Aşqabad sammitinin KULMİNASİYA NÖQTƏSİ - TƏHLİL

Azərbaycanın İƏT-in fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurması əlbəttə ki, təqdirəlayiqdir. Xüsusilə, tezliklə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı çox böyük uğur, nailiyyətdir. Çünki, İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.

Soçi görüşündən sonra cənab Prezident İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi, hansıki yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyi günün reallığıdır. Azərbaycanın son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi, Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacağı anlamına gəlir. Digər tərəfdən isə Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidentinin İƏT-də də “qurucu lider” kimi tanınması deməkdir.

Təbii ki, quruculuq işlərinə başlayan Azərbaycanla, “qurucu lider” kimi tanınan Azərbaycan Prezidenti ilə münasibətlərin tənzimlənməsində, yaxşılaşdırılmasında hər bir ölkə və həmin ölkənin rəhbəri maraqlıdır. Belə bir marağın təkcə biz özümüz şahidi olmadıq, bütün dünya bunun Aşqabaddakı XV Zirvə Toplantısında şahidi oldu. Şahidi oldu ki, dünya ölkələri, ələlxüsus region dövlətləri Azərbaycana maraq göstərir, ölkəmizlə münasibətlərin daha da yaxşılaşdırılması xüsusilə maraq dairəsindədir.

Ölkə başçısının, cənab Prezident İlham Əliyevin Aşqabadda İranın yeni seçilmiş dövlət başçısı İbrahim Rəisi ilə görüşünün, özü də ilk dəfə görüşünün reallaşması xüsusilə diqqət cəlb edir. Ələlxüsus, İran tərəfinin son vaxtlara qədər regionda məlum proseslərdə arzuolunmaz mövqeyini büruzə verməsindən, sonra da mövcud reallıqlarla barışaraq müsbət istiqamətdə münasibətlər qurmaq cəhdlərindən və meyillərindən sonra bu görüşün baş tutması diqqətdən heç cür yayına bilməz. Bu görüş həm də ondan xəbər verir ki, Azərbaycan və İran arasında olan münasibətlərdəki gərginlik atıq geridə qalıb. Ən vacib məqam isə ondan ibarətdir ki, İran tərəfi məhz Azərbaycanla əlaqələrin bərpa edilməsinin vacibliyini anlayır və bu Aşqabadda reallaşan görüş fonunda özünü biruzə verdi.

Doğrudur, beynəlxalq siyasətdə səmimilik, səmimiyyət axtarmaq, aramaq sadəlövhlükdür və belə bir niyyətimiz də yoxdur, amma sanki iki ölkə başçısının görüşü bir növ səmimi hislər, ən azından səmimi təsəvvürlər yaradırdı. Xüsusilə, İran kimi dəyişkən siyasət yürüdən, zaman-zaman fərqli yanaşma sərgiləyən bir dövlətin səmimi olması inandırıcı görünmədiyi halda, İranın yeni seçilən dövlət başçısının Azərbaycana meyilli olması, ölkə başçısı cənab İlham Əliyev ilə görüş keçirməsi ən azından bir sıra məqamlara aydınlıq gətirir. Bu da ondan ibarətdir ki, artıq İran Ermənistanın yanında olmağı deyil, Azərbaycanla münasibətləri normallaşdırmaq marağındadır. Artıq nəinki İran, bütün dövlətlər, dövlət başçıları yaxşı başa düşürlər ki, Azərbaycanla əlaqələrin yaxşılaşdırılması onların özləri üçün daha məqsədəuyğundur.

İran artıq dərk etməlidir və edir ki, Zəngəzur dəhlizinin açılması bu ölkənin maraqlarına xidmət etdiyindən həmin layihəni, həmin dəhlizi dəstəkləmək məcburiyyətindədir. Sözsüz ki, gec də olsa, İran artıq etiraf edir ki, dəhlizin açılması ilə Tehranın regionda tranzit imkanı artır. Deməli, ölkəsinin transit imkanlarını artıran dəhliz İran üçün maraq kəsb edir və artıq İran Ermənistanla deyil, Azərbaycanla əlaqələrdə maraqlıdır. Göründüyü kimi, rəsmi Tehran artıq regionda müharibədən sonrakı vəziyyəti, Azərbaycanın yaratdığı reallıqları qəbul etməyə başlayıb və bu özünü məhz Zəngəzur dəhlizinə münasibətdə, artıq yeni, fərqli yanaşmada biruzə verir. Əliyev-Rəisi görüşünün atmosferi elə bir təəssürat yaradır ki, sanki İran bu zamana qədər razılaşmadığı 3+3 formatına qoşulmaq həvəsindədir, hətta buna can atır. Məhz Aşqabadda XV Zirvə Toplantısı, bu görüşdə ölkəmizə olan maraq, iştirakçı dövlətlərin başçılarının bizi qələbə münasibəti ilə təbrik etməsi, İranın öz maraqlarının dəyişməsi və Azərbaycanla münasibətdə maraqlı olduğunu gizlətməməsi bu görüşün də ölkəmiz üçün hər mənada əhəmiyyətli olduğunu təsdiq edir. Bu baxımdan Azərbaycan üçün sammitin kulminasiya nöqtəsi cənab Prezident İlham Əliyevin iranlı həmkarı İbrahim Rəisi ilə görüşü hesab oluna bilər.

Nəzərə alsaq ki, hər iki ölkə rəhbərinin Aşqabadda görüşündən bir ay əvvələ kimi Azərbaycanın sərhədlərini pozaraq sülhməramlıların nəzarətində olan ərazilərimizə qeyri-qanuni yük daşıyan, Azərbaycanı İsraillə ona qarşı əməkdaşlıqda ittiham edərək, sərhədyanı ərazilərimizdə hərbi təlimlər keçirən İranın prezidenti cənab Prezident İlham Əliyevlə görüşü zamanı qardaşlıqdan söz acdı və bu heç də əbəs yerə, təsadüfi deyildi. Nə də, təbii ki, səbəbsiz ola bilməzdi. Cəmi iki aya yaxın bir müddət ərzində İranla Azərbaycanın münasibətlərinin yenidən bərpa olunması, əvvəliki səviyyəyə çatdırılması birbaşa olaraq, məhz Azərbaycanın dəstəyi ilə İranın qlobal Şərq-Qərb tərəfdaşlıq formatına qoşulması ilə bağlıdır və bunu da görünür, İran tərəfi yüksək qiymətləndirir.

Azərbaycanla münasibətlərin bərpasına kənar müdaxilənin yolverilməzliyini və qarşılıqlı problemlərin iki ölkə tərəfindən həll edilməsinin vacibliyini İran prezidentinin vurğulaması da təsadüfi deyil və sıra məqamlardan xəbər verir. Əvvəla, bu onu təsdiq edir ki, bu məsələdə İran tərəfi rəsmi Bakının müstəsna rolunu və iradəsini başa düşür, qəbul edir. Yəni, rəsmi Tehran məhz Azərbaycanın mövqeyini dəstəkləməyin özü üçün daha əhəmiyyətli olduğu qənaətindədir. Digər tərəfdən isə, bu, həm də açıq şəkildə etirafdır. “Heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər və öz məsələlərimizi özümüz həll etməliyik”, deyən İran prezidenti bununla Ermənistanın mövqeyinin artıq bundan sonra münasibətlərə təsir edə bilməyəcəyini bir növ bəyan edir. Yəni, İran liderinin belə bir yanaşması əslində, ondan xəbər verir ki, bundan sonra erməni maraqları iki ölkə arasındakı münasibətlərə heç bir şəkildə təsir etməyəcək və artıq bölgədəki yeni reallıqları İran tərəfi də qəbul edir. Məhz buna görə də İran lideri ilə Azərbaycan Prezidentinin görüşünün sammitin kulminasiya nöqtəsi olduğu qənaətindəyik.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə