Müstəqilliyimizin bərpası: 1-ci Respublikadan 3-cü Respublikaya aparan yol - ANALİZ

Müstəqilliyi qazanmaqdan daha vacib və daha çətin bir iş var - bu, onu qoruyub saxlamaqdır - Heydər Əliyev

1991-ci il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini bərpa edib. Həmin gün respublika parlamenti- Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Məhz bu səbəbdən 18 oktyabr Azərbaycanın yeni tarixində əlamətdar günlərdən biridir.

Sovet İttifaqının dağılması və "soyuq müharibə"nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi olduqca önəmli, tarixi hadisə idi. Azərbaycan xalqı illər uzunu azadlıq, müstəqillik ideyalarını özündə yaşatmışdı. 1918-1920-ci illərdəki elan olunan ilk respublika bu ideyanın gerçəkləşdirdi, amma təəssüf ki, uzunömürlü bir müstəqilliyə imza ata bilmədi və həqiqi müstəqil dövlət kimi beynəlxalq aləmdə yerini tuta bilmədi. Cəmi 2 il ömür sürən ilk respublikamız 1920-ci ilin mayınadək mövcud oldu.

1920-ci ildə 28 aprel sosialist inqilabından sonra yaranmış 2-ci respublika - Azərbaycan Sovet Sosialist Respublikası da müstəqil dövlət kimi 2 il mövcud oldu, 1922-ci ildə Sovet İttifaqına daxil oldu və ümumilikdə 71 il yaşadı.

3-cü respublikanın yaranması isə daha mürəkkəb proseslərdən keçdi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının müstəqil dövlətçiliyə sahib olmaq hissləri digər müttəfiq respublikalara nisbətən daha impulsiv və bariz şəkildə özünü göstərirdi.

Azərbaycanın müstəqillik yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlandı. Proseslər 1990-1991-ci illərdə daha geniş və aktiv şəkildə cərəyan etdi. Yanvar hadisələri isə bu aktivliyi, mücadiləni daha da alovlandırdı.

Ermənilərin Azərbaycan ərazisi olan Qarabağda başlatdığı seperatçılıq hərəkətlərinə ittifaq hakimiyyətinin və onun rəhbəri Mixail Qorbaçovun ədalətsiz yanaşması xalqı qəzəbləndirdi, xalq meydanlara çıxdı. Bu proseslərin məntiqi nəticəsi Azərbaycanın 1991-ci ilin sonunda ittifaqdan ayrılıb müstəqil dövlət kimi yaşamasına səbəb oldu.

Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı.

Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar da qəbul edildi. Lakin məlum məsələlərdən dolayı respublika rəhbərliyi bu prosesi 2 aya yaxın ləngitdi.

Bu müddət ərzində SSRİ-nin əksər müttəfiq respublikaları, o cümlədən qonşu Ermənistan və Gürcüstan, Moldova, Qırğızıstan, Özbəkistan, Tacikistan dövlət müstəqilliyi haqqında Konstitusiya aktı və ya qanun qəbul etmişdilər. Azərbaycan isə hələ də gözləyirdi.

Ali Sovetin sessiyasında Azərbaycanın Milli Ordusunun yaradılması məsələsi gündəmə gəldi və "Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qərar verildi. Qərarın icrası isə kağız üzərində qaldı. Bütün bu hadisələr Ermənistanın Azərbaycana qarşı təcavüzü və Qarabağdakı separatçılıq hərəkatının genişlənməsi fonunda baş verirdi.

Sentyabrın 1-də isə separatçılar Dağlıq Qarabağ Muxtar Vilayətinin səlahiyyətini itirmiş Xalq Deputatları Soveti adından qondarma "Dağlıq Qarabağ Erməni Respublikası"nın yaradılması barədə "qərar" qəbul etdilər. Separatçıların bu qərarı elan edilən gün "Azadlıq" meydanında AXC mitinqlərinin qızğın vaxtı idi. AXC Mütəllibovu hakimiyyətdən salmaq üçün ümumrespublika tətili elan etmişdi.

Hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Qarabağ məsələsi bu mübarizənin kölgəsində qalmış və görünməz olmuşdu. Ali Sovetin oktyabrın 8-də işə başlanan növbədənkənar sessiyanın gündəliyinə dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu məsələsi salınsa da, dördgünlük müzakirələr nəticəsində parlament bu məsələni bir həftə sonraya saxladı.

Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Səsvermədə Ali Sovetin 360 deputatından 258-si iştirak etmişdi. Adbaad səsvermdə "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" yekdilliklə qəbul olundu.

6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktı ümumilikdə olduqca sanballı sənəd olsa da, bir sıra nöqsanlardan da xali deyildi. Xüsusilə 1-3-cü maddələrdə hüquqi-siyasi nöqteyi-nəzərdən o qədər də mükəmməl olmayan, sonralar beynəlxalq müstəvidə ermənilərin çeşidli spekulyasiyalarına rəvac verən təsnifat yer almışdı ki, bu da bizə “başqağrısı” oldu.

Həmin maddələrə əsasən, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin varisi hesab olunurdu. Azərbaycan SSR haqqında isə heç nə deyilmir, Azərbaycanın 71 illik tarixi hüquqi müstəvidə təsbit olunmurdu, 71 il demək olar ki, tarixdən itirilirdi.

Qeyd edək ki, ermənilər Qarabağın Azərbaycana mənsubluğunu şübhə altına qoymaq üçün məhz bu məqamdan özlərinə uyğun şəkildə bəhrələnərək davamlı olaraq möhtəkirlik edirlər. Çünki Dağlıq Qarabağı Azərbaycanın muxtar inzibati ərazisi kimi birmənalı təsbit edən və beynəlxalq hüquq baxımından mühüm fakt olan qərar 1923-cü ildə, yəni Azərbaycan SSR vaxtında qəbul edilib. 1991-ci ilin Konstitusiya Aktında Azərbaycan SSR-in hüquqi tarixinin əks olunmaması ermənilərə guya Dağlıq Qarabağın heç vaxt Azərbaycanın yuridiksiyasında olmadığı barədə spekulyasiya etmək bəhanəsi verir.

Dekabrın 3-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması xahişi ilə BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Dekabrın 8-də Belovejskdə Rusiya, Ukrayna və Belarusiya prezidentləri tərəfindən SSRİ-nin fəaliyyətinə xitam veriləndən sonra beynəlxalq təşkilatlar və dünya dövlətləri digər müttəfiq respublikalar kimi, Azərbaycanın da müstəqilliyini tanımağa başladılar. Dekabrın 9-da İKT Azərbaycanı sıralarına qəbul etdi.

Nəhayət, dekabrın 29-da Konstitusiya Aktı ümumxalq səsverməsinə çıxarıldı və 95 faiz seçicinin iştirak etdiyi referendum müstəqillik faktını rəsmiləşdirdi. Beləliklə, Azərbaycan Respublikası, 1992-ci ilə müstəqil dövlət kimi qədəm qoydu. İrəlidə müstəqilliyin mürəkkəb, keşməkeşli illəri dururdu.

Lakin yenicə müstəqilliyini əldə etmiş ölkənin nə təcrübəli hakimiyyəti, nə maliyyə imkanları, nə ordusu yox idi. Qarabağda alovlanan və qızışan müharibədə uğursuzluqlar bir-birinin ardınca davam edirdi.

İqtisadi və sosial böhran pik həddə çatmışdı. Ölkədə separatizm və xaos baş alıb gedirdi, dövlətin parçalanması və dağılması təhlükəsi böyümüşdü. Güclü, qətiyyətli və xalqı birləşdirə biləcək bir siyasətçiyə ehtiyac var idi.

Bunu bacaracaq yeganə şəxs, dünyanın ən qüdrətli dövlətinin rəhbərlərindən olmuş, dünya miqyaslı siyasətçi Heydər Əliyev idi. Ümumilli lider xalqın müstəqillik arzularının gerçəkləşməsində, həyata keçirilməsində könüllü olaraq iştirak etmək istəyərək hələ 1990-da Moskvadan Azərbaycana qayıtmışdı. Bu ərəfədə o, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilmişdi.

Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında önəmli tarixi qərarlar qəbul edildi.

Naxçıvanda həyata keçirilən tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, 1918-1920-ci illərdə mövcvud olmuş Azərbaycan Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

1992-ci ildə belə bir şəraitdə bir sıra ziyalılar “Səs” qəzetində həmin vaxt Naxçıvanda Ali Sovetin sədri işləyən Heydər Əliyevə müraciət etdilər. Ümumilli lider müraciətə cavab verdi və ölkənin böhrandan çıxış yollarını göstərdi. Mitinqlərə çıxan kütlə Heydər Əliyevə dəstəkləyir və onu köməyə çağırırdı.

Nəhayət, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Ali Sovetin sədri seçilən Heydər Əliyev prezident Əbülfəz Elçibəyin hakimiyyəti qoyub qaçmasından sonra keçirilən seçkilərdə xalqın böyük səs çoxluğu ilə Prezident seçildi. Bununla da, ölkədə xaosa, separatizmə son qoyuldu. İqtisadi, sosial islahatlar başladı.

Ümummilli lider Heydər Əliyev hər zaman bir fikri vurğulayırdı: “Müstəqilliyi qazanmaqdan daha vacib bir şey var- bu, həmin müstəqilliyi qorumaqdır”. Ümummilli lider Azərbaycanın dövlət müstəqilliyini nəinki qorudu, həm də onu elə möhkəmləndirdi ki, bu müstəqillik özünə əbədilik statusunu təmin etdi.

Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də digər aspektlərdən tam müstəqil güclü dövlətdir. Bu nəhəng prosesi isə ulu öndər Heydər Əliyev gərgin zəhmət əsasında qısa müddətdə yaratdı. İndi həmin prosesi Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan xalqının ən böyük problemini həll edərək- Qarabağı azad edərək müzəffər sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını da təmin edib və ölkəmizin dünya birliyində layiqli yeri tutmasına səbəb olub.

Bu gün ümummili liderin sözləri ilə desək, Azərbaycan dünyaya Günəş kimi doğur. Müstəqilliyimiz əbədi olsun!

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...