“Ötən həftənin Şuşa, Füzuli və Sumqayıt zəfərləri” - DEPUTAT ŞƏRH ETDİ

“Dünyamız yenə ziddiyyətlərlə, qarşıdurmalarla, təbədüllatlarla doludur. Yenə də günahsız insanların qanlı göz yaşları axıdılmaqda, ölümlər-itimlər yaşanmaqdadır. Dünyamız yenə böyük və cavabı mübhəm, qaranlıq olan imtahandan keçməkdədir. Ancaq bütün bu qarmaqarışıqların fonunda xalqımız, dövlətimiz, qalib və müzəffər Azərbaycanımız özünü möhkəm şəkildə qorumaqda, gələcək inkişafına doğru inamla və qətiyyətlə irəlilələməkdə, 44 günlük tarixi Zəfərinin davamını yaşatmaqda, hər gün kərpic üstünə bir kərpic qoymaqdadır. Son on gündə yaşadıqlarmız bunun əyani təsdiqidir”. Bunu SİA-ya açıqlamasında Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva söyləyib.

Deputat qeyd edib ki, ötən on günün ilk hadisəsi Şuşanın şuşalı günləri, növbəti Şuşa Zəfəri oldu: “Düz on gün əvvəl Azərbaycanımızın, Qarabağımızın göz bəbəyi, dilbər guşəsi olan Şuşa yenidən əvvəlki axarlı-baxarlı ab-havasına, əsl şuşalı günlərinə qayıtdı: “8 noyabr Zəfərindən - Şuşanın fəthindən sonra bu şəhər yeni - növbəti Qələbəsini toy-bayram etdi və bunu da bütün dünyaya şəstlə nümayiş etdirdi. Bir daha hər kəsə Azərbaycanın, Qarabağın olduğunu, ondan ayrılmazlığını ortaya qoydu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyeva növbəti səfərləri ilə Şuşamıza yenidən can verdilər. Azərbaycan qədər böyük imza sahiblərinin - Molla Pənah Vaqifin, dahi Üzeyir bəyin və Bülbülün heykəllərinin, bərpadan sonra ev-muzeylərinin, muzey-məqbərə komplekslərinin, “Qarabağ” hotelinin, “Qala və Konsert Mərkəzi”nin açılışları oldu, Şuşanın baş planı ilə tanışlıq baş verdi, şəhərin ilk yaşayış məhəlləsinin təməli qoyuldu. Ürəkləri coşduran məqamlardan biri isə təxminən 30-33 illik fasilədən sonra Vaqif Poeziya Günlərinin rəsmi açılışı keçirildi. Həmin anların, həmin tarixi, sözlə ifadəsi mümkün olmayan məqamların canlı şahidi və iştirakçısı kimi özümü dünyanın ən xoşbəxt, ən bəxtəvər insanlarından biri hesab edirəm. Çünki Şuşa zəfərindən, uzun illərin ayrılığından sonra ilk dəfə idi Şuşamda, qibləgahımda idim. Bəli, Şuşa bizim qibləgahımız, ziyarətgahımız, Ali Baş Komandanımızın dediyi kimi, baş tacımızdır.
“Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır”. Bu tarixi sözləri Prezident İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışı zamanı nitqində dedi. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.

Noyabrın 8-də də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən ölkə Prezidenti sevinc göz yaşları içində demişdi ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Bəli, bu, həqiqətdir, bu, gerçəklikdir və biz artıq azad Şuşada yığışmışıq, biz Şuşaya qayıtmışıq.
Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Biz Şuşanı dirçəldəcəyik və biz Şuşanı dirçəldirik. Dirçəlişin mübarək, əziz Şuşa!

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, ikinci hadisə Prezidentin Sumqayıt şəhərinə növbəti səfəri oldu. Bu səfər zamanı təkcə Sumqayıtımızın deyil, bütövlükdə ölkəmizin inkişafına təkan verəcək addımların atılmasının şahidi olduq.
Deməliyəm ki, keçmiş sovetlər birliyinin, onun başsız başbilənlərinin, mənfur qonşularımızın təsiri altında olanların məqsədyönlü siyasəti nəticəsində, yəni, keçmiş imperiyanın süqutu ərəfəsində, 1980-ci illərin sonlarında Sumqayıt az qala “ölü şəhər”ə çevrilmişdi. Bu şəhərdəki kimya zavodları, sənaye müəssisələri şəhərin ekologiyasını, insanların həyatını, yaşayışını, sağlamlığını zəhərə döndərmiş, sual altına qoymuşdu. Yalnız Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə qayıdışından sonra - 1990-cı illərin ortalarından Sumqayıtla ciddi maraqlanması nəticəsində ölkəmizin üçüncü sənaye şəhəri Sumqayıt və sumqayıtlılar, necə deyərlər, fəlakətin eşiyindən döndülər. 1970-ci illərdə Ulu Öndərin birinci hakimiyyəti dönəmində əsl inkişaf, intibah dövrünü yaşayan Sumqayıta yenə Ümummilli Liderimiz sayəsində ikinci nəfəs verildi, şəhər yenidən canlandırıldı. Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin hakimiyyətə gəlişi, 18 illik tarixi missiyası ilə Sumqayıt ikinci inkişafını yaşamaqdadır. Bir zamanların ekoloji cəhətdən ən çirkli şəhəri bu gün Azərbaycanın ən səfalı guşələrindən birinə çevrilməkdə, ölkənin əsas sənaye mərkəzi funksiyasını uğurla yerinə yetirməkdədir. Məşhur bir mahnıda da deyildiyi kimi: “Xarüqələr yaradır, el Sumqayıtda”.
Sumqayıtda, eləcə də ölkəmizin digər bölgələrində görülən işlər yürüdülən siyasətin əsasını təşkil edən Azərbaycan vətəndaşı naminə, Azərbaycanın inkişafı, parlaq gələcəyi üçündür.

Digər əlamətdar hadisə isə Qarabağın hava qapısı - Füzuli Hava Limanına ilk eniş oldu. Məlum olduğu kimi, sonuncu tarixi Şuşa səfəri zamanı ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin işğaldan azad olunmuş Füzulidə dayanmış və Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olmuşdular.
Prezident İlham Əliyev “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa” deyərək qürurla və iftixar hissi ilə bəyan etmişdi ki, bu aeroport Qarabağın hava qapısıdır.
Füzuli Hava Limanında görülən işlərlə tanışlıqdan cəmi 6 gün sonra daha bir tarixi an yaşandı. Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etdi. Bununla da Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verildi. Füzulini, bütün Qarabağı, işğaldan azad olunmuş yurd yerlərimiz bizə daha da yaxınlaşdı.

Füzulinin, Cəbrayılın, Hadrutun, Qubadlının, Zəngilanın, Ağdamın, Laçının, Kəlbəcərin... əsl sahibləri, bu torpaqların, əzəli və əbədi yurd yerlərinin əsl yiyələri bizik. Kimsə bir daha bu torpaqları bizlərdən ala bilməz. Biz qayıtdıq, biz əbədi qayıtdıq və biz əbədi qalacağıq! Yaşa, yarat, Zəfərlər üzərinə Zəfərlər qazan, can Azərbaycan”.

Bütün xəbərlər Facebook səhifəmizdə