Prezident İlham Əliyev: “Bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, təklifimizlə razılaşsınlar” TƏHLİL

"Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. "Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər", - Prezident vurğulayıb. Bəli, əvvəlki müsahibələrində olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində bir daha vurğulayıb ki, məsuliyyətsiz bəyanatlar səsləndirən Ermənistan rəsmiləri də bundan nəticə çıxarmalı, revanşist xülyalara düşməkdənsə, fikirlərini sülh, əməkdaşlıq, hər kəs üçün birgə inkişaf imkanlarına yönəltməlidirlər. Çünki Azərbaycan regionda sülh və sabitliyin, dayanıqlı inkişafın təmin edilməsində maraqlı olan, özünü bu prosesin bir parçası kimi görərək imkanlardan faydalanmaq istəyən hər kəsin önündə geniş fürsətlər dünyasının qapılarını açıb. Regionun gələcək mənzərəsini tərəqqipərvər bəşəriyyətin gözləri önündə şəkilləndirib. Eyni zamanda, belə bir gələcəyin qurulması, bölgənin təhlükəsizliyini, inkişaf axarını təhdid edən amillərin aradan qaldırılması üçün əsas gözləntiləri öz ünvanlarına yetirir. Bu gözləntilərin mühüm bir qismi 10 noyabrda imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq sülhyaratma missiyasını öz üzərinə götürmüş Rusiyaya aiddir. Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində diqqətə çatdırdığı faktlar, rəqəmlər vəziyyətin Azərbaycanın tam nəzarəti altında olduğunu və heç bir məntiqi əsasa söykənməyən, sülh proseslərinə xələl gətirən belə halların aradan qaldırılmasının zəruriliyini göstərdi.

"Ermənistan tərəfi xalqına və dünya ictimaiyyətinə yalan danışırdı"

Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib ki, diaspor təşkilatları və erməni lobbisinin nəzarətində olan mətbuat münaqişənin mahiyyətini təhrif edirdi: "Ermənistanın işğalçı olması, etnik təmizləmələr aparması, Xocalı qətliamını törətməsi, tarixi və mədəni irsimizə aid abidələri dağıtması gizlədilirdi". "Azərbaycan isə hansısa vəhşi, totalitar və avtoritar ölkə kimi təqdim edilirdi. “Washington Post”, “New York Post”, “Figaro”, həmçinin ABŞ, Fransa, Almaniya və bir çox digər ölkələrin mətbuatında məni “Əliyevin diktator rejimi” adlandırırdılar. Bununla da Ermənistan Respublikasından daha güclü olan erməni diasporu bu cür mənfi fon yaradırdı”,-deyən dövlət başçısı bildirib ki, mətbuatın münaqişəyə diqqətini nəzərə alaraq, baş verənlər haqqında həqiqəti çatdırmaq üçün ondan istifadə edib: “Mənim dediyim hər şeyi sənədlə sübut etmək olar. Dediyim hər bir şey tarixi həqiqətə və döyüş meydanında gündəlik baş verənlərə əsaslanırdı. Ermənistan tərəfi isə İkinci Qarabağ müharibəsi zamanı və ondan öncə baş verənlərlə bağlı öz xalqına və dünya ictimaiyyətinə yalan danışırdı. Bu səbəbdən onların tezisləri inandırıcı deyildi və mahiyyət etibarı ilə Ermənistanı nüfuzdan salırdı, biz isə baş verənlər barədə həqiqəti çatdıra bildik”.“Döyüş meydanında, yaxud informasiya məkanında olmasından asılı olmayaraq, ədalətli mübarizə şəraitində Ermənistan tərəfinin təbii ki, heç bir şansı yox idi”, - Prezident İlham Əliyev vurğulayıb.

“44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq”

Bəli, təxribatı işğalçı, faşist xislətli qorxaq Ermənistan edə bilər və edir də. Prezident İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib ki, hər bir dövlət xadimi, xüsusilə, ölkə başçısı hisslərinin gündəlik vəzifələrinə təsir etməsinə imkan verməməlidir: «Hər kəs, təbii ki, hisslərə malikdir. Biz, bu və ya digər şəkildə onları ifadə edirik, lakin görünür, uzun illər boyu davam edən fəaliyyətim ərzində özümdə hissləri təcrid etmək xüsusiyyəti formalaşdıra bilmişəm”. “44 günlük müharibə dövründə bir dəfə də olsun təxribata uymadıq»,-deyən dövlət başçısı vurğulayıb: “Hətta düşmən bizim şəhərlərimizi bombardman edib, qadın və uşaqlarımızı qətlə yetirəndə belə biz onlara eyni cavabı vermirdik, biz onların şəhərlərini bombardman etmirdik. Lakin bizim həmin vaxt keçirdiyimiz hissləri yəqin ki, başa düşmək olar. Biz düzgün müharibə aparır, beynəlxalq humanitar hüquqa riayət edir və hərbi cinayətlər törətmirdik”.

"İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi"

"Azərbaycan uzun müddət öz potensialının möhkəmləndirilməsi üzərində çalışırdı. Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi»,-deyən dövlət başçısı “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib ki, biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi üzərində çalışırdıq: “Bunu ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə həyata keçirirdik. Çünki hansısa maliyyə təsirindən, yaxud kredit resurslarından asılı olduğumuz zaman Azərbaycanın Silahlı Qüvvələrini modernləşdirə bilməzdik. Bu səbəbdən, demək olar ki, Prezident vəzifəsinə gəldiyim ilk gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işlərə başlanıldı. Hesab edirəm ki, 6-7 ilə buna nail ola bildik».

Prezident əlavə edib ki, müasir silahlanma və hərbi texnikanın alınması baxımından Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsi də sürətli templə həyata keçirilirdi: «Təbii ki, ordumuzun döyüş qabiliyyətinin artırılması üzərində gündəlik iş aparılırdı... Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi. Biz, 2016-cı il aprel döyüşləri zamanı öz imkanlarımızı məhdud şəkildə nümayiş etdirdik. Həmin vaxt torpaqlarımızın bir hissəsi işğaldan azad edildi və biz Ermənistan tərəfinə hər şeyi götür-qoy etməyə və işğala son verməklə bağlı qərar qəbul etməyə imkan yaratdıq. Lakin təəssüf ki, həmin vaxt bizim dayanmağımız Ermənistan tərəfindən düzgün anlaşılmadı və bunun da cəzasını çəkdilər”. Bəli, İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır. Bir sözlə, dövlət başçsının verdiyi bu mesajlardan Ermənistan rəsmiləri bundan nəticə çıxarmalı, revanşist xülyalara düşməkdənsə, fikirlərini sülh, əməkdaşlıq, hər kəs üçün birgə inkişaf imkanlarına yönəltməlidirlər.

Çünki Azərbaycan bölgədə yeni müharibə istəmir, lakin Ermənistan qanunsuz silahlanmağa davam edərsə və bəyanatın müddəları yerinə yetirilmək əvəzinə təxribatlar artarsa, Azərbaycan Ordusu yenidən ön plana çıxaraq missiyanı özü tamamlayacaq. Bir sözlə, Prezident İlham Əliyev “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibəsində ciddi mesajlar verməklə, düşməni bir daha xəbərdar etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. Və İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır. Təbii ki, düşmənlərimiz bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalı, yenidən müharibə əhval-ruhiyyəsinə düşməməlidirlər. Unutmamalıdırlar ki, 30 il ərzində xarici havadarlarının köməyi ilə işğal altında saxladıqları Azərbaycan ərazilərindən 44 gün ərzində qovuldular. Bu müddət ərzində Ermənistan ordusu darmadağın edildi. Dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Ermənistan qonşu dövlətlərin torpaqları hesabına hələ də “böyük Ermənistan” dövləti yaratmaq iddiasından əl çəkməyib və öz ərazisini bu yolla daha da genişləndirmək istəyir. Ancaq bugünə kimi məğlubiyyətlərindən ciddi nəticə çıxarmalı, son variant kimi sülh danışıqlarına razılıq verməlidir. Dövlət başçımızın dediyi kimi: “Bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, təklifimizlə razılaşsınlar”, yoxsa onlar üçün pis olacaq. Və bu gün diktəni İlham Əliyev edir və Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur. Dövlətimizin başçımızın dediyi kimi, “dəmir yumruq” istənilən an işə düşə bilər. Odur ki, məğlub Ermənistanın Prezident İlham Əliyevin şərtləri ilə hesablaşması ən doğru yoldur. Əks təqdirdə, yenə də uduzan Ermənistan olacaq.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə