Prezidentin BMT-dəki çıxışı Azərbaycan reallıqlarını əks etdirdi TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi"

"Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı bildirib. Cənab Prezident təqribən 30 il ərzində Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal altında saxladığını və işğalın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunduğunu diqqətə çatdırıb.

Dövlət başçısı beynəlxalq tribunalardan respublikamızın münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərirdi. Ermənistan, nəinki atəşkəsə əməl etmir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edirdi.

"BMT TƏHLÜKƏSİZLİK ŞURASININ BƏZİ QƏTNAMƏLƏRİ BİR NEÇƏ GÜN ƏRZİNDƏ İCRA EDİLDİYİ HALDA, BİZƏ GƏLDİKDƏ 27 İL İCRA OLUNMAMIŞ QALDI"

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi", - deyən Azərbaycan Prezidenti Ermənistanın bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymadığını diqqətə çatdırıb: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir". BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Amma təəssüf olsun ki, qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dövlət başçımız yorulmadan səylər göstərmiş, danışıqlar aparmışdır. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olması istiqamətində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atmışdı. "2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Koçaryan-Sarkisyan rejimi devrildi", - deyən Azərbaycan Prezidenti bizim Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərimizin olduğunu bildirib: "Biz Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idik. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi. Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti "Qarabağ Ermənistandır və nöqtə" və "bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq" kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi".

"PAYTAXT BAKI DA ERMƏNİSTANIN RAKET HÜCUMLARININ HƏDƏFİ İDİ"

Cənab Prezident çıxışında ermənilər tərəfindən törədilən hərbi təxribatı vurğulayaraq, Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaşın həlak olduğunu, eləcə də avqust ayında Ermənistanın diversiya qrupunun keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdiklərinin, lakin bunun qarşısının uğurla alındığını bildirib. Sentyabrın 27-də Azərbaycan öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. "44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi".

"ERMƏNİSTAN "SKAD" VƏ "İSGƏNDƏR-M" TİPLİ BALLİSTİK RAKETLƏRDƏN, HABELƏ QADAĞAN OLUNMUŞ AĞ FOSFORLU VƏ KASET TİPLİ SURSATLARDAN İSTİFADƏ EDİRDİ"

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmənin insanlıq əleyhinə və müharibə cinayətləri törətməsi bu gün hər kəsə bəllidir. İstər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda bunun şahidi oldular. Döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələrinin endirilməsi, dinc sakinləri qətlə yetirmələrini dünya görmüş oldu. Şuşanı ermənilər "İsgəndər-M" raketləri atəşə tutmuşdular. Bu Ermənistanın hərbi cinayətlərinin təzahürüdür. "Ermənistan "Skad" və "İsgəndər-M" tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi", - deyən Cənab Prezident Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakinin, o cümlədən 11 uşağın qətlə yetirildiyini, 450 nəfərdən çox insanın yaralandığını bildirib. Onu da qeyd edib ki, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən, fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.

"ERMƏNİSTAN HEÇ BİR VƏCHLƏ BU ƏRAZİLƏRİ QAYTARMAQ NİYYƏTİNDƏ DEYİLDİ"

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi kimi qiymətləndirildi. Qısa bir məsafədə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək, 30 ilə yaxın zamanda işğal altında qalmış torpaqlarını erməni təcavüzkarlarından azad etdi. "44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır".

"AZƏRBAYCANDA ARTIQ DAĞLIQ QARABAĞ ADINDA İNZİBATİ ƏRAZİ VAHİDİ YOXDUR"

Azərbaycanın əsgər və zabitləri Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. "Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlər, tunel və bunkerlərdən ibarət istehkamların qurulması sübut edir ki, Ermənistan heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində deyildi", - deyə Prezident bildirib. Artıq Ermənistan, bütün dünya gördü ki, Azərbaycanın müasir silahlarla təchiz olunmuş ordusu var və 44 günlük döyüş meydanında öz sözünü deməyə qadir olan ordusu var. "Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi və ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi", - deyən Cənab Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur".

"İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏN BƏRİ ŞƏHƏRLƏRİN BU MİQYASDA DAĞIDILMASI DÜNYANIN HEÇ BİR YERİNDƏ BAŞ VERMƏYİB"

"Təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirmişdir. Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib", - deyən Prezident Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndinin Ermənistan tərəfindən yer üzündən silindiyini bildirib: "Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu "Qafqazın Hirosiması" adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib".

"AZƏRBAYCAN MÜASİR ŞƏHƏRSALMA ÜSULLARI, "AĞILLI ŞƏHƏR" VƏ "AĞILLI KƏND" KONSEPSİYALARINI TƏTBİQ EDƏRƏK, SIFIRDAN YENİ ŞƏHƏRLƏR VƏ KƏNDLƏR İNŞA EDİR"

Artıq bu gün 30 ilə yaxın həsrətində olan torpaqlarımızda abadlıq-quruculuq işlərinə start verilib. Azərbaycanın iqtisadi gücü, potensialı buna imkan yaradır. Çox keçməyəcək ki, insanlar işğaldan azad olunan yerlərdə rahat və firavan bir həyata qovuşacaqlar. Hər ötən gün abadlıq-quruculuq işlərinin daha da sürətləndirildiyindən xəbər verir. Bu ərazilərdə yol infrastrukturu yaradılır, dini-tarixi abidələrimiz təmir və bərpa olunur, eyni zamanda bərpa işləri arasında elektrik enerjisi təchizatı da mühüm yer tutur. Bildiyimiz kimi, ilk olaraq Şuşa şəhərinin elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması istiqamətində davamlı tədbirlər həyata keçirilir. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının reallaşdırılması məqsədi ilə işlər görülür. "Münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir", - deyən Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan müasir şəhərsalma üsulları, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir: "Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb." Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir.Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Azərbaycan qalib oldu. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün geniş yollar açıldı. Artıq Azərbaycan yeni bir inkişaf mərhələsini yaşayır və görülən işlər, bu reallıqlar daha uğurlu sabahlardan xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə