Ermənistanın KTMT fiaskosu... TƏHLİL

KTMT-yə üzv ölkələrin Azərbaycanı təbrik etməsi Ermənistanın bu qurumda heç bir dəyərə malik olmadığının göstəricisidir

Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci Zirvə Görüşünün yekun Bəyannaməsində Azərbaycana təbrik ünvanlanıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir: «Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq". Azərbaycana təbrik ünvanlayan ölkələrdən üçünün Ermənistanın da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olması isə Aşqabad Bəyannaməsində ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı yer alan məqamların əhəmiyyətini daha da artırır, həmçinin bu quruma üzvü olan ölkələrin, o cümlədən Qırğızıstan və Qazaxıstanın Azərbaycanı ikinci Qarabağ müharibəsində qələbə qazanması münasibətilə təbrik etməsi, Belarusun regionda münaqişənin bitməsini, regionda sülhün bitməsini dəstəkləməsi Ermənistanın uğurlu xarici siyasətinin, o cümlədən Qarabağ məsələsində KTMT-dən hər hansı (hərbi, siyasi-red) dəstək alacağı ilə bağlı planlarının xülya olduğunu bir daha sübuta yetirməsi, şübhəsiz ki, Prezident İlham Əliyevin növbəti diplomatik uğuru və qələbəsi, Ermənistanın KTMT fiaskosudur.

Təşkilatın aparıcı ölkələri Azərbaycan rəhbərliyini və xalqını Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etməklə bir zamanlar mövcud olmuş bu münaqişədə rəsmi Bakının yanında yer aldıqlarını açıq-aşkar bildirdilər. Həmin ölkələr Ermənistanla uzun müddətdir bir təşkilatda təmsil olunmalarına baxmayaraq, Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi qəbul etdiklərini nümayiş etdirdilər.

"KTMT-ya müraciət etmək Ermənistanın qorxaqlığının növbəti təzahürüdür"

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi onun qorxaqlığının növbəti təzahürüdür. Dövlət başçısı bildirib ki, bu çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməklə, ona-buna yalvarmaqla və hay-haray qaldıraraq «qoymayın bizi burada indi boğacaqlar, məhv edəcəklər» deməklə Azərbaycan dövəltinin, liderinin diplomatik siyasəti qarşısında bir daha qorxaqlıqlarını göstərir. Belə olan halda KTMT-nın buna nə dəxli var? Çünki Azərbaycan Ermənistanın dövlət sərhədini pozmayıb, təxribat törətməyib və törətmir, Ermənistan ərazisinə (əgər belə deməli olsaq- R.H) keçməyib. Belə olan halda KTMT-nın bu işə nə dəxli ola bilər? İkincisi, bir daha bu addım onların acizliyini, qorxaqlığını göstərir və onu da ilk gündən anlayırlar ki, qalib lider diplomatik siyasəti qarşısında təkbaşına duruş gətirə bilməyəcəklər və bilmirlər də! Və Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal KTMT-yə qaçdılar ki, bunları müdafiə eləsin. Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı bildirib ki, Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal KTMT-yə qaçdılar ki, bunları müdafiə eləsin: «Mən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər».

Kasım-Jomart Tokayev: "Azərbaycanı ikinci Qarabağ müharibəsində təbrik edərək, Ermənistanın KTMT-yə tuşlanan ümidlərini birdəfəlik yox etdi"

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Azərbaycanı ikinci Qarabağ müharibəsində təbrik edərək, Ermənistanın KTMT-yə tuşlanan ümidlərini birdəfəlik yox etdi. Prezident İlham Əliyevi təbrik edən Qazaxıstan lideri “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan milli bayramınız münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılmışdır”, - deyə Kasım-Jomart Tokayev vurğulayıb. Qeyd edək ki, noyabrın 8-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Aleksandr Lukaşenko Azərbaycanla Ermənistan arasında çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıb. O, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyinə xüsusi diqqət yetirib. Belarus Prezidenti vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.

Həmçinin, Qırğızıstan Prezidenti Sadır Japarov da qələbə münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib. S.Japarov Qırğızıstanın eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanı qardaş ölkə kimi qəbul etməsini diqqətə çatdırıb. O, İkinci Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib, 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsi zəmin yaradacağına ümidvar olduğunu söyləyib.

Ermənistanın KTMT-də hər hansı rolu, nüfuzu yoxdur

Bir sözlə, sadalananlar göstərir ki, həm regionda, həm də dünya miqyasında ciddi rol oynamayan Ermənistanın KTMT-də hər hansı rolu, nüfuzu yoxdur. Belə ki, istər ikinci Qarabağ müharibəsindən əvvəl, istərsə də 44 günlük müharibənini gedişatında Ermənistan rəhbərliyi dəfələrlə KTMT-dən dəstək alacağı, habelə təşkilatda Azərbaycan əleyhinə qərarların qəbul ediləcəyi barədə açıqlamalar vermişdilər. Lakin İrəvan rəhbərliyinin bu vədlərinin xülyadan başqa bir şey olmadığı üzə çıxdı. Bu, belə də olmalı idi.

Çünki bütün bunlar Azərbaycan Respublikasının Prezidentinin yürütdüyü uğurlu xarici siyasətin, mükəmməl diplomatiyanın bəhrəsidir. Müzəffər Ali Baş Komandan yalnız hərbi sahədə deyil, siyasi sferada da Ermənistanı ağır məğlubiyyətə uğradıb. Prezident İlham Əliyevin regional və dünya miqyasında yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın dünya ölkələri ilə səmərəli ikitərəfli və çoxtərəfli əməkdaşlığını daha da dərinləşdirib. Bu isə aparıcı dövlətləri Azərbaycanın təkcə iqtisadi sahədə deyil, siyasi, hərbi sferalarda da müttəfiqinə çevirib. Son nəticə isə göz qabağındadır: - Ermənistanın KTMT-yə olan ümidləri boşa çıxıb, planları fiaskoya uğrayıb.

Rus diplomat İrəvanı hədələdi: “Üçtərəfli anlaşmanı imzalamısansa..."

Rusiyanın Ermənistandakı səfirinin keçmiş müşaviri Viktor Krivopuskov Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşü ilə bağlı “Hraparak”ın sualına cavab verərkən KTMT-nin 44 günlük müharibə və bundan sonrakı prosesdə Ermənistanın müraciətinə adekvat cavab verməməsinə də münasibət bildirərək İrəvanın baş verənlərlə bağlı KTMT və Rusiyaya rəsmən müraciət etmədiyini söyləyib: «Mətbuatda dəfələrlə yazılıb və Vladimir Putin də bildirib ki, KTMT və Rusiyanın cavabı üçün nizamnamələr və lazımi prosedurlar var. Erməni tərəfi hər şeyi sözdə edir, amma sözünü hüquqi baxımdan gücləndirmir ki, bu da açıq-aşkar təxribatçı amildir". Jurnalistin “Bəlkə İrəvanın şübhəsi var ki, hətta qanuni müraciət olunsa belə dəstək olmayacaq?” sualını rusiyalı siyasətçi belə cavablandırıb: «Bəs niyə qoşulmusunuz? Təbii ki, bu suala Ermənistanın indiki rəhbərliyi cavab verməlidir. Yenə soruşuram, KTMT-yə kim müraciət edib? Biz yalnız söz eşidirik. Necə deyim, sözü əmələ çevirmirlər".

Sabiq diplomatın Brüsseldə keçiriləcək görüşdə liderlərin hansısa sənədi imzalaması məsələsinə münasibəti belə olub: “Bəli, xalq bilməlidir ki, hökumət üçtərəfli formatdan kənara çıxaraq hansı addımları atır. Yaxud Ermənistan hökuməti ora necə gedir və orada hansı məsələlər müzakirə olunacaq? Bunu mən bilmirəm, çünki Ermənistanın baş naziri deyiləm. Əgər o, öz xalqına məlumat verməsə, o zaman Moskva və Brüssel arasında tamamilə sıfır olan münasibətləri nəzərə almalıdır. Əgər bu məsələ üçtərəfli səviyyədə razılaşdırılıbsa, bunlar Moskva, Bakı və İrəvan arasında həll olunmalıdır".

Üzeyir Cəfərov: «Ermənistan təxribatlar törətməyə təhrik olunur və bu, onların xeyrinə olmayacaq»

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Azərbaycan Ermənistanın daha ağır təxribatlarına hazır olmalıdır. Onun sözlərinə görə, baş verən hadisələrin bir neçə səbəbi var, onlardan biri də Türk Şurasının yaranması ilə bağlıdır: “Türk Dövlətləri Təşkilatının yaranması və orada Azərbaycanın regionda əldə etdiyi qələbə və digər məsələlər bəzilərinə hələ də pis təsir edib. Azərbaycan qətiyyət göstərməli və məsələlərin həllinə nail olmalıdır”.Ermənistan rəsmilərinin KTMT-yə və Rusiyaya müraciətlərinə gəlincə isə Üzeyir Cəfərov bildirib ki, Ermənistan tərəfi 44 günlük müharibədə də KTMT-nin aktiv müdaxiləsini çox istəyirdi, amma bu alınmadı. Ekspertin sözlərinə görə, Ermənistan təxribatlar törətməyə təhrik olunur və bu, onların xeyrinə olmayacaq: “Artıq illərdir bu hadisələr təkrarlanır. Ermənistan düzəlmək istəmir və başqalarının fikirləri ilə oturub-durur. Onların heç gücləri də yoxdur ki, Azərbaycanla mübarizə apara bilsin. Ermənistanı bu məsələlərə təhrik edənlər var, amma zərbə elə ermənilərin özlərinə dəyəcək. Onları təhrik edənlər isə kənarda qalacaqlar”.

Göründüyü kimi, Ermənistan tərəfindən sərhəddə törədilən təxribatlar Azərbaycan dövlətçiliyinə qarşı xain planın tərkib hissəsidir və təxribatları törədənlər Ermənistan hökuməti və ordusundakı revanşist qüvvələrdir, məqsədləri isə Paşinyan hakimiyyətini devirməkdir.Və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.

Bir sözlə, bu gün əldə olunan bu uğurların nəticəsidir ki, KTMT-yə üzv olan ölkələr Azərbaycanı təbrik etməklə bir daha Ermənistanın bu qurumda heç bir dəyərə malik olmadığının təsdiqlədi. Çünki Azərbaycan hər zaman hər bir görüşlərdə sülhməramlı niyyətini ortaya qoyur və məğlub tərəf sülh müqaviləsinin şərtlərini qəbul etməli və razılaşmalıdır!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...