"Azərbaycan tək deyil, onun da dəstəkçiləri var" - MÜSAHİBƏ

Millət vəkili Ceyhun Məmmədov SİA-ya müsahibə verib. Müsahibəni sizə təqdim edirik:

- Ermənistan tərəfi mütəmadi sərhəddə, bəzən də Qarabağ ətrafında təxribatlar aparır. Burada məqsəd hansısa üçüncü dövlətin ordusunu sərhədə cəlb etmək yoxsa erməni ictimaiyyətinə mesajdır?

- Ümumiyyətlə, biz 44 günlük zəfərdən və Ermənistanın təslimiyyat aktına imza atmasından sonra biz yeni yanaşmanı müşahidə etməliydik. Bu dövrdə Ermənistan böyük itkilər verdi və müharibənin acı tərəflərini daha çox hiss etdi. Amma biz görürük ki, Ermənistan tərəfi heç bir nəticə çıxarmayıb. Hazırda öz təxribatlarına davam edir. Tez-tez Şuşa və Kəlbəcər istiqamətində mövqelərimizə hücumlar edilir. Xatırladaq ki, ortada 10 noyabr müqaviləsi var. Rusiyanın vasitəsilə imzalanan bu müqavilədə hansı addımlar atılmalıdırsa qeyd olunub. Azərbaycan tərəfi dəfələrlə Ermənistana sülh sazişi ilə bağlı müraciətlər edir. Eləcə də, Rusiya prezidenti ilə vasitəçi olduğu üçün fikir mübadiləsi aparılır. Zəngəzur dəhlizinin açılması, qanunsuz silahlı birləşmələrin çıxarılması, eləcə də qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı müddəalar sazişdə öz əksini tapıb. Dövlətlərarası komissiyalar əməkdaşlıq imkanlarını, perspektivlərini müzakirə etmək üçün bir araya gəlməli idilər. Amma bu baş vermədi. Biz növbəti dəfə Ermənistanın öz “ənənələrinə” sadiq qaldıqlarının şahidi olduq. Bu təxribatlar nə üçün baş verir. Buna bir sıra yanaşmalar var. Biz burda bir neçə amili xüsusilə diqqətdə saxlamalıyıq. Ermənistan istəyir ki, status məsələsini gündəmdə saxlasın. Biz buna dəfələrlə baş nazirin çıxışlarında şahid olmuşuq. Cənab Prezident isə qeyd edir ki, status məsələsi yoxdur. Prezident Daşkəsəndə olarkən bu məsələ ilə bağlı yanaşmasını konkret olaraq ictimaiyyətə çatdırdı. Ermənistan isə bu cür təxribatlar ilə bildirmək istəyir ki, müharibə bitməyib. Status məsələsi öz həllini tapmayıb. Ermənistanın digər əsas məqsədi Azərbaycanla sərhəddə xarici bir ölkənin qoşunlarını yerləşdirsin. Bununla bağlı Rusiyaya və KTMT-yə dəfələrlə müraciət olunub. Bu təzə hadisə deyil. 44 günlük müharibə dövründə də belə addımlar atmışdılar. Ermənistan indi hiyləgər addım ataraq Rusiyaya göstərmək istəyir ki, bu prosesdə iştirak etməsə, öz başqa havadarları ilə bu işi həll edəcək. Ancaq Ermənistan bunu anlamalıdır ki, bunun heç perspektivi yoxdur. Ermənistan özü təslimiyyətlə bağlı müqaviləni imzalamaqla müharibənin dayanmasını istədi. Biz artıq Şuşanı almışdıq və daha da hərbi əməliyyatlarımızı davam etdirə bilərdik. Amma erməni xalqının zəhərli ideologiyası hələ də bitməyib. Bir müddət biz belə hadisələrin şahidi olacağıq. Azərbaycan bu məsələdə öz adekvat cavabını göstərməyə davam edəcək.

- Ermənistan 10 noyabr kapitulyasiya aktının və 2021-ci il 11 yanvar üç tərəfli müqaviləsinin müddəalarının həyata keçirilməsini ləngitməyə çalışır. Bütün bu ləngitmələrin sonu bu müqavilələrin qüvvədən düşməsinə səbəb ola bilərmi?

- Bilirsiz ortada konkret sənədlər var. Bu sənədlərdə göstərilir ki, keçmişdə mövcud olan münaqişə hansı formada tənzimlənəcək. Orada nə statusla bağlı, nə də Ermənistanın iddia etdiyi digər məsələlərlə bağlı nüanslar yoxdur. Konkret orda göstərilir ki, biz öz addımlarımızı nəyə uyğun atırıq. Azərbaycan hələ də danışıqlara davam edir. Öz üzərimizə düşənləri etmişik. Hətta, Ermənistana birgə yaşayışa hazır olduğumuzu da demişik. Bunda məqsəd sülh və əmin-amanlığın bölgəyə gəlməsi olub. Amma görürük ki, Ermənistana bunların heç biri çatmır. Mən fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, burada tək günahkar Ermənistan deyil. Ermənistanın özünü belə aparmasının səbəbkarı bəzi qərb ölkələridir. Amma hər halda əsas günahkar Ermənistandır. Ermənistan bu təxribatlarla imzalanan sənədlərin müddəalarını pozur. Azərbaycan hələ ki, məsələyə soyuqqanlı yanaşır. Ancaq bu təxribatlar davam edərsə, "Dəmir yumruq" işə düşəcək. Çünki Azərbaycanın özünün müdafiə hüququ var. Biz müharibədən sonrada həmişə hazırıq. Ermənistan konkret mövqe bildirməlidir müharibə yoxsa sülh. Əgər müharibə istəsə təbii ki, Azərbaycan müharibə edəcək. Beləliklə də Ermənistan 44 gündə yaşadığı faciələri yenidən yaşayacaq.

- Ermənistan baş naziri Rusiyaya təhdidvari mesajlar ötürüb. Əgər Rus ordusu burada ordu yerləşdirməsə, onda başqa ölkənin qoşunları bura çağırılacaq. Sizcə, bundan sonra Rusiyanın mövqeyi bu məsələdə nə olacaq? Cənab Prezident həmsdərlərin fəaliyyətinin bitdiyini deməsinə baxmayaraq, həmsədrlər yenidən özünü gündəmə gətirməyə çalışır sizcə, buna ehtiyac varmı, bunun arxasında hansı maraqlar dayanır?

- Məsələyə belə yanaşaq 30 il ərzundə bu təşkilat nə iş görüb? Heç nə. Gəldilər turist kimi yedilər, içdilər və gəzdilər. Münaqişənin həlli üçün heç bir addım atmadılar. Cənab Prezident onlara yaxşı bir dərs verdi. O dedi ki, təkliflər gözləyirik. Bu səkkiz ayda onlar hansı təkliflə çıxış edib. Hansı sanballı təklif və ya mövqe ortaya qoyulub. Ancaq biz vəziyyətin ATƏT timsalında daha da qızışdırılmağa çalışıldığını görürük. Həmsədrlərin dünənki çıxışı onların əsl üzünü açdı. Əgər obyektiv olsa idilər deməliydilər ki, bəli, Ermənistan atəşkəsi pozur. Ermənistan və qərb ölkələri yenidən nə isə etmək istəyirlər. ATƏT öz səmərəsiz fəaliyyəti ilə Azərbaycan xalqının yaddaşında qalıb. 30 ildə heç bir həllə nail ola bilmədi. Nəhayət Azərbaycan Rusiyanın vasitəçiliyi ilə bu prosesi həll etdi. ATƏT-in bundan sonra heç bir funksiyası ola bilməz.

- Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri arasında Bakı bəyannaməsi imzalandı. Bu bəyannamə özündə nəyi ehtiva edir?

- Bu Bakı bəyannaməsinin çox böyük siyasi əhəmiyyəti var. Bilirsiniz ki, biz hazırda öz strateji müttəfiqlərimizlə əlaqələrimizi möhkəmləndiririk. Burada əsas məqsədlərdən biri qazandığımız qələbəni daha da gücləndirməkdir. Mövcud ikili standartlara qarşı bu bəyannamə çox böyük rol oynayacaq. Qeyd edim ki, Türkiyə və Pakistan aparıcı rol oynayır. Onlar ta əvvəldən həmişə Azərbaycanın haqq işində yanında olublar. Pakistan ümumiyyətlə Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Türkiyə isə sərhədləri Ermənistana bağlayıb. Pakistan eyni zamanda güclü orduya malik ölkədir. Ordusunda nüvə silahı var. Türkiyənin də müdafiə sənayesi sürətlə inkişaf edir. Hazırki vəziyyətdə bizə bu kimi ittifaq və birlik olduqca zəruridir. Yenidən gəlib Bakıda belə bir bəyanatın imzalanması tək Ermənistana yox, həm də onun havadarlarına bir mesajdır. Bununla göstərilir ki, Azərbaycan tək deyil onunda dəstəkçiləri var.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə