilə təsis olunub. Ümumdünya İnformasiya Cəmiyyəti Günü isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 27 mart 2006-ci il tarixdə elan edilib. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar.
Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün 17 May Ümumdünya İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Müstəqil dövlətimizdə zamanın və dövrün çağırışlarına uyğun olaraq Azərbaycanda informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyulmuş və müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi inkişaf dərəcəsini əks etdirən amilə çevrilmişdir. Azərbaycanda bu sahənin əsasını Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində qoyub. Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi. Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında Sərəncam imzaladı. Daha sonra 21 oktyabr 2005-ci il tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nı imzaladı. Buna uyğun olaraq, ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

VƏTƏNDAŞ MƏMNUNLUĞUNA HƏDƏFLƏNƏN LAYİHƏLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. Beləliklə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN Xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərmək, "ASAN Xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. 2012-ci ildən başlayaraq, Bakının bir neçə rayonunda "ASAN Xidmət" mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı.
Bu illər ərzində "ASAN Xidmət" bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. "ASAN xidmət" nümunəyə çevrilib. Sosial təminat sahəsində buna bənzər DOST mərkəzləri fəaliyyətə başlayıb. Dövlət başçısının vurğuladığı kimi, "ASAN xidmət" kimi, DOST mərkəzləri də bütün ölkəmizi əhatə edəcək.
Artıq vətəndaşlar bir sıra dövlət xidmətlərindən heç bir bürokratik əngəl, zaman, məkan problemi olmadan rahat şəkildə istifadə edə bilirlər. "Bir pəncərə" prinsipinə əsaslanan "Elektron Hökumət" portalının fəaliyyəti, "ASAN Xidmət" modeli ölkəmizin bu sahədə uğurla həyata keçirilən və vətəndaş məmnunluğuna hədəflənən layihələrdir.

İNFORMASİYA MƏKANININ TƏHLÜKƏSİZLİYİ DAHA ETİBARLI ŞƏKİLDƏ QORUNUR

Ölkəmizdə informasiya cəmiyyətinin, elektron dövlətin, informasiya və biliklər iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı internet infrastrukturu inkişaf etdirilmiş, vətəndaşların təhlükəsiz, keyfiyyətli və ucuz internet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş və strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir. Bu strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə, növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaratmış oldu.
Azərbaycanın telekommunikasiya peyklərinin orbitə buraxılması, ölkəmizdə kosmik sənayenin formalaşdırılması dövlət başçısının güclü siyasi iradəsindən, uzagörənliyindən və yüksək iqtisadi potensialdan xəbər verir. Bununla, ilk növbədə, Azərbaycan özünün telekommunikasiya xidmətlərinə dair ehtiyaclarını ödəyir, informasiya məkanının suverenliyini, təhlükəsizliyini daha etibarlı şəkildə qoruya bilir.
Yüksək texnologiyaların ölkəmizdə inkişafı "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanmasına zəmin yaradıb. Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Bu gün işğaldan azad edilmiş ərazilərdə də "smart-city", "smart-village" yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası qurulur. Əlbəttə ki, bu layihənin məqsədi kəndlərdə əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə rahat çıxışı təmin etmək, eləcə də xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər arasındakı fərqi aradan qaldırmaqdır. Yüksək texnologiyalara əsaslanan "Ağıllı kənd" və "Ağıllı şəhər" layihəsi ən qabaqcıl texnologiyaların tətbiqidir. İlk "Ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndindən start götürüb.
İnformasiya cəmiyyətinin formalaşması prosesi mürəkkəb və çoxşaxəlidir. İndi bu sahədə ölkəmizdə uğurlu işlər görülməkdədir. Bu gün ölkəmizdə də təhlükəsizlik məsələləri və eləcə də, internetin və informasiya cəmiyyətinin inkişafı diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda informasiya cəmiyyətinin qurulması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə