Düz 30 il idi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların bir dərdi var idi: torpaq, yurd, ata-baba ocağı dərdi. Dünyanın dörd bir tərəfinə səpələnən azərbaycanlılar arasında Şuşadan, Laçından, Kəlbəcərdən, Füzulidən, Zəngilandan və digər işğal olunmuş rayonlarımızdan olanlar vardı. Onların çoxu o torpaqları görməmişdilər. Ata-baba yurdları haqqında nənə-babalarından, ata-analarından eşitmişdilər. Ürəkləri o torpaqlarda döyünürdü. Bircə dəfə o yerlərə ayaq basmaq, haqqında nənələrdən nağıltək dinlədikləri gözəlliklər məkanlarını görməyə can atırdılar. Lakin görə bilirdilərmi, arzuları reallaşırdımı? Xeyr, torpaqlar 30 il idi ki, məhbusluqdaydı. Elə bir məhbusluq ki, heç kim gedə, heç kim görə bilməzdi.
Məhbusluqdan azadlığa
30 ilin əvvəlində respublikamızın səriştəsiz rəhbərləri tərəfindən bir-birinin ardınca ermənilərə satılmışdı göz bəbəyi torpaqlarımız. Soydaşlarımız öz doğma evlərini tərk etməli olmuşdular. Tarixən ata-babaları yaşayan, qəbiristanlıqlarda əzizləri uyuyan torpaqlardan didərgin salınmışdı insanlar. Qaçqın, köçkün həyatı yaşamağa məcbur edilmişdilər. Onlar qurulu evlərini, bar üstündə olan bağ-bağçalarını, həyət-baca dolu mal-heyvanlarını qoyub bir gecədə doğma yurdlarını tərk etməli olmuşdular. Çünki düşmən başlarının üstünü kəsmişdi. Silahı düz gözlərinin içinə tuşlamışdı. Silahın burnunda onları torpaqlarından çıxmağa məcbur etmişdi.
O yurdların dağı-daşı şahid idi insanların yaşadıqları faciələrə, gözləri önündə öldürülən həmyerlilərinə, axıdılan qanlara. O dağ-daş şahid idi yurdundan zorla qovulanların ahu-zarına, sinəsindən zorla qoparılan əzizlərinə. Elə o vaxt-bu vaxt da küskün düşmüşdü dağlar. 30 il əsirlikdə qaş-qabaqlı, sinəsi dağlı, gözü yollarda idi. O bir də sakinləri o torpaqlara qayıdandan sonra gülümsəyəcəkdi. Günəşdən qaçıb gizlənməyəcəkdi. Saç nurunu üzərimə, deyəcəkdi.
Azərbaycanda yaşayan soydaşlarımız kimi, dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlılar da bir gün torpaqlarının işğaldan azad olunacağı günü səbrsizliklə gözləyirdilər. Bunun üçün haqq səslərini bütün dünyaya yayırdılar. Lakin səslərinə səs verən yoxdu ki, yoxdu.
Payızı bahar olan yurdum
2020-ci ilin 44 günlük payızı 30 il bu yerlərdən perik düşən baharı gətirdi Qarabağa. Sentyabrın 27-dən noyabrın 10-dək Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz düşmənin başına od yağdırdı. 1990-cı illərdə Birinci Vətən Müharıbəsindən bu yana ermənilərin bütün çirkin əməlləri cavablandırıldı. Düşmən dəmir yumruğun zərbəsi ilə parça-parça oldu. Torpaqlarımızda uzun illərdən bəri qurduqları barrikadalar yarıldı. “Böyük, məhvedilməz Ermənistan” röya olaraq qaldı düşmənin ta yuxu tutmayan gözündə.
44 gündə bir-birinin ardınca azad edilən torpaqlarımız uğrunda yüzlərlə mərd, igid övladlarımızı şəhid verdik, yüzlərlə oğullarımız sağlamlıqlarını itirdilər. Qarabağ başdan-başa doğma balalarının qanına boyandı.
Payız ana oldu, aldı igidlərimizi qoynuna. Yarpağını yastıq etdi, yorğan etdi əsgərimizə. Şəhidimizi aldı qoynuna, laylay dedi ona. Analarına çatmayan əllərindən tutdu. Göz yaşlarını tökdü üstlərinə. Analarından əvvəl bağrı dağlanan payız oldu.
Payız həm ağladı, həm güldü. Şəhidinə yas tutarkən payızlığından da keçdi. Bahara döndü. Şəhid qanı ilə suvarılan torpaqlar bir andaca yaşıllaşdı. Ağaclar 30 il sonra çiçəkləməyə başladı. Bir-birinin ardınca torpaqlarımız işğaldan azad edildikcə payız yerini bahara verdi. Günəş buludlardan boylandı, Qarabağa gülümsədi, Qarabağın üzü güldü.
44 gündə ürəkləri Vətəndə - Qarabağda döyünən dünya azərbaycanlıları
Özləri Vətəndən kənarda yaşasalar da, ürəkləri bir an Vətəndən kənar olmadı dünyadakı soydaşlarımızın. 30 il boyunca Qarabağın haqq səsini dünyaya yaydılar.
Ümummilli liderimiz bütün dünya azərbaycanlılarını bir olmağa çağırdı. Birləşdilər, diaspor hərəkatını təkmilləşdirdilər. Dünya azərbaycanlılarının qurultayları onların görüş, fikir mübadiləsi yerinə çevrildi.
Dünyadakı azərbaycanlıların ürəyi paytaxt Bakıda döyünür hər zaman. Bu ürəklər görmədikləri Qarabağa yollandı illərlə. Müharibə zamanı əsgərimiz harada vuruşdusa, orada döyündü. Füzuludə, Zəngilanda... daha sonra Şuşada, Laçın, Kəlbəcər, Ağdamda. Döyündü, döyündükcə də qələbəni yaxınlaşdırdı.
Günlərlə küçə, meydanlarda Qarabağın haqq səsinə səs verilməsini istədilər, Vətəndəki soydaşları ilə həmrəy olduqlarını bildirdilər. Torpaq təşnəsinə son qoyulmasını, minlərlə insanın öz ata-baba torpaqlarına qayıtmasını arzuladılar. Xəyalları Qarabağı dolandı. Nənə-babalarının anlatdıqları Qarabağın mənzərəsini qurdular gözləri önündə. Yollandılar bu torpaqlara, xəyalən gəzdilər, qayıtdılar. Və bunun bir gün gerçəyə dönəcəyinə əmin oldular. Çünki ölkəmizin Prezidentinin dünyada torpaqlarımızın azad olunması ilə bağlı apardığı ardıcıl işləri izləyirdilər. Bütün bunlar Qarabağ Zəfərinin yaxınlaşdığını göstərirdi.
O Zəfər qazanıldı. 44 gündə Azərbaycan dövlət-xalq birliyini dünyaya nümayiş etdirdi. Həmrəyliyini bəyan etdi. Dünya bu xalqdan və müharibədən çox şeylər öyrəndi.
Cənubi Qafqaz faşizmdən xilas edildi
Biz tək Zəfər çalmadıq, həm də erməni faşizminin təhlükəsini məhv etdik. Dünya Azərbaycanlılarının V Qurultayında ölkə başçısının dediyi kimi: Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və biz hər an erməni faşizmini,- əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır.
Qarabağ: xəyaldan gerçəyə
Prezident cənab İlham Əliyev: Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.
Bəli, 30 il öncə xəyalən Qarabağı, Qarabağın baş tacı Şuşanı dolaşan dünya azərbaycanlılarının bir neçə gün əvvəl bu torpaqlara gəlmələri gerçək oldu. Gəzdilər müəyyən olunmuş əraziləri. Erməni işğalına məruz qaldığından nənə nağıllarındakı təsəvvürləri görə bilməsələr də, təbiətin gözəlliyini duydular, həyata keçirilən quruculuq işlərini gördülər. Onu yəqin etdilər ki, Qarabağ qısa bir zamanda dünyanın həsəb aparacağı məkana çüvriləcək.
Zəfər yolu ilə dünyaya qürur daşındı
Dünyanın 65 ölkəsindən Şuşaya Zəfər yolu ilə gələn 400 qurultay nümayəndəsi azad torpaqları gəzdikcə, dalğalanan Azərbaycan bayrağını gördükcə böyük qürur duydular. Bunu onların mətbuat üçün verdikləri müsahibələrində də gördük. Qarabağda olduqları üçün özlərini xoşbəxt hesab etdilər.
Dövlətimizin başçısının qurultaydakı nitqinin son cümlələrindən isə hər birimiz daha çox qürur duyduq: ...Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!
Bəli, dünyada bəlkə də ilk dəfə idi ki, bu cür qurultay keçirilirdi. Bu Zəfər qurultayı dünyaya bir mesaj verdi: nəyi nə vaxt, necə etməyin nəticəsi mesajını bir daha verdi. Bütün bunların fonunda isə dünya azərbaycanlıları-qurultay iştirakçıları gəldikləri Zəfər yolu ilə mənzilbaşına qayıdarkən Qarabağdan 65 ölkəyə qürur payı apardılar. Apadılar ki, o ölkələrdə bölüşələr, bölüşüb deyələr ki, biz Azərbaycanlı olduğumuz üçün fəxr edirik.
Bu da tarixi bir hadisədir ki, Zəfər yolu ilə dünyaya ilk olaraq qürur daşındı.
Mətanət MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB