Azərbaycan Prezidenti: “Ermənistan xəritəyə baxıb öz yerini orada tapsın, əgər taparsa...” TƏHLİL

Azərbaycan Prezidenti istər müsahibələrində, çıxışlarında, görüşlərində, istərsə də işğaldan azad olunmuş torpaqlara hər səfərində verdiyi mesajlar təkcə Ermənistana deyil, həm də bu ölkənin havadarlarına ünvanlanmışdı. Ölkə başçısı tam əminliklə qeyd edir ki, Dağlıq Qarabağ problemi artıq geridə qalıb, münaqişəni alovlandırmaq cəhdləri tamamilə əbəsdir. Eyni zamanda, hazırda Qarabağda yaşayan ermənilərə statusun verilməsindən söhbət gedə bilməz, bu məsələ birdəfəlik bağlanıb. Digər tərəfdən, Ermənistandan hansısa təxribat olacağı təqdirdə, Azərbaycan "Dəmir yumruğu"nu yenidən işə salaraq, düşmənin dərsini verəcək. Zəngəzur dəhlizinin açılmasına gəlincə, ölkə başçısı regionu birləşdirəcək layihənin reallaşacağını, heç kimin ölkəmizin təşəbbüsünə mane ola bilməyəcəyini lazımı ünvanların diqqətinə çatdırmış oldu.

Azərbaycan Prezidenti Türkiyənin Anadolu Agentliyinə müsahibəsində "Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün bir şərtdirmi" sualını cavablandırarkən bildirib: “Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür".

Dövlət başçısı onu da söyləyib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına, əlbəttə, biz istəyirik ki, bütün bölgədə sülh olsun: “Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən, ilk növbədə, bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə təzad yaranır, yəni, anlaşılmazlıq yaranır. Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər. Azərbaycanla olan münasibətləri normallaşdırmalıdırlar və mən əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə sülhün və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olub. Bu gün də belədir və Türkiyədən çox müsbət siqnallar gəlir”.

Dövlət başçısı bir daha müsahibəsində bildirib ki, Ermənistanda bunu gərək çox düzgün dəyərləndirsinlər: “Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki il ərzində Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı - bir zəiflik kimi, bir gücsüzlük kimi. Biz, sadəcə olaraq, qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür”.

“İndi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur”

Bəli, işğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur, ya da, sadəcə olaraq, riyakardır. Prezident İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində "Zəngəzur dəhlizi Ermənistanın normallaşma əlaqələrinə başlaması üçün bir şərtdirmi" sualını cavablandırarkən deyib: «Noyabrın 10-da imzalanmış Bəyanatda təsbit edilir və Ermənistan öz üzərinə bu öhdəliyi götürüb. Birincisi, əgər o, bu öhdəliyi icra etməyəcəksə, onda hansı normallaşmadan söhbət gedir? İkincisi, Ermənistanda, - yenə də qayıdıram əvvəlki fikirlərimə, - postmüharibə dövrünü çox düzgün təhlil etməlidirlər. Artıq vəziyyət tam fərqlidir. İndiki durum güc nisbətini açıq-aydın göstərir. İşğal dövründə də bilirdik ki, bizim imkanımız nədir, Ermənistan ordusunun imkanı nədir. Biz bilirdik ki, balansı öz xeyrimizə çoxdan dəyişdirmişik. İndi bunu bütün dünya görür. Ona görə indiki şəraitdə mən hesab edirəm ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir. Çünki onlar üçün bu, önəmlidir. Biz bunsuz da yaşaya bilərik, necə ki, yaşamışıq, indi də yaşayırıq. İndi daha yaxşı yaşayacağıq. Çünki o böyük əraziyə yenə də sahib olduq, öz doğma torpağımıza qayıtdıq. Onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın. Onlar buna çox maraqlıdır, nəinki biz. Çünki bu olmasa, deməli, sərhəd yoxdur. Bilirsiniz indi Ermənistanda və bəzi xarici siyasətçilər bizi ittiham edirlər ki, biz Ermənistanı işğal etmişik. Birincisi, bu, yalandır. İkincisi, bəs Ermənistan bizim əraziləri işğal edəndə niyə səsinizi qaldırmırdınız? Niyə gözünüzü yumurdunuz? Otuzillik işğal dövründə bizim bütün tarixi, dini abidələrimiz yerlə bir edildi. Bütün binalar söküldü. Bunu görmürdünüz? Minsk qrupunun həmsədrləri dəfələrlə orada olublar, Ağdamda da olublar, Kəlbəcərdə də olublar, Füzulidə də, Cəbrayılda da, görmürdülərmi?

Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Biz dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etdik ki, yenə də missiya göndərin. Çünki orada qanunsuz məskunlaşma gedir, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilir, məskunlaşdırılır. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır. Etmədilər onu. Ona görə bu işğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur, ya da, sadəcə olaraq, riyakardır. Bu, daha düzgün ifadə ola bilər.

Biz isə öz dədə-baba torpağımıza qayıtmışıq. Biz 30 il orada olmamışıq. Əgər Ermənistan tərəfi deyirsə ki, sərhəd oradan keçir, nə üçün orada heç kim yox idi? Sərhəddirsə, gəl sərhədi qoru. Biz gəldik, o dağlara yerləşdik. Bizim xəritələrə görə biz öz ərazimizdə yerləşmişik. Əgər Ermənistan tərəfi fərqli fikirdədirsə, gəlsin, otursun, bizimlə bərabər bunu müzakirə edək, bir il çəkər, beş il çəkər, otuz il çəkər, kim bilir. Yenə də qayıdıram bu söhbətə. Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir. O, tezliklə bizim şərtlərimizə əməl edib, onları qəbul edib, bu məsələni həll etməlidir ki, artıq hər kəs bilsin, onun sərhədi harada yerləşir".

Bəli, bu gün Ermənistan reallığı dərk etmir, çünki dərk etsəydi anlayardı ki, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

“Ermənistanda hakimiyyətə yeni gəlmiş rəhbərlik çox böyük xəta törətdi və...”

Azərbaycan Prezidenti Türkiyənin Anadolu agentliyinə müsahibəsində “Azərbaycan nə üçün əks-hücuma keçdi” sualına cavabında söyləyib ki, son vaxtlar Ermənistanın bizə qarşı təxribatları müntəzəm xarakter almışdı: “Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Mən bunun səbəblərini bu günə qədər də anlaya bilmirəm. Çünki 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlayan bir dövlət yeni savaşa çıxmaq fikrində olursa, bu, çox ciddi araşdırılmalıdır ki, bunun səbəbi nədir».

Dövlətimizin başçısı sözünün təsdiqi olan addımların göz qabağında olduğunu bildirərək deyib: “Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi. Ancaq biz dövlət sərhədini keçmədik. Yəni, sadəcə olaraq, onları girdikləri Azərbaycan ərazisindən çıxardıq və bir neçə gün davam edən toqquşma sona çatdı. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər. Bir il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasında çıxış edərkən mən demişdim ki, Ermənistan yeni savaşa hazırlaşır. Üç gün sonra artıq yenidən bizim mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə tutulmuşdu, yenə də şəhidlər verdik və mənim əmrimlə genişmiqyaslı əks-hücum əməliyyatına başladıq və bildiyiniz kimi, bu əməliyyat böyük Zəfərlə nəticələndi”.

Prezident İlham Əliyev qeyd edib ki, bir il əvvələ qayıdarkən, bütün bu prosesləri hadisələri daha da dəqiq təhlil etmək imkanımız olur və görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar. Dövlət başçısı Anadolu agentliyinə müsahibəsində müharibənin qarşısının alınması imkanlarından danışarkən bildirib ki, İkinci Qarabağ müharibəsinin başlanmasında ən böyük məsuliyyət Ermənistanın və eyni zamanda, onu vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür: “Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Məgər, onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər? Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər”.

Minsk Qrupunun həmsədrlərinə və digər böyük dövlətlərə Ermənistana sanksiyalar tətbiq edilməsi barədə dəfələrlə müraciət etdiyini xatırladan Azərbaycan Prezidenti deyib: “Bu da savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Yəni, biz bütün imkanlardan istifadə etdik ki, bunu sülh yolu ilə çözək, müharibə olmasın, qan tökülməsin. Ancaq bununla bərabər, mən deyirdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz torpağımızı azad edəcəyik və sadəcə olaraq, şans verirdik”.

Prezident İlham Əliyev deyib ki, Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyinin yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi: “Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, müşahidə edirdilər, sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür, eyni zamanda, Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlərin üzərinə düşür”.

“Minsk Qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi”

“Minsk Qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi və biz 44 günlük müharibə zamanı bunu bir daha gördük. Çünki Birləşmiş Millətlər Təşkilatında bizə qarşı məsələni qaldıran Minsk qrupuna həmsədrlik edən bəzi ölkələr idi. Müharibə gedir, biz öz torpağımızda beynəlxalq hüququ bərpa edirik, ədalət savaşına çıxmışıq. Ancaq Birləşmiş Millətlər Təşkilatında bizə qarşı hansısa sanksiya məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir»,-deyən dövlət başçısı sözünə davam edərək deyib: “İndiki dövrə gəldikdə, Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil”.

Prezident İlham Əliyev qeyd edib ki, belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır: “Yəni, məsələ - Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır”.

Azərbaycan Prezidenti deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupundan bu günə qədər bizə hər hansı bir təklif verilmədi: “Təklif olmadığı təqdirdə Minsk qrupunun fəaliyyəti haqqında danışmaq yersizdir. Yəni, bir il artıq keçir. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə həll edilməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, bunu həll etmişəm, təkbaşına, bütün təzyiqlərə rəğmən. Ona görə bu təklif olmalıdır. Nə ilə məşğul olmalıdır? Mən öz fikirlərimi ifadə etdim. Qalan şeylər isə onların məsuliyyətidir”.

Azərbaycan Prezidenti Anadolu agentliyinə müsahibəsində üçtərəfli Bəyanatın icrası ilə bağlı fikirlərini açıqlayıb

“Üçtərəfli Bəyanatdakı əsas məsələlər öz həllini tapdı. Bildiyiniz kimi, Ermənistan bu Bəyanata imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı”. Bu barədə Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.

Bəyanatdakı maddələrin icrasından danışan dövlətimizin başçısı deyib: “O zaman Ermənistan bu məsələyə çox məsuliyyətli yanaşırdı. Nə üçün? Çünki qorxu içində idi. Çünki bilirdi ki, əgər 10 noyabr tarixində bu Bəyanata imza atmasaydı, onların durumu daha pis ola bilərdi. Yəni, bizi dayandıracaq bir qüvvə yox idi və savaş dönəmində dəfələrlə mən Azərbaycan xalqına müraciət edərək deyirdim ki, Ermənistan bizə tarix versin, təqvim versin nə zaman bizim torpaqlarımızdan çıxır, biz dərhal müharibəni dayandırmağa hazırıq. Bu tarix bizə noyabrın 9-da verildi, Ermənistan faktiki olaraq kapitulyasiya, yəni, təslim aktını imzaladı və noyabrın 10-da müharibə dayandı. Ona görə o önəmli məsələlərin həlli Ermənistanın qorxu içində olmasından qaynaqlanır”.

“İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir”

Sülhməramlı qüvvələr gəldikdən bir müddət sonra qalan məsələlərin icrasının dayandığını qeyd edən Prezident İlham Əliyev buna misal olaraq Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət təxribat qrupu göndərildiyini xatırladaraq bunun 10 noyabr Bəyanatına tam zidd olduğunu bildirib.

“Digər məsələ dəhlizlərin açılmasıdır. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Bu, bağlantı təmin edildimi? Xeyr. Amma bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, - hətta Ermənistan buna razılıq da verib, - aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Biz hələlik səbirli, təmkinli davranırıq. Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın”, - deyə dövlətimizin başçısı vurğulayıb.

“Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur”

Azərbaycan Prezidenti müsahibəsində Ermənistanın yenidən silahlanması ilə bağlı məsələyə də aydınlıq gətirib: “Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur”. Dövlətimizin başçısı deyib ki, bu məsələdən xəbər tutanda biz dərhal Rusiya tərəfinə sorğu göndərdik və maraqlandıq ki, əcəba bu, nə məsələdir: “Biz eyni fikirləri də bölüşürük. Ancaq bizə məlumat gəldi ki, Ermənistan mediasında çıxan bu açıqlama həqiqəti əks etdirmir. Yəni, Rusiya müdafiə naziri belə sözlər deməmişdir. Bu, Ermənistan təbliğatının növbəti çirkin əməlidir, belə söz deyilməmişdir. Bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur. Ermənistan ordusunun yenə də pulsuz silahlandırılması ilə bağlı Rusiya tərəfindən yetərincə dəqiq cavab aldıq və biz bu məsələni artıq gündəlikdən çıxardıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, Ermənistanın öz çirkin əməllərindən əl çəkmədiyini göstərir. “Bax ortalığa atılan bu yalan, birincisi, çox böyük yanlışlıqdır. Çünki əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azı məsuliyyətsizlikdir və bu, təxribatdır. İkincisi, - bunu biz işğal dövründə və işğaldan sonra dəfələrlə görmüşük, - Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Hesab edirlər ki, belə olan halda, revanşist qüvvələr nə vaxtsa yenə də baş qaldırıb bizə qarşı yeni savaşa çıxa bilərlər. Amma onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində. Hansısa tərəfi narahat edən istənilən məsələ ilə bağlı biz dərhal təmasda oluruq və məsələləri həll edirik”.

Dövlətimizin başçısı deyib ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur: “Çünki bu münasibətlər kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur”.

“Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması bölgədə sülhün ən gözəl yolu ola bilər”

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına gəldikdə, əlbəttə, biz istəyirik ki, bütün bölgədə sülh olsun. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər”,-deyən Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, Ermənistan hələ ki, buna razılıq verməyib: “İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən, ilk növbədə, bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə təzad yaranır, yəni, anlaşılmazlıq yaranır. Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq”.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. “Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər. Azərbaycanla olan münasibətləri normallaşdırmalıdırlar və mən əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə sülhün və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olub”, - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti deyib ki, bu gün də Türkiyədən çox müsbət siqnallar gəlir: “Amma Ermənistanda bunu gərək çox düzgün dəyərləndirsinlər. Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki il ərzində Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı - bir zəiflik kimi, bir gücsüzlük kimi. Biz, sadəcə olaraq, qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür”.

“Ağa qara, qaraya ağ demək” onların xislətidir”

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində jurnalistin “Zaman-zaman Ermənistan silahlı qüvvələri və siyasətçilər tərəfindən müxtəlif fikirlər, bəyanatlar səsləndirilir. Müdafiə Nazirliyi belə açıqlamalar verərkən, baş nazir Paşinyan Türkiyə ilə görüşmək istədiyinə dair ifadələr səsləndirir. Belə cümlələri var. Ötən həftələrdə bunu bir neçə dəfə təkrarladı. Paşinyanın bu sözlərini Siz necə dəyərləndirirsiniz” sualına cavabında deyib: «Müharibədən öncə və müharibə zamanı Ermənistan rəhbərləri tərəfindən o qədər təzadlı, o qədər yanlış və yalan bəyanatlar olmuşdur ki, onların sayı-hesabı yoxdur”.

Dövlət başçısı bildirib ki, indi belə misalları saatlarla gətirmək olar: “Biz şəhərləri, kəndləri azad edərkən onlar bildirirdilər ki, guya bizim şəhərlərimizi yenidən işğal edirlər. Artıq Azərbaycanın azad edilmiş şəhərlərində bayraqlar qaldırılarkən onlar bunu inkar edirdilər. Yəni, “ağa qara, qaraya ağ demək” onların xislətidir. Ona görə onlar hər hansı bir açıqlama verəndə, sözün düzü, biz bunu ciddiyə almırıq. Bunu analiz etmək, dəqiqləşdirmək lazımdır. Çünki bu açıqlamalar bir yalanın, gerçəkləşməyən arzuların, xülyaların və təxribatların sintezidir. Bugünkü Ermənistan, bax, budur. Biz deyəndə ki, bu, uğursuz dövlətdir, - yəni, bunun beynəlxalq adı da var - “Failed state”, - bunu nəzərdə tuturuq. Hər bir dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Biz isə bunu görmürük”.

Bir sözlə, Ermənistan istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, «dəmir yumruq" yerindədir. Və onu da unutmamalıdır ki, Azərbaycan Prezidentinin «düz yola gəlin" mesajına əməl etməməyin acısı belə olmalı idi – məğlubiyyət! Düz yola gəlməməyin səbəbidir ki, sentyabrın 27-də işğalçı ölkənin törətdiyi təxribata atekvat cavabı olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə