ƏBƏDİ QARDAŞLIQ RƏMZİ: ZƏFƏR PARADI

Prezident İlham Əliyev: "...Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır..."

Azərbaycan xalqının çoxəsrlik tarixi əlamətdar hadisələrlə zəngindir. Lakin etiraf etməliyik ki, son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbəsi yoxdur. Qazandığımız bu Zəfərdən bir il, bir ay keçsə də, istər ölkəmizdə, istərsə də ölkəmizdən çox-çox uzaqlarda hələ də danışılır, müzakirələr və tədqiqatlar aparılır. Əminik ki, əsrlər keçəcək əsrin müharibəsi sayılan Vətən savaşımızın Zəfər salnaməsi başqa xalqlar üçün də qəhrəmanlıq dastanı kimi örnək olacaqdır. Sözsüz ki, bu ZƏFƏR xalqımızın il ərzində qeyd etdiyi tarixi və bayram günlərini taclandıran bir Bayram kimi xalqımız var olduqca qeyd ediləcəkdir. Ərazi bütövlüyümüz bərpa olynduqdan sonra, Azərbaycan ictimaiyyəti 7-dən 77-yə hər kəs, qardaş Türkiyə, eləcə də, dünya azərbaycanlıları və Azərbaycanın dostları, hətta dövlət orqanları rəsmi elan etməzdən öncə sonsuz sevinc gətirmiş bu ZƏFƏRin Azadlıq meydanında təntənə ilə paradla qeyd edilməsini gözləyirdi və səsləndirirdi. Xalq səbirsizliklə AZADLIQ meydanında bu ZƏFƏRi qazanan Qəhrəman və Müzəffər Milli Ordusunun qüdrətini, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanın xalqa və dünyaya səslənişini gözləyirdi. Bu paradda bütün xalq Şuşa şəhəri azad edildikdən sonra, cəsur və igid hərbçilərimiz tərəfindən orada ucaldılmış Zəfər bayrağını görmək istəyirdi. Çünki bu həqiqətən də möhtəşəm bir tarixi hadisə idi və xalqımız bu şərəfli və qürurlu tarixin şahidi idi. Bu mənada 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin iştirakı ilə keçirilmiş ZƏFƏR paradı Azərbaycan xalqının tarixi yaddaşına əbədi yazılan bir hadisədir. Sözsüz ki, ölkəmizin bütün siyasi elitası, yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də paradda iştirak etmişdilər. Həmin gün bütün dünya mediası da ZƏFƏR paradını izləyirdi. Zəfər paradında 150-dək hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Eləcə də, müharibə zamanı erməni ordusundan ələ keçirilmiş qənimətin, hərbi texnikanın bir qismi də nümayiş etdirilmişdi. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsində olduğu kimi, parad vaxtı da ölkəmizin bütün ictimai-siyasi qüvvələri bir yumruq kimi həmrəylik nümayiş etdirirdi. Bu həmrəylik xalqımızın əvəzedilməz Liderinə olan inam, etimadın və onun ətrafında sıx birliyinin göstəricisi idi. Paradın qürurvericiliyi bir də onda idi ki, bütün müharibə boyu eləcə də parad vaxtı ölkəmizin bütün bölgələri xalq tərəfindən Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. ZƏFƏR paradının misilsiz əhəmiyyətə malik olması səbəblərindən biri də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda iştirak etməsi idi. ZƏFƏR paradı ictimaiyyət tərəfindən Qardaşlıq Zəfərinin rəmzi də adlandırılırdı. İki qardaş ölkənin LİDERLƏRİNİN paradı birgə qəbul etməsi və onların möhtəşəm çıxışları beynəlxalq ictimaiyyətə göndərilmiş çox ciddi xəbərdarlıq mesajları oldu. Bu mənada 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm ZƏFƏRƏ həsr olunmuş parad Türkiyə-Azərbaycan qardaşlığının əbədi rəmzinə çevrildi. Türkiyə-Azərbaycan dostluğu 44 günlük Vətən müharibəsində özünü daha qabarıq şəkildə göstərdi. Tək millət iki dövlət yaranmış zərurətdən tək ürək hətta tək dövlətə də çevrilə bildi. Biz xalqımızın 44 günlük Vətən müharibəsi zamanı Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hülusi Akar, TBMM-nin sədri Mustafa Şəntopdan tutmuş hər bir dövlət təmsilçisinin, qardaş ölkənin 7-dən 77-yə qədər hər bir vətəndaşının Azərbaycana yüksək siyasi-mənəvi dəstəyinin və həmrəyliyinin şahidi olduq. Müharibə igidi, ehtiyac dostu sınağa çəkər, deyirlər. O çətin və şərəfli günlərdə bütün Türkiyə Azərbaycan naminə səfərbər oldu, türk xalqının dəstəyi bizə tükənməz güc və ruh verdi. Təkcə Azərbaycan xalqı yox, Türkiyə də "Dəmir Yumruq" oldu. Bu birliyin nəticəsidir ki, ölkəmiz qısa müddətdə işğalçı ölkəni diz çökdürdü və möhtəşəm Qələbə qazanaraq, 30 illik işğala son qoyuldu. Qeyd etmək istərdim ki, Vətən müharibəsində bu iki qardaş xalqın və iki silahdaş Liderin münasibətləri daha möhkəmləndi. Müharibədən sonra qazandığımız möhtəşəm Zəfərlə bağlı keçirilən Parad isə məğlubedilməz gücümüzün, əbədi birliyimizin, sarsılmaz qardaşlığımızın və dostluğumuzun dünyaya, xüsusilə təcavüzkar Ermənistanı dəstəkləyən qüvvələrə nümayiş etdirilməsi idi. Bu sarsılmaz dostluğu möhtərəm Prezidentimiz İlham Əliyev 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında belə ifadə edib: "Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır və sevindirir. Və bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk."Rəcəb Tayyib Ərdoğanın "Türkiyə və Azərbaycan keçmişi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir" fikri də eyni amal uğrunda mübarizə aparan xalqlarımızın, beynəlxalq aləmdə də bir yumruq kimi birləşən ölkələrimizin dostluğunun necə yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirir. Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində göstərdiyi prinsipial mövqe, bu mövqeyə qardaş Türkiyənin qeyd-şərtsiz dəstəyi, mənəvi hamiliyi, ay-ulduzlu bayraqlarımızın hər zaman, hər yerdə birgə dalğalanması gücümüzə güc, ruhumuza ruh qatdı, Azərbaycan insanını özünə daha da inandırdı. Bu birlik böyük Qələbəmizi şərtləndirdi. Prezident İlham Əliyev tərəfindən "Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun istər Türkiyədə, istərsə də beynəlxalq təşkilatlarda, bütün səfərlərində açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır" - səsləndirilmiş bu fikirlər, dünyaya, xüsusən təcavüzkar Ermənistanı dəstəkləyən qüvvələrə mesaj idi. Bu, bir gerçəklikdir ki, Azərbaycanla Türkiyənin əbədi qardaşlığı və Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla Prezidentimiz Möhtərəm İlham Əliyev arasındakı sarsılmaz dostluq bütün dünyanın diqqətindədir. Bu dostluq haqqında, hətta dost olmayan ölkələrdə də danışılır, bu sarsılmaz dostluğu artıq hər kəs anlayır. Türk dünyasının iki böyük LİDERi – Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan isə bütün çıxışlarında bu dostluğu ən ali səviyyədə qiymətləndirirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Bu gün bizim birliyimiz dünya çapında bir amildir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Əminəm ki, bundan sonra da bizim qardaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir!" və ya Prezident Rəcəb Tayyib Ərdoğanın "Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman Böyük Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik..." dillər əzbəri olmuş bu fikirlər artıq aforizmə çevrilib. Bu, təbii ki, dostları sevindirir, düşmənə göz dağ verir. Əslində, Azərbaycanla Türkiyənin yüksəlişini qısqanclıqla qarşılayanlar, bölgədə fitnə və fəsad yaradanlar yaxşı bilirlər ki, bu iki ölkə yüz il bundan əvvəl də bir yerdə olub, bu gün də bir yerdədir və gələcəkdə də bir olacaqlar.

MƏLAHƏT İBRAHİMQIZI,

Azərbaycan Respublikasının Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə