“ŞUŞA BƏYANNAMƏSİ” müttəfiqlik nümunəsidir - TƏHLİL

Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin, “Şuşa Bəyannaməsi”nin imzalanması tarixi bir addım olmaqla, iki qardaş ölkənin sarsılmaz birliyini bir daha təsdiq etdi, isbatladı. Ən başlıcası, bu Bəyannamə Azərbaycan–Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyənləşdirdi. “Şuşa Bəyannaməsi” elcə də iki qardaş ölkənin gələcək müştərək müvəffəqiyyətlərinə yol açan yeni mərhələnin əsasını qoymuş oldu.

İki qardaş ölkənin, Türkiyə və Azərbaycanın ortaq dəyərləri, maraqları hər iki ölkənin inkişaf dinamikasına öz müsbət təsirini göstərməkdədir və bu dəyərləri, eləcə də maraqları liderlərin qətiyyəti, siyasi iradəsi hər zaman təminat altına alır. Ölkəmizin öz müstəqilliyini bərpa etməsindən bu vaxta qədər keçən 31 il ərzində Azərbaycanla Türkiyənin müttəfiqlik səviyyəsinə çatması heç də təsadüfi deyil. Bir zaman Ulu Öndər Heydər Əliyevin Türkiyənin o zamankı Prezidenti Süleyman Dəmirəllə ortaq layihəsi olan, Araz çayı üzərində inşa edilən “Ümid Körpüsü”nün təməlinin qoyulması sözün əsl mənasında əbədi qardaşlıq yolunun təməli kimi tariximizə həkk olundu və daha böyük körpülərin, yolların, nəticədə də müttəfiqliyin əsasını qoydu. Ümummilli Liderimizin “Bir millət, iki dövlət” konsepsiyası ortaq inkişaf strategiyasını formalaşdırdı və qardaşlığımız artıq bütün dünya üçün nümunə hesab olunur, hansıki bu qardaşlığın inkişaf, tərəqqəi, sabitlik və sülh vəd etdiyi, eləcə də gətirdiyi günümüzün reallığıdır.

Ölkə rəhbəri cənab Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdı və “Şuşa Bəyannaməsi” imzalanan zaman bütün dünya bunun, bu reallığın şahidi oldu və müttəfiqliyimizə tam əmin oldu. Bəli, iki qardaş ölkə arasında olan münasibətlərin ən qürurverici məqamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də həm siyasi - diplomatik, həm milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edən Şuşada rəsmi qarşılanma mərasimi və ardınca da “Şuşa Bəyannaməsi”nin imzalanması oldu, hansı ki, bu imzalanma bədnam qonşularımız üçün kapitulyasiya sənədinə imza atmalarından da artıq zərbə sayılır. Çünki bu Bəyannamə iki qardaş ölkənin tarixi sınaqlardan birgə, üzü ağ, alnıaçıq çıxdığının, eləcə də “Bir millət, iki dövlət” konsepsiyasına sadiqliyinin təntənəsi idi.

“Şuşa Bəyannaməsi”nin məhz Azərbaycan xalqının Qurtuluş günündə, 15 iyun tarixində imzalanması heç də təsadüfi deyil. Beləki, bu Bəyannamənin Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısının, cənab Prezident İlham Əliyevin Qars müqaviləsini hər kəsin yadına salması da əbəs yerə, yaxud da təsadüfi deyildi. “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb, bu da böyük rəmzi məna daşıyır və yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”, deyən ölkə rəhbərimiz hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirildiyini diqqətə çatdırır.

Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir və bununla bütün dünya barışmaq məcburiyyətindədir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş iki qardaş ölkənin başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, Azərbaycanın dövlət suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar.

“Şuşa Bəyannaməsi” əslində Azərbaycanla Türkiyə arasındakı əlaqələr müstəvisində artıq mövcud olan faktiki vəziyyəti əks etdirir və bu Bəyannamənin önəmi həm də "3+3", yəni "Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, İran, Rusiya" formatında altıtərəfli platformanın yaradılması ilə bağlı bölgə dövlətlərinə çağırışdır. Məhz bu baxımdan “Şuşa Bəyannaməsi” regionda dayanıqlı sülhün, stabilliyin və inkişafın təminatçısı da sayıla bilər.

Sözsüz ki, “Şuşa Bəyannaməsi” təsdiq etdi ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bütün dünyada analoqu yoxdur. Bir sözlə, Şuşada imzalanan Bəyannamə, “Şuşa Bəyannaməsi” müttəfiqlik nümunəsidir. Çünki, iki qardaş ölkə qarşılıqlı münasibətlərin beynəlxalq səviyyədə mövcud olan şərtlər nəzərə alınmaqla, onlara tam əməl edilməklə qurulduğunu təsdiq edirlər. “Şuşa Bəyannaməsi” tarixi, milli, regional və qlobal miqyaslı siyasi-hüquqi təmələ söykənir və sənədin konkret müddəalarına nəzər saldıqda iki ölkə arasında, region ölkələrini əhatə edən və daha geniş geosiyasi məkanda təsir gücü ola biləcək çox aktual və maraqlı məqamları görə bilirik.

Parlamentin yaz sessiyası çərçivəsində fevralın 1-də keçiriləcək ilk plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” “Şuşa Bəyannaməsi”nin təsdiq edilməsi barədə” qanunun layihəsi daxil edilib. Bir sözlə, Milli Məclis Şuşa Bəyannaməsini təsdiq edəcək. Əlbəttə ki, regionda yeni inkişaf mərhələsinin əsası qoyulur. Bu, xüsusən iki ölkə arasında artan iqtisadi-ticarət əlaqələrin getdikcə daha da genişlənməsi, potensialın artması deməkdir. Hər iki ölkənin məram və məqsədi iqtisadi cəhətdən bölgənin daha da inkişaf etdirilməsinə, sülhün daimi olmasına, bölgə xalqlarının firavan yaşamasına şərait yaratmaqdan ibarətdirsə, “Şuşa Bəyannaməsi”nin təsdiq edilməsi iki qardaş ölkənin müttəfiqliyik nümunəsinin məntiqi zirvəsinə yüksəlişi deməkdr.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə