Laşa Breqvadze: Azərbaycan öz gücünü 44 günlük müharibə zamanı praktikada göstərdi - MÜSAHİBƏ

Analitik: “Azərbaycan tərəfinin qələbəsi ölkənin məsələyə düzgün yanaşdığını, bu məsələdə irəliləyişdən geri qalmadığını göstərir”

Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin (GSAC) təhlükəsizlik üzrə baş elmi işçisi Laşa Breqvadze “Caliber” analitik mərkəzinə müsahibəsində müharibədən sonrakı Azərbaycan-Ermənistan münasibətləri və regionda yaranmış vəziyyətlə bağlı maraqlı məqamlara toxunub.

-Sizcə, Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibə Ermənistan-Azərbaycan münaqişəsinə son qoydumu?

-Düşünürəm ki, 44 günlük müharibə bir müddət Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Rusiya Sülhməramlı kontingenti Azərbaycan ordusunun daha da irəliləməsinə imkan verməyəcək. Erməni tərəfi isə hələ də həm avadanlıqlarda, həm də şəxsi heyətdəki itkiləri bərpa etməlidir.

- Keçən ilin sentyabrında Qarabağda hərbi əməliyyatların şiddətlənməsi başlayanda, bunun genişmiqyaslı bir müharibəyə çevriləcəyini və nəticədə Azərbaycanın öz ərazilərini qaytaracağını gözləyirdinizmi?

- Bundan əvvəl tərəflər arasında baş verən yerli atışmaların daha şiddətli hərbi əməliyyatlara çevriləcəyi çılpaq gözlə aydın idi. Çünki Azərbaycan uzun müddətdir silah alışı və qoşunların təliminə böyük məbləğdə pul xərcləmişdi. Və Azərbaycan tərəfinin qələbəsi ölkənin məsələyə düzgün yanaşdığını, bu məsələdə irəliləyişdən geri qalmadığını göstərir. Bu, müharibənin 44 günü ərzində praktikada göstərildi.

- 44 günlük müharibədən sonra Cənubi Qafqazdakı qüvvələrin geosiyasi uyğunlaşmasını necə görürsünüz?

- Əlbəttə, keçənilki müharibədən sonra Cənubi Qafqazda vəziyyət dəyişdi, amma o qədər də dramatik deyil. Bölgədə yeni əhəmiyyətli oyunçu- Türkiyə meydana çıxdı, amma qalan hər şey dəyişməz olaraq qalır. Əlavə olaraq, daha ağır çəkili bir oyunçunun da olduğunu unutmamalıyıq - bölgədəki mövqeyini qorumağı bacaran Rusiya. Həm Türkiyə, həm də Rusiya bölgəyə hakim olmağa çalışacaq, amma nəticədə liderliyi kim qazanacaq, bunu zaman göstərəcək. Çox şey bu iki gücün bir-biri ilə nə dərəcədə barışa biləcəyindən asılı olacaq, onlar necə barışmağı bilirlər, bunu bir neçə dəfə çox göstərmişlər.

İran faktorunu da xatırlamaq lazımdır. İran həm Azərbaycan, həm də Ermənistan üçün çox vacib rol oynaya bilər.

Gürcüstanla əlaqədar olaraq isə deyə bilərəm ki, Türkiyənin strateji tərəfdaşı olmasına və Azərbaycanla Ermənistanın yaxın qonşusu olmasına baxmayaraq, Tbilisinin öz mövqeyini nə qədər dəyişəcəyi hələ ki, məlum deyil. Ancaq düşünürəm ki, hər halda dəyişikliklər gələcək və zaman keçdikcə daha da aydın görünəcək.

Qərb, çoxbilmiş bir qoca kimi, prosesi seyr edərkən vəziyyəti qiymətləndirir və hələlik, müdaxilə etmir, amma bu, həmişə belə davranacağı mənasına gəlmir. Başqa sözlə, indiki zamanda hər şey çox qeyri-müəyyən və dumanlı görünür, necə deyərlər, gözləmək və görmək lazımdır. Geosiyasi vəziyyəti qiymətləndirmək üçün hələ də gözləmək lazımdır. Hər şey ilk baxışdan göründüyü qədər aydın deyil.

- Azərbaycan ictimaiyyətini maraqlandıran digər məsələ Rusiya sülhməramlıları mövzusudur. Sizcə, beş illik müddət bitdikdən sonra Qarabağda qalacaqlarmı?

- Fikrimcə, sülhməramlılar 2025-ci ildə ilk 5 illik müddəti bitdikdən sonra da qalacaqlar. Rusiya bunun üçün çalışacaq. Başqa sözlə, Moskva bütün mümkün vasitələrlə bölgədə qalmağa çalışacaq, çünki Kremlin, xüsusən də Rusiyanın imperialist siyasətinin bölgədəki təsirini azaltması və hətta daha da çox itirməsi qəbuledilməzdir. Burada onun rəqibi Türkiyə də var. Rusiya Türkiyənin Cənubi Qafqazda olduğundan daha güclü mövqe tutmasına icazə verməyəcək.

- Hadisələrin sonrakı inkişafını necə görürsünüz?

- Hadisələrin daha da inkişafı ilə bağlı deyə bilərik ki, İranla Azərbaycan arasında vəziyyətin gərginləşməsi olduqca mümkündür və bu vəziyyət Rusiya tərəfi üçün qənaətbəxşdir. Daha çox deyə bilərəm ki, Moskva buna qeyri-rəsmi şəkildə kömək edə bilər ki, sonradan vəziyyətə üçüncü tərəf kimi "müdaxilə etsin" və problemi "böyük qardaş" rolunda həll etsin. Beləliklə, beynəlxalq aləmin gözü qarşısında Azərbaycanın qalib ölkə kimi nüfuzunu düzəltməyə və Bakıya İrəvanla bərabər səviyyədə yanaşmağa çalışacaqlar, eyni zamanda, Azərbaycan da Rusiyaya borclu qalacaq.

Tərcümə: Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...