"Azərbaycan və Türkiyə hər zaman qardaş olaraq bir yerdə inkişaf edəcək" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Bu gün Azərbaycan öz tarixinin ən şanlı günlərini yaşayır. Azərbaycan ötən ilin sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində tarixi və parlaq zəfər qazanmaqla işğal altında olan Azərbaycan torpaqlarını işğalçılardan azad etdi. İşğaldan azad edilmiş ərazilərdə, əlbəttə ki, dərhal yenidənqurma, bərpa işləri aparılırdı. Burada qısa müddət ərzində nəhəng işlərin görülməsi cənab Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın nə qədər güclü və qüdrətli olduğunu göstərir". Bunu SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, digər tərəfdən bugünkü tarixi gündə qardaş ölkə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi məhz qısa müddət ərzində ərsəyə gəlmiş Füzuli hava limanının ilk rəsmi qonağı olması bir daha Türkiyə- Azərbaycan qardaşlığının növbəti bir təzahürüdür və bir daha bütün dünya gördü ki, Azərbaycan və Türkiyə hər zaman qardaş olaraq bir yerdə inkişaf edəcək.

Cavid Osmanov bu barədə fikrini belə izah edib: "Eyni zamanda Füzuli hava limanının açılışından sonra simvolik olaraq Qarabağın açarlarının hər iki ölkə başçısına verilməsi, əlbəttə ki, tarixi bir hadisədir. Bu açarlar ilk növbədə işğaldan azad edilmiş tarixi ərazilərimizə məhz giriş açarı kimi də qiymətləndirilə bilər. Açarın həm də qardaş ölkənin prezidentinə verilməsi ən yaxşı qardaşılıq nümunəsidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...