Dövlət başçısının Sərəncamı ilə Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa ediləcək
Azərbaycan öz təbiəti, florası və faunası ilə zəngin bir dövlətdir. Bu ərazinin çayı, dənizi, dağı və s. ölkəmizin zəngin və təkrarsız bir təbiətə malik olmasını göstərir. Ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasətinin nəticəsində ölkəmizin təbətinə də ciddi ziyan dəymiş, həmin ərazilərdə ekoloji tarazlıq pozulmuşdur. Belə ki, Azərbaycanın 30 ilə yaxın işğal altında olmuş ərazilərində ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə dəymişdir. Ekoloji terror aktları törədərək meşələri yandıraraq öz hərbi məqsədləri üçün bundan istifadə etmişdir. Milli parklar da daxil olmaqla qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə belə tutulmuşdur. Azərbaycanın "Qırmızı Kitabı"na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na daxil edilmiş nadir təbiət inciləri məhv edilib, flora və faunaya külli miqdarda ziyan dəyib. Ermənilərin törətdikləri ekoloji terror ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən, "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi" haqqında BMT konvensiyasının pozulması deməkdir. Erməni qəsbkarlar ərazilərimizi işğal altında saxladıqları dövrdə, Bəsitçay Dövlət Təbiət Qoruğunda da ekoloji terror törədiblər. Mənfur düşmən qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Bu gün işğaldan azad olunan ərazilərdə böyük abadlıq və quruculuq işlərinə başlanılıb. Eləcə də təbiətə yeni bir nəfəs gəlib. Yaşıllıqlar salınır, ağaclar əkilir, ekoloji mühit təmizlənir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa ediləcək.
Xatırladaq ki, Bəsitçay Dövlət Təbiət Qoruğu nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılıb. Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib. Dünyada çinarın 7 növü var ki, Azərbaycanda isə onun yalnız bir növü - şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılmışdır. Mənbələrdə qeyd edilir ki, Bəsitçay dövlət təbiət qoruğunun 100 hektarını çinar meşələri tutur. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Bəsitçay dövlət təbiət qoruğu 27 il Ermənistan ordusunun işğalı altında olub və qoruq məhv edilmişdir. Bəsitçayın əsas təbiət kompleksi sayılan 200 illik tarixə malik çinar ağacları qəddarcasına kökündən çıxarılaraq məişətdə istifadə edilib. Bu, erməni vandalizminin növbəti əməlləridir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Sərəncamda qeyd olunduğu kimi, bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun "yaşıl zona"ya çevrilməsinə şərait yaradacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB