Vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitədir TƏHLİL

COVID-19 virusuna yoluxmuş şəxslərin təcrid müddəti 14 gündən 7 günə azaldılıb

COVID-19 pandemiyası aşkarlanan zamandan bu günə kimi, bütün dünya olduğu kimi, Azərbaycan da bu virusla üz-üzədir. Hər bir vətəndaş virusa yoluxmanın geniş şəkildə yayılmasında, özünü və ailə üzvünü virusdan qorumaq üçün tövsiyə və tələb olunan qaydalara ciddi şəkildə əməl etməlidir. Pandemiya başlayandan bəri yanvarın 6-da qeydə alan antirekordda həmin vaxt 24 saat ərzində 2 741 367 yoluxma halı aşkar edilmişdisə artıq, yanvarın 20-da qeydə alınan məlumata əsasən, həmin gün 24 saat ərzində 3 933 319 yoluxma halı aşkar edilmişdi. Bu olduqca ciddi bir rəqəmdir.
Bu gün dünyada koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı 340 milyonu, ölüm hallarının sayı isə 5,57 milyonu keçib. Ən çox yoluxma halı - 68 199 861 ABŞ-da qeydə alınıb. Ondan sonra Hindistan, Braziliya, Böyük Britaniya, Fransa yer alıblar. Ölüm halına gəlincə isə yenə də ən çox - 852 334 ABŞ-da qeydə alınıb. Azərbaycanda isə koronavirus infeksiyasına 630 min 420 yoluxma halı qeydə alınıb, 8 min 581 nəfər həyatını itirib. Bu göstəricilər əlbəttə ki, ölkəmizdə pandemiya baş qaldıran ilk gündən belə dövət tərəfindən ardıcıl olaraq görülmüş tədbirlər nəticəsindədir. Çalınan həyacan təbili, dövlətimiz tərəfindən reallaşan tədbirlər, vətəndaşların həmişə və istənilən şəraitdə olduğu kimi həmrəylik göstərməsi ölkəmizin dünya ölkələri üçün bir nümunəyə çevrilməsində mühüm rol oynadı.
Azərbaycanda COVID-19 koronavirus infeksiyasına ölkədə ilk yoluxma hadisəsi 2020-ci il fevralın 28-də qeydə alındı. Yoluxma həmin tarixdən bu günə qədər davam etməkdədir. Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə bütün zəruri, qabaqlayıcı addımlar atılıb. Bir müddət əvvəl ölkəmizdə bu virusa yoluxanların sayına ciddi dəyişikliklər – azalma müşahidə olunsa da, son günlər üç rəqəmi dörd rəqəmlər əvəz etməyə başlayıb. Əlbəttə ki, bu narahatlıq doğurmaya bilməz. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada kəskin artım müşahidə olunmaqdadır.

"OMİKRON" ŞTAMMININ "DELTA" İLƏ MÜQAYİSƏDƏ YAYILMA POTENSİALI DAHA ÇOXDUR

Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun "omikron" ştamının yayılması halları müşahidə olunur. 2021-ci ilin sentyabr ayında həftə ərzində milyona yaxın yoluxma halı qeydə alınırdısa, 2022-ci ilin yanvar ayının əvvəlinə təsdiq edilmiş yoluxma hallarının sayı təxminən yeddi milyona qədər artdı. Bu statistik rəqəmlər hər şeyi demiş olur. Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrin 12-də yanvarın 10-da "omikron" variantı aşkarlandı. Yuxarıda qeyd etdiyimiz statistik rəqəmlər və göstəricilər "omikron"a yoluxan insanların sayında sürətli artımın olduğunu bir daha təsdiqləmiş olur. Ekspertlərin fikrincə, "delta" ilə müqayisədə "omikron"a yoluxmanın nəticələri daha yüngüldür. Onu da bir daha vurğulayaq ki, "omikron" "delta" ilə müqayisədə daha böyük yayılma potensialına malikdir. Bu baxımdan yoluxma hallarında sürətli artım xəstəxanalara yerləşdirmə hallarında artıma səbəb ola bilər.

"DELTA"DA OLDUĞU KİMİ, "OMİKRON"DA DA PEYVƏND OLUNMAMIŞ İNSANLAR DAHA ÇOX ZƏRƏR ÇƏKƏCƏK

Bu gün ölkəmizdə yeni qaydalar tətbiq olunur. Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldıldı. "Delta" variantında olduğu kimi, "omikron"da da peyvənd olunmamış insanlar daha çox zərər çəkəcək. Odur ki, vaksinasiya yoluxmanın ağır fəsadlarından, mümkün ölümdən hər kəsin özünün sığortalamasıdır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə uğurla həyta keçirilir. Cənubi Qafqazda isə ilk olaraq Azərbaycan vaksinasiya işlərinə start verib. Xatırlatmaq yerinə düşər ki, ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi 2021-ci il yanvarın 18-də başlanıb və artıq bir il ötdü. Vaksinasiya 2021-2022-ci illər üçün təsdiqlənmiş Vaksinasiya Strategiyası çərçivəsində həyata keçirilir.
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 11 milyonu ötüb. Rəsmi statistikaya əsasən 24 yanvar taxin qədər birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 214 min 124, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 729 min 272 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 870 min 444 nəfər təşkil edir.
Əlbəttə ki, bu gün bir sıra dünya ölkələrində, eləcə də Azərbaycanda yeni aşkarlanan "omikron" ştamından qorunmaq üçün peyvəndlənmə yeganə çıxış yoludur. Mütəxəssilərin qənaətinə əsasən, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımız gücləndirici "buster" doza ilə vaksin olunmalıdır. Bununla yanaşı, maska taxmaq, əllərin yuyulması və ya antiseptik vasitələrdən istifadə, fiziki məsafənin saxlanılması, insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq, təcrid olunan yerlərin tez-tez havalandırılması və s. qaydalara, tövsiyələrə əməl edilməsi vacib hesab olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə