“Ermənistanın rəsmən Azərbaycan torpaqlarına iddiası olmayıb” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“İlkin şərtlər irəli sürmədən Ermənistanın dəhlizlər və onların statusu, habelə nəqliyyat-kommunikasiya xətlərinin açılacağı ilə bağlı danışıqlara getməsi mümkün görünür. Paşinyanla yanaşı, onun komandasında təmsil olunan bir sıra yüksək çinli məmurların, nazirlərin verdikləri açıqlamalar da bunu təsdiq edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Ermənistandakı son dərəcə ağır durum, inflyasiya, gəlirlərin əldə edilməsindəki qütbləşmənin artması, korrupsiyaya qarşı gerçək və səmərəli mübarizənin aparılmaması, diaspora tərəfindən edilən dəstəyin müəyyən dərəcədə azalması, ölkədə miqrant axını, nəhayət Azərbaycanla 44 günlük savaşda məğlubiyyət Ermənistan cəmiyyətində rəsmi İrəvanın danışıqlara getməyə sövq edən amillərə aid edilə bilər: “Azərbaycanla uğurlu danışıqlar Ermənistan iqtisadiyyatının blokadadan çıxmasında, habelə Ermənistanın bölgə ilə bağlı geosiyasi mahiyyət kəsb edən layihələrə qoşulmasına imkan yarada bilər ki, bunun da Ermənistan üçün müstəsna əhəmiyyəti var. Bundan əlavə danışıqlara başlamaqla Ermənistan sülhə, sabitliyə və əməkdaşlığa sayğı ilə yanaşan dövlət imicinin də formalaşdırılmasının qayğısına qalır. Nəhayət Ermənistanın uzun müddət qeyri-konstruktiv mövqe sərgiləməsi onun müttəfiqi olan Rusiyanı da qane etmir. Rusiyanın danışıqlardakı moderator statusuna yetərincə ziyan vurur. Ən nəhayət "Türkiyədən müsbət siqnallar almışıq, onlara cavab verəcəyik" deyən Paşinyanın Türkiyə ilə münasibətləri də normallaşdırmağa ümidli olduğu istisna deyil”.

E.Manafov bildirib ki, Qarabağa gəlincə Ermənistanın rəsmən Azərbaycan torpaqlarına iddiası olmayıb, hətta 2010-cu ildə qəbul olunmuş sənədə görə Ermənistan parlamenti Qarabağı müstəqil dövlət kimi tanımayıb: “Odur ki, Ermənistanın rəsmən Azərbaycan torpaqlarına olan iddialarından imtina edəcəyi ilə bağlı mövqe bildirəcəyi gözlənilən deyil. Digər tərəfdən Dağlıq Qarabağ bölgədə geosiyasi maraqları olan beynəlxalq güclərin inhisarında olan orojedir, Ermənistan burada sadəcə ötürücü qayış rolunda çıxış edir, odur ki, onun Dağlıq Qarabağla bağlı verəcəyi qərar ona himayədarlıq edən qüvvələrin ismarıcından asılı olaraq qəbul edilə bilər. Bu layihənin qarşısını almaq üçün isə Azərbaycanın istinad edəcəyi amillər beynəlxalq hüquq, BMT TŞ nın münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, tarixi ədalət, Ali Baş Komandanın siyasi uzaqgörənliyi və iradəsi, xalqın və ordunun birliyi, vəhdətidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə