Sergey Markov: ABŞ və Fransanın ermənipərəst mövqeyi Azərbaycanı qane etmir – MÜSAHİBƏ

“Azərbaycan acı tarixi təcrübədən dərs çıxarıb və ermənilərə heç bir muxtariyyət verməyəcək”

Fransa və ABŞ son vaxtlar Qarabağın statusunun müəyyən edilməsinin vacibliyini təbliğ etməkdə son dərəcə fəallıq göstərirlər. Qarabağın statusu məsələsi üçtərəfli müqavilədə təsbit olunmamışdır. Artıq yalnız formal mövcud olan Minsk Qrupunun digər 2 həmsədrinin- ABŞ və Fransanın mütamadi olaraq Qarabağın statusundan danışması prosesə zərər vurmaqdan başqa heç nəyə yaramır. Azərbaycan heç kimə, hətta ATƏT -in Minsk Qrupuna belə Qarabağla bağlı üçtərəfli sazişi manipulyasiya etməyə imkan verməyəcəyini açıq şəkildə bildirdi.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bu məsələləri "Moskva-Bakı" portalına şərh edib. Politoloqun şərhini oxucularımızın diqqətinə çatdırırıq.

“İlham Əliyevin bəyanatı qalib ölkə prezidentinin beynəlxalq hüquq normalarına əsaslanan bəyanatıdır. Prezident Azərbaycanın artıq bir neçə dəfə göstərilmiş mövqeyini ifadə edir. Bu mövqenin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü xaricində Qarabağın statusu olmayacaq və Qarabağdakı erməni əhalisi Azərbaycana inteqrasiya olunmalı və digər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquqlara malik olmalıdır. Amma vurğulamaq istəyirəm ki, Qarabağ erməniləri üçün Naxçıvan Muxtar Respublikası kimi muxtariyyət olmayacaq. Və burada tarixə əsaslanan tamamilə rasional, düzgün məntiq var. Çünki Azərbaycan artıq bir dəfə faciə ilə nəticələnən separatizmlə üzləşmişdi. Birinci Qarabağ müharibəsi Azərbaycan xalqı üçün böyük bir faciə oldu- bir milyona yaxın qaçqına səbəb oldu, çoxlu sayda ölü, itkin, işgəncə, iqtisadiyyata böyük ziyan və milli travmalar verdi. Əgər separatizm yaranmasaydı, bəlkə də bu müharibə olmazdı. Azərbaycan bu acı təcrübədən dərs çıxarıb və ermənilərə heç bir muxtariyyət verməyəcək, çünki yeni bir mərhələdə bu muxtariyyətin separatçı meyillər üçün və yeni bir müharibəyə başlayaraq bu ərazilərdə Azərbaycanın suverenliyini şübhə altına almaq üçün istifadə olunacağından çəkinir. Ona görə də, Qarabağda müxtəlif millətlərin nümayəndələri yan-yana yaşamalıdır. Azərbaycan başqa variantlara icazə verməyəcək.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan əvvəllər işğal olunmuş ərazilərini geri aldı. Həmin ərazinin 30 faizində ermənilərin yaşamasına imkan verdi. Bildiyiniz kimi, Fransa və ABŞ ermənilərin yaşadığı əraziyə xüsusi status verilməsinin tərəfdarıdır. Bu isə ciddi bir problemdir. Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür. Əgər Ermənistan üçtərəfli sazişi yerinə yetirməsə, bir müddət sonra başqa çıxış yolu görməyən Azərbaycan bir irəliləyiş edə və Qarabağda ermənilərin yaşamaqda olduğu qalan əraziyə də tam nəzarət qura bilər. Azərbaycan Ermənistanın üçtərəfli bəyanatının yerinə yetirilmədiyini bəyan edərsə, qalan ərazilərdəki dövlət hüququnu təkbaşına təmin etmək qərarına gələ bilər. Azərbaycan indi güclü mövqedən çıxış edir və bu baxımdan nəyinsə dəyişəcəyi ehtimalı yoxdur. Daha əvvəl Rusiya prezidenti Vladimir Putinin beynəlxalq hüquq baxımından Qarabağın Azərbaycan əraziləri olduğunu necə qeyd etdiyini xatırlayırıq.

Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin və onun hazırkı proseslərdəki rolunun qiymətləndirilməsinə gəlincə, qrupun komada olduğunu söyləmək olar. Problemin həlli əsasən, Azərbaycan və Rusiyanın iradəsi ilə durğunlaşır və buna görə də onlar qəbul edilmir. Əgər müharibədən əvvəl Azərbaycan həmsədrlərdən nəticə gözləyirdisə, indi Ermənistan üçün bu xəyaldır- danışıqları sürükləmək, Qarabağın statusunu sonsuzadək müzakirə etmək imkanı. Amma Sergey Lavrov həmsədrlərin prosesi oyatmamalı, əksinə, azərbaycanlılarla ermənilər arasında münasibətlərin qurulması üçün ortaq zəmin tapmalı və üçtərəfli bəyanatdakı məsələlərin həyata keçirilməsinə kömək etməli olduğunu da bəyan edib. Parisin və Vaşinqtonun Rusiyanın Cənubi Qafqazda danışıqların əsas təşəbbüskarı olan əsas sülhməramlı statusunu pozmaq istəməsi Moskvada bəyənilmir. Fransanın və ABŞ-ın ermənipərəst mövqeyini Azərbaycanı bəyənmir. Ancaq Minsk Qrupunu dağıtmaq da bir seçim deyil, heç kim onun "evtanaziyasına" görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Axı ABŞ və Fransa Təhlükəsizlik Şurasının daimi üzvləridir, nüfuzlu ölkələrdir. Amma Azərbaycan vasitəçilərin heç bir şərti manipulyasiya etməsinə və diktə etməsinə icazə verməyəcəyini açıq şəkildə bildirir.

ABŞ və Fransa Qarabağ nizamlanma prosesinin kənarında qalmaları və bu prosesə girib vəziyyətə təsir edə bilməmələrindən narazıdır. Ermənistanın narazılığına müraciət edərək oraya girmək istəyirlər. Ancaq Fransanı, məsələn, həmsədrlikdən götürmək və kənara atmaq olduqca çətindir.

Düşünürəm ki, burada hadisələr üçün bir neçə variant var. İlham Əliyev haqlıdır- Minsk Qrupu təxminən 25 il ərzində nə etdi? İndi nə edir? Həmsədrləri dinləmək lazımdır ki, “həll etdikləri” vəzifələri göstərsinlər. 25 illik danışıqlar uğursuz oldu. Bu müddət ərzində işğal davam etdi, qaçqınların əzabları davam etdi, işğal olunmuş ərazilərdə dağıntılar edildi, mədəni və dini irslər məhv edildi, ekoloji terror həyata keçirildi və ərazilərin süni məskunlaşdırılması həyata keçirildi. Həmsədrlər heç nəyin öhdəsindən gələ bilmədilər və BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməməsi, insanların öz doğma yurdlarında yaşaya bilməmələri səbəbindən məsuliyyət daşımalıdırlar.

Düşünürəm ki, Azərbaycan nəticədə Minsk Qrupunun tərkibinə yenidən baxmağı və Fransa əvəzinə Türkiyəni də daxil etməyi təklif edəcək. Ya da bəlkə Fransa bir kompromis olaraq qalacaq və bir İslam ölkəsi qrupa daxil ediləcək ki, tarazlıq yaransın. Hamı başa düşür ki, Paris açıq-aşkar ermənipərəst mövqe tutur. Həmsədrlərin tərəflərdən birinə meyl etməsi səhvdir və bunu dəyişdirmək lazımdır.

İkinci ssenari budur ki, Minsk Qrupu, Bakıda gözlənildiyi kimi, Moskvada da bildirildiyi kimi, Azərbaycanla Ermənistan arasında etimad tədbirləri ilə məşğul olmalı, humanitar və iqtisadi məsələlərin həllinə töhfə verməlidir. Gördüyümüz kimi, bütün bunlara, əslində, qatqı təmin etmirlər. Bundan başqa, düşünürəm ki, Moskva, Bakı və İrəvanın imzaladığı müqavilə Minsk razılaşmalarında olduğu kimi BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənə bilər. Həqiqətən də, Minsk razılaşmaları məsələsində Fransa və ABŞ mühüm rol oynayır. Həmsədrlər bu məsələdə məsuliyyəti öz üzərinə götürə bilər. Mənə elə gəlir ki, fransızları və amerikalıları heç olmasa “dəhlizdə” saxlamaq lazımdır, bu, onları soyuq çölə qovmaqdan daha ağlabatan bir seçimdir".

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə