Ərdoğan Paşinyanı qəbul edəcəkmi? - PARTİYA SƏDRİDƏN AÇIQLAMA

“Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti ilə görüşmək arzusu və bu məsələdə Gürcüstan Baş nazirindən yardım istəməsi anlaşılandır”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, Ermənistan lideri vəziyyətin nə qədər ciddi olduğunu və zamanın onların xeyrinə işləmədiyini başa düşür: “Dərk edir ki, bir qədər əvvəl Azərbaycan Prezidentinə etdiyi müraciətin - ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə birbaşa danışıqlara başlamaq təklifinin baş tutması kifayət qədər çətindir. Minsk qrupunun iki həmsədrinin açıq ermənipərəst mövqe tutması səbəbindən Azərbaycan bu danışıqlarda maraqlı deyil. Eyni zamanda regionda əsas söz sahibi olan Rusiya da məsələni təkbaşına həll etməkdə maraqlıdır və digər həmsədrlərin bu prosesə qoşulmasını istəmir. Müşahidələr göstərir ki, Rusiyanın və Azərbaycanın maraqlı olmaması Minsk qrupunun vasitəçiliyi ilə danışıqların baş tutmasını mümkünsüz edir. Hətta baş tutacağı təqdirdə belə bu danışıqlardan nəticə gözləmək sadəlöhvlük və siyasi proseslərdən baş çıxarmamaqdır. Bu baxımdan, yaxın zamanda Moskvanın vasitəçiliyi ilə başlayacaq danışıqlara hazırlıqlı getmək, regionda böyük çəkiyə malik olan və Azərbaycanla eyni mövqedən çıxış edən Türkiyənin məsələyə münasibətini öyrənmək, iki qardaş dövlət arasında fərqli yanaşma ehtimalının mümkün olub-olmayacağını bir daha dəqiqləşdirmək və belə bir məsələnin mövcudluğu halında böyük qonşu dövlətin nüfuzundan yararlanmaq şanslarını götür-qoy etmək istəyir. Türkiyənin dəfələrlə - Azərbaycan nəyə razılaşsa, biz onu qəbul edəcəyik-bəyanatını səsləndirməsini nəzərə alsaq erməni məkrinin bu dəfə də uğur qazanmayacağını, iki qardaş dövlət arasına girə bilməyəcəyini qətiyyətlə söyləmək olar. Bunu yəqin ki, N.Paşinyan da yaxşı anlayır. Ancaq vəziyyətin nə qədər ümidsiz olduğunu anlasa da, görünür son şansından istifadə etmək və Türkiyə liderini bir daha dilə tutmaq imkanını da əldən buraxmaq istəmir. Bəzən ziyanımıza olsa da qürurlu xarici siyasət yeridən Azərbaycanın məqsədə nail olmaq üçün hər şeyi mümkün sayan Ermənistandan əsas fərqi də bundadır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...