Türkiyə və Rusiya ortaq bir dil tapa bilir, bu isə ABŞ-ın xoşuna gəlmir – MÜSAHİBƏ

Əfqanıstandakı vəziyyət gərgin olaraq qalır, əfqan ordusu əks-hücum təşkil edərək əvvəllər Taliban tərəfindən işğal edilmiş bölgələri geri aldı. Yeri gəlmişkən, Taliban böyük şəhərləri ələ keçirə bilmədi. Məlumdur ki, ABŞ və koalisiya ölkələrinin Əfqanıstandan çıxmaq qərarından sonra orada yalnız Türkiyə kontingenti qala bilər ki, bu da Kabil hava limanının təhlükəsizliyini təmin edəcəkdir.

Eyni zamanda, Taliban hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahidin Ankaranın Türkiyə hərbçilərini Əfqanıstanda saxlamağa çalışdığını söylədi. Onun sözlərinə görə, Türkiyə kontingentinin oradakı varlığına amerikalıların istəyi səbəb olub. Öz növbəsində, Türkiyə Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələrinin hərbi missiyaya qatılmayacağını və yalnız özünümüdafiə məqsədi ilə güc tətbiq edəcəyini bildirdi.

Türkiyədə yaşayan siyasi analitik Ramiya Məmmədova “Caliber” analitik mərkəzinə müsahibəsində “Amerika Birləşmiş Ştatları, sadəcə Türkiyəni orada çərçivəyə saldı. Prezident Co Baydenin rəhbərliyi altındakı ABŞ hazırda fəaliyyətini Çin və Rusiyaya yönəldir. Türkiyə kontingenti isə Əfqanıstanda qaldı. Eyni zamanda, Taliban öz ölkələrini uğurla idarə edə biləcəklərinə əmindir. Və diqqət yetirin - Amerika Əfqanıstanda heç bir uğur əldə etməyib. Qoşunlar ölkəyə girdi, amma hər şey əvvəlki kimi qaldı. İndi Amerika qoşunları geri çəkilir, amma Türkiyə hərbçiləri qalır”.

- Postsovet məkanının ən məşhur şərqşünaslarından olan Aleksandr Knyazev bu yaxınlarda Türkiyənin Kabildə qaldığı üçün niyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin Əfqanıstanda vəziyyətə müdaxilə etməməsi fikrini dilə gətirdi?

- İndi hərbi türk ittifaqı varmı? Nədən danışır? Türk Şurası hərbi-siyasi bir qurum deyil. Həm Rusiya faktoru var- həm Qazaxıstanı, həm də Qırğızıstanı əhatə edən KTMT. Beləliklə, bu, sadəcə, mümkün deyil. Bu cür göstərişlər Moskvaya Türkiyədən və Türk Şurasından gələn bir növ təhdid göstərmək cəhdi olardı.

Amerika hərbi baxımdan mövcud olduğu ölkələrdə lazım olan resursları götürdü. İndi Əfqanıstan onun üçün o qədər də maraqlı deyildi, bu, aydındır.

- Bəs bu, Kabildə qalarkən Türkiyənin yeni bir müharibəyə cəlb olunduğu deməkdir?

- Bəli, bu məqam var, Talibanla razılaşma yoxdursa və bu, böyük bir sualdır- razılığa gəlmək mümkün olacaqmı? Nəzərə almaq lazımdır ki, Türkiyə milli maraqlarına və qüruruna zidd olan güzəştlərə getmir. Türkiyə regionda bir hərbi güc olduğunu bilir. Ya Taliban, əvvəllər ABŞ ilə razılaşdığı kimi, Türkiyə ilə də bir razılığa gələcək və ya Taliban öz ambisiyalarını unutmalıdır. Taliban başa düşüləndir ki, müsəlman Türkiyə ilə vuruşmaq istəmir. Ancaq inanırlar ki, Əfqanıstanda bir Türkiyə kontingenti varsa, deməli, Amerika da orada qalır.

- Eyni zamanda, Türkiyə müstəqil bir siyasət yürütməyə davam edir. Vaşinqtonun çox sevmədiyi Rusiyanın S-400 sistemlərinin 2-ci partiyasını almaq üçün danışıqlar aparılır.

- Baxın: Türkiyə ilə Rusiya həm Liviyada, həm Suriyada, həm də Qarabağda ortaq bir dil tapa bilərlər. ABŞ həqiqətən bunu sevmir. Ancaq burada iki xarizmatik lider amili var - Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin. Hər ikisi Qərbin siyasətinə ziddir, Qərbin məcbur etdiyi şeyi etməyəcəklər.

Əlbəttə ki, Türkiyə tərəfindən Rusiya S-400-lərinin alınması ilə bağlı 2-ci müqavilə Vaşinqtondan da yan keçmədi, burada Türkiyə ilə Rusiya arasında yaxınlaşmadan qaçmaq istəyirlər. Ancaq bu, mümkün deyil. Münasibətlər, dediyim kimi, təkcə iki ölkə səviyyəsində deyil, həm də iki lider səviyyəsində inkişaf edir. Və bunu Türkiyə ilə Rusiya arasında balans olan Azərbaycan asanlaşdırır. İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yalnız birlikdə getmək istəmirlər, həm də birlikdə inkişaf edirlər. Təsadüfi deyil ki, Avrasiya inkişaf modeli haqqında getdikcə daha çox məlumat eşidilir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə