Sergey Markov: Ermənistan 9 Noyabr sülh müqaviləsini yenidən formalaşdırmaq istəyir - MÜHARİBƏ

Ermənistan və Azərbaycan sərhədində yenidən hərbi toqquşmalar baş verir. Dünya siyasi ictimaiyyəti Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatlığını dilə gətirir, bunun müharibədən sonrakı sülhə zərər verdiyini deyirlər. Ermənistan sərhəddə gərgin vəziyyət yaradır. Sülh müqaviləsinin yenidən formalaşdırılmasına dair danışıqlara başlamaq üçün səbəb kimi münaqişənin kəskinləşməsindən faydalanan məhz İrəvandır. Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov bu barədə “Moskva-Baku” portalına verdiyi müsahibəsində bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistan-Azərbaycan sərhədində münaqişənin kəskinləşməsindən hansı tərəf faydalanır?

- Ermənistan üçün əlbəttə ki, bu, faydalıdır. Fakt budur ki, İrəvan bir növ münaqişə məkanı yaratmaq istərdi. İndi bu məkan Ermənistan-Azərbaycan sərhədidir. Üstəlik, indi Azərbaycanın bu ərazilərinə dörddə bir əsr ərzində Ermənistan tərəfindən nəzarət edildiyindən, bu yerdə indiyədək mövcud olmayan demarkasiya və delimitasiya işləri aparılır. İrəvan da bu hərbi münaqişələrdən münaqişənin bitmədiyini və müdaxilənin tələb olunduğunu göstərmək üçün istifadə edir. Demək istəyir ki, yenə də danışıqlara başlamaq lazımdır, ancaq bir sülh müqaviləsi ilə deyil, Azərbaycanla əldə edilmiş 9-10 noyabr 2020-ci il tarixli sülh müqaviləsinin yenidən formalaşdırılması barədə. Bu, İrəvanın mövqeyidir. Ancaq düşünürəm ki, bu hiyləgər bir plan deyil, burada emosional komponentin böyük bir payı var. Erməni icması 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətdən tamamilə şokdadır və bununla barışa bilmir. Və buna görə də qarşıdurma yaradan radikal qruplar var, amma yenə də deyirəm ki, bu, hansısa hiyləgər plana görə deyil, daha çox emosional səbəbə görədir.

- Paşinyan Rusiya sərhədçilərinin və KTMT müşahidəçilərinin Ermənistan və Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlı təklif irəli sürdü. Hansı reaksiyanı və kimdən gözləyirdi?

- Putindən bir reaksiya gözləyirdi. Ancaq indi bu mümkün deyil, çünki sərhəd demarkasiya və delimitasiyadan keçməyib. Bu mərhələni keçdikdən sonra bu təklifin müzakirəsi mümkün olacaq.

- Sərhəddə gərginləşmələrlə əlaqədar olaraq Ermənistanla Azərbaycan arasındakı münaqişəyə başqa ölkələr də cəlb edilə bilərmi?

- Bu qarşıdurmada Fransa şübhəsiz ki, Ermənistan tərəfində mövqe tutur. Prezident Makronun Ermənistanı dəstəkləmək üçün çox güclü bir istəyi var. Ancaq Fransa ilə bağlı məsələdə əsas problem heç bir təsirli metod tapa bilməmələridir. Dəqiq nə edə bilərlər? Qoşun göndərilsin? Amma bu, Rusiyadan son dərəcə mənfi reaksiyaya səbəb olacaq. Başqa bir konferensiya yığılsın? Ancaq hamısı konkret olaraq günü çağırışını tələb edəcək. Bu da işləmir. Yalnız o variant qalır ki, oraya hansısa xarici görmə cihazları göndərsinlər. Bu kimi bir şey. Fransanın bu münaqişədə daha aktiv olmaq və Ermənistan tərəfində olmaq üçün böyük bir istəyi var. Lakin Fransa öz fəaliyyəti üçün konkret siyasi formatlar tapa bilmir.

- Ermənistan yenidən Azərbaycan tərəfindən artıq bağlanmış məsələ- “Dağlıq Qarabağın statusu” ilə bağlı məsələ qaldırır. O nəyə ümid edir?

- Hanısa bir formada status olacağına ümid edirlər. Və mövcud vəziyyəti birləşdirəcək bir status olacağına ümid edirlər. Fakt budur ki, Azərbaycan rəhbərliyi heç bir xüsusi status olmayacağını açıq şəkildə bildirdi. Ancaq bir bölgənin statusu da bir statusdur. Və artıq bu ərazi başqa bir dövlət tərəfindən idarə olunur deməkdir. İndiki statusun danışıqlar prosesində dondurulacağına ümid edirlər. 10 ildən çox əvvəl Rusiyanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Kazan düsturunda yazıldığı kimi. Hansı ki, hər şey açıq və aydın şəkildə yazılmışdı. Yeddi rayon transfer edildikdən sonra vəziyyəti dondurulur. Lakin Ermənistan 7 rayonun da digər ərazilərdə olduğu kimi statusunun dondurulmasını istəyirdi- sonra onların qaytarılması müqabilində Qarabağın müstəqilliyinin tanınması üçün. Ancaq heç bir şey olmadı, əksinə, bir müharibə oldu. İndi onlar da mövcud status-kvonu dondurmaq istəyirlər. Amma düşünürəm ki, Rusiya bu layihəni dəstəkləməyəcək və Azərbaycan qəti şəkildə bunun əleyhinə olacaq. Və bu, bir müddət sonra yeni bir müharibə ilə nəticələnə bilər. Ancaq indi yeni bir müharibə tamamilə lazımsızdır. Ermənistanın status-kvonu dondurmaq və irəliləməmək istəyi onsuz da Ermənistanı bir dəfə iflasa uğradıb və yenidən uğursuz olacaq bir istək olacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə