Rus ekspertlər: "Ermənistanın KTMT-dən sui-istifadəsinə imkan verilməyəcək" - ŞƏRH
Avqustun 16-dan etibarən Ermənistan yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edəcək. 2018-ci ildə İrəvanda KTMT-nin o vaxtkı baş katibi, Ermənistandan olan nümayəndə Yuri Xaçaturova qarşı cinayət işi açıldığı siyasi qalmaqaldan sonra respublika təşkilata növbəti dəfə rəhbərlik edəcək. Bir çox ekspertlər Xaçaturova cinayət işi açılmasını Nikol Paşinyanın təşkilata vurduğu zərbə hesab etdilər.
İki gün əvvəl 2018-ci ildə həbs edilən Yuri Xaçaturovu əvəz edən KTMT-nin baş katibi Stanislav Zas Ermənistana gəldi. Yerevana səfəri zamanı Stanislav Zas Ermənistanın müvəqqəti xarici işlər naziri, müdafiə naziri və Təhlükəsizlik Şurasının qərargah rəisi ilə görüşlər keçirdi.
Ermənistan XİN mətbuat xidməti qeyd edir ki, "Stanislav Zasa Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Syunik və Qeqarkunik bölgələri ərazisinə hücumu nəticəsində yaranan vəziyyəti” təqdim edərək, bunu “Artsaxa qarşı edilən təcavüz və ondan irəli gələn təhdidlər " adlandırdı.
Əlavə olaraq, xarici işlər naziri əvəzi Armen Qriqoryan Ermənistan prezidentliyinin konseptual yanaşmaları haqqında məlumat verərək, təşkilatın səmərəliliyini artırmaq və üzv dövlətlərin ehtiyaclarına vaxtında cavab vermə mexanizmlərini gücləndirməyin prioritetlərdən biri olacağına ümid etdiyini vurğuladı.
KTMT baş katibi və Ermənistanın müdafiə naziri Arşak Karapetyanın görüşündə də Karapetyan "KTMT-də böhran vəziyyətində qərar vermə və cavab vermə mexanizmlərinin əməliyyat vəziyyətinin inkişafı üçün mövcud tələblərə cavab vermədiyindən" təəssüfləndiyini bildirdi. Əlbəttə, o, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti nəzərdə tutur.
Ermənistan KTMT-dəki sədrliyindən Azərbaycana təzyiq aləti kimi istifadə edə bilərmi? Nüfuzlu politoloqlar “Moskva-Baku” portalına şərhlərində bu məsələyə aydınlıq gətiriblər. Şərhləri təqdim edirik.
Politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko:
- Şübhə yoxdur ki, Ermənistan KTMT -yə sədrliyi dövründə bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışacaq, belə bir siyasəti fəal şəkildə həyata keçirəcək.
Ermənistanın yeni təyin olunmuş müdafiə nazirinin KTMT-nin iş mexanizmlərinin mükəmməldən uzaq olduğu barədə qeyri-konstruktiv bəyanatlarını görürük.
KTMT, təşkilatın idarəedici sənədlərinə uyğun olaraq işləyir. İş aydın və ardıcıl aparılır. Buna görə də, mənim fikrimcə, KTMT-yə qarşı Ermənistan Müdafiə Nazirliyinin tənqidi real əsasdan məhrumdur və yalnız Ermənistanın bu təşkilatdan öz maraqları naminə istifadə etmək istəklərinə əsaslanır. Ancaq Ermənistan üçün bunu həyata keçirmək real deyil.
Ermənistanın KTMT kartını öz maraqları naminə oynamaq cəhdi nəticə verməyəcək. Bu qeyri-konstruktiv yanaşmadır, çünki Azərbaycanla münasibətləri normallaşdırmaq üçün bu respublikanın KTMT-yə deyil, sağlam düşüncəyə və siyasi iradəyə, məsuliyyətə ehtiyacı var. İstənilən sərhəd məsələləri qarşılıqlı istək və münasibətlə çox tez həll olunur. Ermənistanın belə bir münasibəti yoxdur. Sərhədi delimitasiya etmək və demarkasiya etmək istəmir, öz xeyrinə bölgədə nəqliyyat dəhlizi layihəsini həyata keçirmək istəmir, Azərbaycanla Ermənistana bütün lazımi zəmanətləri verəcək sülh müqaviləsi imzalamaq, təhlükəsizlik və dinc yanaşı yaşamaq istəmir.
Əminəm ki, KTMT-nin təşkilatın siyasi motivli olmasına imkan verməyəcək təsirli, səlahiyyətli və məsuliyyətli liderləri var. KTMT-də tətbiq olunan qərarlar konsensus əsasında qəbul edilir. Bundan əlavə, təşkilatın nizamnaməsində KTMT-nin hansı halda və hansı şəraitdə hərbi cavab mexanizmlərindən istifadə edəcəyi açıq şəkildə göstərilir. Ermənistanın bu sənədləri diqqətlə oxuması və siyasətlə məşğul olmaması lazımdır.
Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın 2018-ci ildə təhrik etdiyi vəziyyəti xatırlayırıq. 2018-ci ildə İrəvan tərəfindən təşkilatın o vaxtkı baş katibi, Ermənistan silahlı qüvvələrinin strukturunda yüksək rütbəli general haqqında cinayət işi açmaqla KTMT-nin nüfuzunu aşağı salmağa çalışılması unudulmayıb. Əlbəttə ki, cinayət işi açılandan sonra Ermənistanın hərəkətləri KTMT-nin nüfuzuna təsir etmədi və Ermənistanın təşkilatdakı statusunun möhkəmlənməsinə heç bir töhfə vermədi.
İndi Ermənistan KTMT-yə sədrlik edəcək. Ona görə də Ermənistan bütün KTMT üzvlərindən üzr istəsə yaxşı olar. Ancaq bu baş verməyəcək. İrəvanın KTMT-yə sədrliyi, Ermənistanın maraqlarına və təşkilatın fəaliyyətini siyasiləşdirmək cəhdlərinə deyil, təşkilatın bütün üzvləri üçün real təhlükəsizlik problemlərinin həllinə yönəlməsi vacibdir.
Hazırda KTMT-yə üzv ölkələr üçün əsas təhlükə Əfqanıstandakı vəziyyətdir. İslam ekstremizminin postsovet məkanına ixracı təhlükəsini görürük. Və bu, bölgədə çox ciddi geosiyasi və hərbi dəyişikliklərə səbəb ola bilər. İlk növbədə, Tacikistanın təhlükəsizliyini təmin etmək, lazım gələrsə- Özbəkistana yardım göstərmək lazımdır. Düzdür, təşkilata qoşulmamış bir ölkədir, amma buna baxmayaraq, ekstremizm ixrac edildiyi təqdirdə Rusiya və KTMT ümumi maraqlarımızı dəstəkləməlidir. Və burada Ermənistan xoş niyyət göstərməli, lazım gələrsə, Tacikistana ekstremist hücumları dəf etmək üçün öz hərbi kontingentini göndərməyə hazır olduğunu bəyan etməlidir. Bu, KTMT çərçivəsində məsuliyyətlərini dərk etməyə yönəlmiş məsuliyyətli bir siyasət olardı. Ancaq çox güman ki, bunun əvəzinə Ermənistan KTMT üzvlərini Azərbaycanla qarşıdurmaya cəlb etməklə məşğul olacaq.
Niyə Ermənistan regional münaqişədə olan bir ölkə olaraq KTMT-nin sədri təyin edildi? Bu, sadəcə, rotasiya məsələsidir. Ermənistan sədr oldu olmadı, KTMT mexanizmi yaxşı işləyir. Əminəm ki, Ermənistan KTMT-nin fəaliyyətini siyasiləşdirmək üçün sədrliyindən istifadə etmək və bunun üçün heç bir əsası olmayan bu təşkilatı Azərbaycana qarşı istifadə etmək istəsə, bu mexanizm aydın şəkildə işləyəcək. Düşünürəm ki, bu halda bütün KTMT üzvləri təşkilatın nizamnaməsinə sadiq qaldıqlarını göstərəcək və onu siyasiləşdirmək imkanı verməyəcəklər.
Ümid etmək istərdim ki, Ermənistan bunu başa düşsün və ilk növbədə KTMT-ni gücləndirmək, sədr statusundan konstruktiv məqsədlər üçün istifadə etmək və diplomatik rejimdə sakitliklə həll edilə bilən delimitasiya, sərhəd demarkasiyası məsələsini siyasiləşdirməmək üçün çalışacaq və isteriyaya qapılmayacaq. Üstəlik, Rusiya delimitasiya, demarkasiya məsələsində öz vasitəçiliyini təklif etdi, Azərbaycan bununla razıdır. Amma Ermənistan tərəfində silahlı təxribatların getdikcə daha da şiddətləndiyini görürük.
Hər bir halda, Ermənistan KTMT-dən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışarsa, o zaman təşkilatın digər üzvləri buna icazə verməyəcək.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko:
- Açıq və səmimi desək, KTMT daxilindəki böhran tam aradan qaldırılmayıb. Təşkilatın baş katibi seçkilərinin Ermənistan tərəfindən uzun müddət blokadaya alındığını xatırlayırıq.
Ermənistana gəldikdə, onun sədrliyi respublikanın gələcəkdə KTMT-də qalması və iştirak formatı ilə bağlı tam hüquqlu danışıqlar üçün bir bəhanədir. Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra mütəmadi olaraq Ermənistanın KTMT-dən çıxmasının zəruriliyi barədə səslər eşidilirdi. 2020-ci ilin sonundan etibarən, Qarabağ hadisələrindən sonra, Ermənistanda və ermənipərəst bir çoxları KTMT-nin müttəfiqini dəstəkləməməsi haqqında danışmağa başladılar. Düzdür, KTMT-nin Ermənistana necə dəstək verməli olduğu aydın deyil, Qarabağla bağlı təşkilatın hər hansı bir zəmanətinin olmadığı məlumdur.
Ermənistanın Şimali Atlantika İttifaqına daxil olan ölkələrlə, ilk növbədə ABŞ və Fransa ilə əlaqələri fəal şəkildə inkişaf etdirdiyini də xatırlamaq vacibdir. Bu, KTMT fəaliyyətinin formatına nə dərəcədə uyğundur? Ermənistanın KTMT-yə sədrliyi çərçivəsində Paşinyanın yenidən dövlət başçısı vəzifəsinə seçilməsi ilə eyni vaxtda məsləhətləşmələr aparılacaq. Fakt budur ki, ötən ilin sonundan etibarən Paşinyanı başqasının əvəz edəcəyi ilə bağlı gözləntilər var idi. İndi aydın oldu ki, yaxın gələcəkdə hər şey olduğu kimi olacaq və erməni tərəfi ilə münasibətləri Paşinyanla olduğu kimi qurmaq lazımdır. Bu səbəbdən KTMT baş katibinin səfəri- mövqelərin aydınlaşdırılması üçün “saatların yoxlanılması” saymaq olar.
KTMT Ermənistanın yolunu tutmayacaq, Ermənistan-Azərbaycan problemi ətrafında yaranmış vəziyyətlə bağlı heç bir sərt bəyanat verməyəcək, vəziyyətə hərbi yolla müdaxilə etməyəcək. KTMT çox yaxşı başa düşür ki, Ermənistan yeni hərbi münaqişəyə başlamağa çalışarsa, bu, yalnız İrəvanın təşəbbüsü olacaq. Bu halda KTMT heç nə etməyəcək.
Ermənistanın KTMT -yə sədrliyi formallıqdan başqa bir şey olmayacaq. Məqsədlərinə çatmayacaq. Amma eyni zamanda bürokratik prosedurlar, rotasiya kimi bir şey var. Ölkənin sədr olduğu bu bürokratik prosedura riayət etməyin vaxtı gəldi. Ermənistan üçün bu həm də təşkilatın üzvü olduğunu göstərmək və maraqlarının nəzərə alındığından əmin olmaq, nəyəsə rəhbərlik edə biləcəyini göstərmək üçün bir fürsətdir.
Daha bir məqam- Rusiya və digər KTMT ölkələri hələ də Ermənistanın nəhayət Şimali Atlantika İttifaqı tərəfinə keçməsini istəmirlər. Buna görə də onu öz tərəfində saxlamağa, lazımi tarazlığı qorumağa çalışırlar. Axı sonda Ermənistan KTMT-nin vahid hava hücumundan müdafiə sisteminin bir hissəsidir. Hava hücumundan müdafiə sisteminin pozulması İrəvan tərəfindən yaradılan erməni "çuxurunu" birtəhər bağlamaq və sıfırdan yeni bir inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi qurmaq zərurətini doğuracaq və bunun üçün nəinki kapital qoyuluşları, həm də zaman lazımdır.
Mən həm Ermənistanın, həm də Paşinyanın maraqlarını bölüşmək istərdim. Ermənistanın Baş naziri bu yaxınlarda yenidən seçildi, əslində qisas almağa işarə edən bir lider olaraq yenidən seçildi. Ancaq hərbi münaqişəyə yenidən başlamaqdan qorxur. O, bu münaqişənin nəticəsini mükəmməl başa düşür və kiçik provakasiyalar taktikasını seçir- daxili auditoriyasına "Mən burdayam, heç yerə getmədim, intiqam planlarımdan əl çəkmədim" deyə göstərmək üçün. Ancaq bundan daha irəli getməyəcək, çünki nəticəni mükəmməl başa düşür. Əlbəttə ki, liderin bəzi çılğın zehni pozğunluqları istisna edilməsə, bunu da istisna etmək olmaz.
Ermənistanın KTMT-yə sədrliyi 2020-ci ilin təcrübəsi nəzərə alınmaqla formal olacaq- KTMT ölkələrindən heç biri öz müttəfiqi hesab edilən Ermənistanı dəstəkləyəcəkləri barədə rəsmi açıqlama verməmişdi. Belə ifadələr yox idi.
İndi, kimsə nə Azərbaycanla, nə də Türkiyə ilə münasibətləri korlamaq istəmir. Və Ermənistan özünü elə aparır ki, açığı, heç kim həqiqətən onu müdafiə etmək istəmir. Qazaxıstanın türkpərəst bir dövlət olduğunu açıq şəkildə bəyan edərək Ermənistanın Qazaxıstan nümayəndəsinin KTMT Baş katibi seçilməsinə necə qarşı çıxdığını xatırlayın. Təbii ki, Qazaxıstan İrəvanın bu cür açıq demarşlarını unutmayıb.
Tərcümə: Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB