Zəngəzurda toqquşan maraqlar - ANALİZ

Fransanın 2,4 milyardı, İran qazı, Rusyanın dəhliz marağı, Naxçıvana açılan qapı və...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə işgüzar səfərdə olarkən Fransanın “Fiqaro” qəzetinə verdiyi müsahibədə öz ölkəsinin maraqlarından çıxış edərək bir çox sualları iddialarından da yüksək cavablandırıb. Mirzoyanın Türkiyənin regionda artan rolu, ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqların bərpası, YUNESKO-nun Dağlıq Qarabağa humanitar məqsədlərlə daxil olması, Ermənistan ərazilərindən keçəcək Zəngəzur dəhlizi barədə öz çapından artıq iddialı danışması bu ölkənin 44 günlük müharibədə aldığı zərbədən hələ də ayılmadığına bir işarədir.

Azərbaycanın Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi barədə A.Mirzoyanın dedikləri nəinki dövlət rəsmisinin, heç adi vətəndaşın düşüncəsinə uyğun gəlməyən mövqedir. O, dəhlizin ümumiyyətlə, müzakirə mövzusu olmadığını iddia edib. Halbuki, Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın bir bəndi də kommünikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması barədədir. Erməni xislətindən doğan yanaşmanı bir kənara qoyaraq deyə bilərik ki, Zəngəzur dəhlizinin olmayacağı, yaxud yazılmayacağı sənədin növbəti bəndində də Ermənistan rəsmiləri və vətəndaşları “Laçın dəhlizi də yoxdur” ifadəsini oxuya bilərlər.

Maraqlı bir mənzərə yaranır, rəsmi sənədlərdə kommünikasiya xəttlərinin açılması barədə ağ vərəq üzərində qara hərflərlə qeydlər yazılır. Bu bəyanatdan bir il keçəndən sonra isə münaqişədə məğlub olmuş tərəf – Ermənistan özünə sərf edən variantın mövcudluğundan danışır, əksinə özünə sərf etməyən digər bəndləri inkar edir. Bunu necə başa düşək? Ermənistan bu addımı ilə hansı problemlərlə üzləşəcəyinin fərqindədirmi? Normal cəmiyyətlər, ölkələr bu addımı atmaq istəməzlər, amma Ermənistan kimi həm Avropanın, həm də Rusiyanın “for-post”u olan marionet ölkədən hər bir addımı gözləmək olar.

Bəs rəsmi İrəvanın qulağına bu həvəsə düşməyi kim pıçıldayıb, yaxun Ermənistana bu cəsarəti kim verib? Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu 30 il ərzində beynəlxalq qanunlara istinadən münaqişəni həll etmək, Ermənistana yerini göstərmək istəmədilər, işğalçılığın sonunun pis olacağını, işğal zamanı azərbaycanlılara qarşı həyata keçirdikləri vandallığın, soyqırımının, insanlığa qarşı vəhşiliyin bədəlinin ağır olacağını bu barbar millətin yadına salmağı düşünmədilər. Əslində bu hərəkətləri ilə Minsk qrupunun həmsədr ölkələri həm öz beynəlxalq nüfuzlarının heçə endirdilər, həm də erməni qardaşlarını bütün regionun xalqları ilə düşmən etdilər. Ermənistanın Türkiyəyə, Azərbaycana, Gürcüstana qarşı ərazi iddialarından maksimum yararlanmağa çalışan Qərb və Rusiya bu ölkənin düşəcəyi dərin quyunun artıq qazıldığını ona xatırlatmaq istəmədilər, əksinə gizlətməyə çalışdılar.

İnanırıq ki, Ermənistanın İran, Avropa və Rusiyanın iqtisadi maraqlarının qurbanı olduğunu kimsə nə yazıb, nə də yada salıb. Əslində Ermənistan da bunun belə olmadığına özünü daim inandırmağa çalışıb. Fakt isə budur ki, Ermənistan düşdüyü ağır durumdan qurtulmaq üçün çabaladıqca özünü ona dost göstərən dövlətlər onu bir az da dərinə itələyiblər, çalışıblar ki, İrəvan onlardan daha çox asılı vəziyyətə düşsün. Gələk əsas mətləbə...

44 günlük müharibədən qalib çıxan Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dağıdılan infrastrukturu bərpa etməklə yanaşı Naxçıvanla yerüstü əlaqələri həm avtomobil, həm də dəmiryolu xəttini bərpa etmək üçün geniş layihələr həyata keçirmək niyyətində və əzmində olduğunu ortaya qoydu. Zəngəzur gəhlizi adlanan bu layihənin həyata keçirmək Azərbaycanın haqqıdır. Bundan heç kimin şübhəsi olmasın. Hadisələrin gedişi də göstərir ki, bu meqalayihələrdən narahat olan və buna əks gedən dövlətlər və beynəlxalq güclər də az deyil. Necə deyərlər, həmin mərkəzlərin maraqları bu dəfə Zəngəzurda toqquşur. Bir qüvvə dəhlizin açılmasında, digəri isə, əksinə layihənin həyata keçməməsində maraqlıdır.

Qoca Avropa həmişə olduğu kimi Rusiyanı zəiflətmək, hətta SSRİ kimi ayrı-ayrı subyektlərə parçalamaq və sahiblənmək kimi plana sahibdir. Əlbəttə, bu o qədər də asan məsələ deyil. Amma mümkünsüz də deyil. Rusiya da bu planı bilir və buna qarşı çeşidli tədbirlər görür. 10 il bundan əvvəl Rusiya Avropa Birliyinin əsas qaz tədarükçüsü idi. Bir sözlə, qaz monopoliyası Rusiyanın “Qazprom”una məxsus idi. Avropa Birliyi bundan narahat olsa da, vəziyyəti dəyişməyə çalışsa da, sonda yenə üzünü Rusiyaya tutmalı olurdu. Yaxın Şərq ölkələrinə ümid bağlamaq isə sadəcə, ağılsızlıq olardı.

Və nəhayət Avropa Birliyi Rusiyadan qaz asılılığını azaltmaq qərarına gəldi, öncə qiymətlərin ucuzlaşdırmağı tələb etdi, bu mümkün olmadıqca Ukraynadan keçən tranzit qaz xəttini əngəlləmək üçün iki ölkə arasında münaqişə yaratdı. Plan “uğurla” həyata keçsə də, sonda udan tərəf yenə Rusiya oldu. Qazın qiyməti Avropada 140 dollardan 2000 dollara qədər bahalaşdı. Avropa qaz böhranı ilə baş-başa qaldı. “Şimal axını-2” qaz xəttinin də Rusiyanın Avropaya qarşı yeni tələsi olduğunu hər kəs bilir. Ukraynadan keçən Urenqoy-Ujqorod qaz xəttinə qarşı Avropa Birliyinin təxribatı əksinə, Rusiyanın Türkiyə üzərindən keçən “Cənub axını”nın reallaşmasınü sürətləndirdi. Beləliklə, Rusiya-Türkiyə iqtisadi tərəfdaşlığı yarandı. Bu isə Avropa Birliyinin yeni planlar üzərində işləməyə vadar etdi. Ehtiyat və son variant kimi İran dövrəyə gətirildi...

Ermənistan Rusiyanın “for-post”u, Cənubi Qafqazdakı ən böyük hərbi bazasının olduğu yeganə ölkədir. Bu ölkəni itirmək Rusiyaya Cənubi Qafqazı itirməyə bərabərdir. Qeyd edək ki, Rusiyanın Ermənistanla quru sərhəddi də yoxdur, yalnız hava nəqliyyatı vasitəsilə yüklərin daşınması isə çox baha başa gəlir. Bəs nə etməli? Rusiya Avropa Birliyinin onun iqtisadi marşrutlarına yaratdığı əngəllər Cənubi Qafqazdan, daha doğrusu Azərbaycandan keçən dəmiryolu xəttini aktuallaşdırdı. Amma Azərbaycanın bu əraziləri Ermənistanın işğalı altında qaldıqca Rusiyanın bu planı baş tutan deyildi. Belə olan halda Rusiya əlini Ermənistanın kürəyindən çəkməli, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə mane olmamalı idi. Yalnız bundan sonra Rusiyanın da istifadə edəcəyi və yüklərini Ermənistana daha ucuz qiymətə daşıya biləcəyi dəmiryolu xəttinin bir az da uzağa - Naxçıvana, oradan isə Türkiyəyə qədər uzanması təmin oluna bilərdi. Reallıq budur ki, Azərbaycan öz hərbi gücü hesabına BMT-nin 30 ildə edə bilmədiyini 44 gündə həll etdi. İndi növbədə Zəngəzur dəhlizidir...

Görünən budur ki, Rusiya dəhlizin açılmasından təkcə Ermənistana yük daşımağı düşünmür, həm də alt qatda olan maraqlarını təmin etməyi planlayır. Bəs bu planlar nədir? Bu məqsədlərdən biri və birincisi Fransanın Rusiyanı Avropanın qaz bazarından vurub çıxarmaq üçün İranı dövrəyə soxmaq istəyidir. Bunun üçün də hələ Tramp ABŞ prezidenti olarkən Fransa prezidenti Makronla görüşünü yada salmaq gərəkdir. Yadınızdadırsa, Tramp İrana qarşı sanksiyaların bir qismini aradan qaldırmışdı. Bunu da Fransaya sərf edən şərtlərlə. Yəni sanksiyalar müvəqqəti aradan qalxandan sonra İranın Avropa banklarında olan milyardların bir hissəsi Tehranın əlinə keçdi, desək düzgün olmaz. Çünki, həmin milyardar birbaşa Fransanın hesabına köçürüldü, “Airbus”ların alınmasına, İranın təyyarə parklarının yenilənməsinə. Fransanın bu “jest”indən yararlanan İran isə uzun illər saksiya ucbatından anbarlarda yığılıb qalan ucuz qazını Avropa bazarına çatdırmağı düşünürdü.
Bir az əvvələ gedək. İran qazını Avropaya çatdırmaq üçün Fransanın təkidi ilə bir çox variantlar, əməliyyatlar düşünülmüşdü, yollar axtarılmışdı. İki yoldan birincisi, İraq-Suriya-Aralıq dənizi-Avropa marşrutu idi. İkinci yol isə Türkiyədən keçə bilərdi. Bu isə Fransanı qane etmədiyindən rəsmən boykot edildi. Qaldı İraq-Suriya yolu. Bu marşrutun tikintisi planlaşdırılan dönəmdə Suriyada və İraqda “ərəb baharı” baş verdi, daha doğrusu işə salındı. Məqsəd hər iki dövləti zəiflədib onların ərazilərindən az xərclə kəmərlərin çəkilməsi idi. Amma Hafiz Əsədin dönəmindən Suriyada mövcudluğunu qoruyan Rusiya bu plana qarşı çıxdı. Fransa PKK və özünün yaratdığı İŞİD-ə yardımlarını artırsa da bu terrorçi qruplar Fransanın arzularını gerçəkləşdirə bilmədilər.

Növbəti marşrut isə Fransanın ortaya atdığı yeni – İran-Ermənistan-Gürcüstan-Qara dəniz- Bolqarıstan-Yunanıstan marşrutudur. Fransanın Avropa Birliyi adından Ermənistana 2,4 milyard avro maliyyə vəsaiti ayırmasının səbəblərini də elə burada axtarmaq lazımıdr. İran Fransanın dəstəyi ilə hələ mövcudluğu sual altında olan qaz kəməri barədə planlar qurur. Təbii ki, bunu İranın maraqlarından yozsaq qeyri-adi heç nə yoxdur. Uzun illər saksiyalarla baş-başa qalan ölkə iqtisadi tənəzzüldən qurtulmaq istəyir. Amma bunu qonşusunun itkiləri üzərindən etməyə qalxan hər bir dövlət bunun bədəlini ödəməyi də gözə almalıdır. Rusiya bu mənada İranın qarşısında duran ən böyük maneədir. Rusiya Zəngəzur dəhlizini açmaqla Ermənistana ucuz nəqliyyat xətti əldə etməkdən çox, onu Avropanın qaz bazarından vurub çıxarmaq istəyənlərə meydan oxuyur. Yəni Avropa bazarını menyüdən çıxarmaq hələ tezdir, İran özünə başqa bazar axtarsın.

Məsələ burasındadır ki, Zəngəzur dəhlizindən hərə öz çapında qazanacaq. Əsas odur ki, Azərbaycan bir çox beynəlxalq güclərin maraqlarının toqquşduğu dəhlizdə qazanan tərəf olsun.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...