"Zəngəzur dəhlizi artıq reallığa çevrilir" -POLİTOLOQ ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin Aşqabaddakı çıxışında bir çox məqamlar var idi. İlk olaraq İƏT Azərbaycanın töhfələridir. Çünki, bilirik ki, Qoşulmama hərəkatında və onun sədri yolunda, həm Covid-19-a qarşı mübarizə və beynəlxalq birliyin yaradılması, həm də Qoşulmama hərəkatının beynəlxalq əlaqələrinin genişləndirilməsi məsələsində mühüm işlərə imza atılıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanın pandemiyaya qarşı mübarizədə BMT tərəfindən dəstəklənən təşəbbüsləri var. “Prezident İlham Əliyev də bu mesajı verdi ki, eyni təcrübəni istənilən əməkdaşlıq təşkilatı ölkələri ilə də bölüşə bilərlər. Bu məsələnin birinci tərəfi odur ki, İƏT üçün atıla biləcək addımlar var. Digər tərəfdən isə iki ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizi ilə bağlı deyilənlər idi. Prezident İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir və İƏT-ə üzv olan ölkələri də bu dəhlizdən istifadə etməyə dəvət etdi. Bilirsiniz ki, İƏT-ə üzv olan ölkələr Pakistan, Əfqanıstan, Cənub-Şərqi Asiya ölkələridir, o cümlədən Mərkəzi Asiya ölkələri, həmçinin Türkiyə və İran da bu təşkilatın üzvüdür. Soçi görüşündən sonra belə bir açıqlama verilməsi artıq həmdə onun mesajıdır ki, Azərbaycan istədiyinə nail olub. Çünki, bilirik ki, görüşdən öncə Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı öz mövqeyini ortaya qoydu, yəni anlaşmadan çıxıldı. Xüsusən də həmin dəhlizin dəhliz kimi yox nəqliyyat yolu kimi açılmasının vacibliyini bildirir və nəzarət buraxılış məntəqəsinin qurulmasını istəyirdi. Soçi görüşündə 10 noyabr və 11 yanvar bəyanatlarına istinad edilməsi onu göstərdi ki, burada Ermənistanın mövqeyi qəbul edilmir, Azərbaycanın istəyi qəbul edilib. Bundan sonra Prezident İlham Əliyevin Aşqabadda İƏT ölkələrini Zəngəzur dəhlizindən istifadəyə çağırması o deməkdir ki, artıq bu məsələ həll edilib, artıq reallığa çevrilib. Bununla yanaşı isə post-münaqişə dövrü ilə bağlı verdiyi mesajlar var ki, bu dövr 3 istiqamətə ayrılır. Birincisi odur ki, arıtq münaqişə bitib, bunu Azərbaycan Prezidenti növbəti dəfə bir xatırlatma ilə gündəmə gətirib. İkinci tərəfi isə işğal dövründə Ermənistanın ümumiyyətlə İslam abidələrinə qarşı törətdiyi vandalizmin gündəmə gətirilməsidir. Bilirik ki, erməni lobbisi müharibədən sonra Azərbaycan, xristian abidələrini məhv edir kimi iddialar irəli sürüb. Belə bir məqamda Prezident İslam ölkələrinə də çalışırdı ki, Ermənistanın işğal dövründə məhv etdiyi İslam abidələrinin bərpası prosesində iştirak edə bilərlər. Bu həm də İslam ölkələrinin dəstəyinin əldə edilməsinə hesablanmışdır. Digər məqam isə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasıdır, burada Prezident İlham Əliyev ərazilərdə görülən işlərdən danışdı. Həm də burada İlham Əliyev sərmaye mühitindən və iqtisadi inkişafdan da bəhs etdi. Xarici ölkələr sərmaye mühitinin yaxşı olduğu ölkələrə kapital yatırırlar. Belə bir məqamda xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində Azırbaycanın buna ehtiyacı var. Dövlət başçısı bununla bağlı Aşqabadda çağırışlar etdi”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə