“Böyük qayıdış” gözləniləndən daha tez reallaşacaq” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Böyük qayıdış” gözləniləndən daha tez reallaşacaq” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələrinin formalaşması, bütövlükdə həmin ərazilərimizdə bərpa və yenidənqurma prosesi intensiv şəkildə həyata keçirilir və Fizuli hava limanının çox qısa müddətdə inşa edilməsi və istifadəyə verilməsi də ondan xəbər verir ki, böyük qayıdış gözləniləndən daha tez müddətdə reallaşa biləcək. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, nəzərə alaq ki, Fizuli hava limanı dünyada beynəlxalq hava limanı olaraq ən qısa müddətdə inşa edilən hava limanlarından, aeroportlardan biridir və bu da ondan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərimizdə bir tərəfdən infrastrukturun formalaşması intensiv şəkildə həyata keçirilir, digər tərəfdən isə biz beynəlxalq, müasir standartlara uyğun olaraq yeni infrastrukturun qurulmasını müşahidə edirik.

“Artıq zəfər yolunda işlər tamamlanmaq üzrədir. Eyni zamanda Horadiz-Cəbrayıl-Ağbənd avtomobil yolunda işlər sürətlə həyata keçirilir. Horadiz və Zəngilanı birləşdirəcək dəmir yolu xəttinin inşası həyata keçirilir. O cümlədən, Hadrud-Fizuli, Hadrud-Şükürbəyli avtomobil yolunun inşasında da intensiv şəkildə işlər həyata keçirilməkdədir. Bu kontekstdən təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə kifayət qədər böyük və regional əhəmiyyət daşıyan infrastruktur layihələri həyata keçirilir. Bu isə ondan xəbər verir ki, məskunlaşma prosesi gözləniləndən daha qısa zamanda, daha tez həyata keçirilə bilər. Xüsusən, nəzərə alaq ki, Zəngilanda artıq Kahılı kəndinin qurulması ilə bağlı işlər sürətlə həyata keçirilir.

Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu, Qarabağın Azərbaycan iqtisadiyyatına yenidən reinteqrasiyası məsələsi və eyni zamanda ölkəmizdə, xüsusən də növbəti illərdə yüksək faizli iqtisadi artım mərhələsi olacaq”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə