"Ermənistan üçün hələ də gec deyil" - MÜSAHİBƏ

Hərbi ekspert Üzeyir Cəfərovun SİA-ya müsahibəsini təqdim edirik:

- Ermənistan tərəfi Naxçıvan, Kəlbəcər, Şuşa ətrafı nöqtələrdə mütəmadi olaraq atəşkəsi pozmağa davam edir. Bu nöqtələr bilərkdən seçilib yoxsa Ermənistan yalnız vəziyyəti gərginləşdirir?

-. Xüsusilə də döyüş nöqtəsi sayılan Azərbaycan Ermənistan sərhədində yerləşən Kəlbəcər istiqamətində aatəşkəsin pozulması bizdə ciddi narahatlıq yaradır. Müdafiə Nazirliyi bu gün sabah məlumat verib ki, dünən gecədən düşmən tərəfi atəşkəsi pozmağa başlayıb. Nəticədə iki hərbiçimiz yaralanıb. Müdafiə Nazirliyindən cavab tədbirləri hazırlanır. Onu da qeyd edim ki, düşmən tərəfinin təxribatları heç vaxt cavabsız qalmayıb. Bu yaxınlarda düşmən tərəfi atəşkəsi kobudcasına yenə də pozmuşdu nəticədə Beyləqan rayonundan olan gizirimiz Fərman Yaqublu şəhid olmuşdu. Ümumiyyətlə Ermənistan tərəfi çıxılmaz vəziyyətdədir. Ölkədə müdafiə naziri yoxdur. Müdafiə nazirinin vəzifəsini Baş qərərgah rəisinin müavini yerinə yetirir. O da dünən səhər tezdən Moskvaya gedib. Aydın məsələdir ki, təcrübəsiz bir generaldır. O Moskva səfərini müəyyən tapşırıqlar almaq üçün təşkil edib. Açığı deyim ki, Rusiya da Ermənistanın son hərəkətlərindən narahatdır. Ermənistanın bu təxribatları Rusiyada həmçinin qəzəb doğurur. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu yaxınlarda Ermənistanın müdafiə nazirliyinin vəzifələrini yerinə yetirən Baqarşah Artuniyan istefa verib. Onun istefasının səbəblərindən biri də Nikol Paşinyana tabe olmaması idi. Bunları bir də Qasparyan adlı Baş Qərargah rəisləri vardı. O da Paşinyana tabe olmaması səbəbindən istefaya göndərilib. Bütün bunlar Ermənistanda ordunun xaos içərisində olduğunu göstərir. Hələ sərhədlər müəyyən edilməsə də, Kəlbəcər Azərbaycan Ermənistan sərhəd bölgəsidir. Bugünkü təxribatlar davam edəcək. Bunu tam səmimiyyətimlə qeyd edirəm. Əvvəldən də mən deyirdim ki, biz arxayınlaşmamalıyıq. Onlar sakit dayanmayacaq. Bu təxribatların səbəbini mən onda görürəm ki, Ermənistan tərəfi istəyir ki, Basarkeçər rayonundakı sərhədlərini tamamilə Rusiya qorusun.

- Ermənistan bilir ki, Azərbaycanla müharibə etmək gücü onlar da yoxdur, bəs onlar nəyə arxalanıb bu təxribatları həyata keçirir?

- Bilirsiz, Ermənistan başqa ölkələrin əlində də oyuncaqdır. Bu ölkələr istəyir ki, Ermənistanın ağılsızlığından istifadə etsinlər. Gecə də yatıb yuxularında görürlər ki, Makron Ermənistana səfər edəcək . Makron gəlib Paşinyanla qucaqlaşacaq və hansısa bəyanat verəcəklər. Fransa həmçinin ATƏT-in üzvüdür. Buna görə mən ATƏT-in missiyasını bitmiş hesab edirəm. Tək Fransa yox, bəzi başqa ölkələr var ki, onlar Ermənistanı qızışdırmaq istəyirlər. Bununla onlar əslində Ermənistanı uçuruma sürükləyirlər. Ermənistanın heç bir gücü qüvvəsi yoxdur. Bu halla onlar hansı hərbi təxribatdan danışırlar.

- Ümumiyyətlə, Ermənistanda nə baş verir?

- Ermənistanda xaotik bir vəziyyətdir. Bu gün Ermənistanda klanlararası vəziyyət olduqca mürəkkəbləşib. Seçkidən sonra vəziyyət daha da mürəkkəbləşib. Belə ki, iki sabiq prezident Köçəryanla Sarkisyan birləşiblər. Bunların fikirləri tamamilə fərqlənir. Paşinyanın fikirləri isə bir başqadır. Mən bir dəfə də demişəm ki, Paşinyan nahara qədər bir siyasət, nahardan sonra tamam başqa bir siyasət yeridir. Nahara kimi rusyönümlü, nahardan sonra qərbyönümlü və ya bunun əksinə siyasət aparır. Bilirsiz bütün bunlar Ermənistanı daha çıxılmaz vəziyyətə salır. Onu idarəolunmaz hala salır. Yenə də deyirəm müdafiə nazirliyi başsız, ordu komandanlığı inamsız. Orduda Paşinyanla narazı generalların olması tam xaosdur. Ermənistan vəziyyəti düzgün qiymətləndirməsə, bundan da betər olacaq.

- Bayaq dediniz ki, ermənilər istəyirlər ki, ruslar onların sərhədlərini qorusun. Bəlkə rusların Qarabağda olmasından sərhəddə olması daha yaxşıdır, ya necə?

- Onsuz da gedişat belə olacaq. Delimitasiya və demakrasiya prosesləri həll olundaqdan sonra sülhməramlı qüvvələrə ehtiyac qalmayacaq. Rusiya sülhməramlılarının burada müvəqqəti olması ilə bağlı Xarici İşlər Nazirliyi də informasiya verib. Ona görə də, heç kim düşünməsin ki, ruslar burada əbədi qalmağa gəlib. Təəssüf ki, bəzi təbliğatçılar bundan sui-istifadə edərək çaşqınlıq yaratmaq istəyirlər. Məsələlər həll olunduqdan sonra sülhməramlı qüvvələr ya öz kəndlərinə, ya da cənub federal hərbi dairəsinə qayıdacaq. Qeyd edim ki, bu dairə Rostovda yerləşir. Ya da Moskvaya qayıdacaq. Belə bir vəziyyətdə ola bilər ki, Ermənistan rus qoşunlarını artıq beynəlxalq müstəvidə tanınmış Azərbaycan-Ermənistan sərhədində yerləşdirə bilər. Bununla bağlı bir azərbaycanlı jurnalist rus telekanallarının birində çox yaxşı bir fikir səsləndirmişdi. O deyirdi ki, Ermənistan istəyir sərhədinə Hondurasdan qoşun gətirsin. Sərhədlər müəyyənləşdikdən sonra biz əsas evimizin içi ilə məşğul olacağıq. Şübhəsiz, sərhəd sərhəddir. Sərhəd toxunulmazdır. Biz sərhədimizi daha da gücləndirəcəyik. Ermənistan üçün hələ də gec deyil. Əgər ağıllı davransalar onlar üçün daha yaxşı olacaq. Yox, əgər yenidən beyinsiz hərəkətlərinə davam edəcəklərsə, yenə də çətinlikərlə boğuşacaqlar. Ermənistan istəsə-istəməsə də Zəngəzur dəhlizi açılacaq. Çünki burada tək Azərbaycanın yox, böyük dövlətlərin də marağı var. Onlar da hələlik gözləyir ki, Ermənistan ağıllı və rasional bir qərar qəbul etsin.

- Sizcə, yenidən müharibə başlaya bilərmi?

- Müharibə başlamayacaq. Necə başlaya bilər ki, erməni ordusu demək olar yoxdur. Azərbaycanın da özgə ərazilərdə müharibə etmək niyyəti yoxdur. Ancaq erməni tərəfi buna şərait yaratsa Azərbaycan ən sərt şəkildə müdaxilə edəcək. Azərbaycan tək deyil. Bakı Bəyannməsi buna ən bariz nümunədir. Sentyabr ayında Azərbaycanda Türkiyə, Pakistan və Azərbaycan xüsusi təyinantlı qüvvələri dağ şəraitində birgə təlimlər keçiriləcək. Bir müddət sonra Türkiyədə, hətta Pakistanda da belə təlimlərin keçirilməsi gözlənilir. Biz bu bəyannamənin qiymətini bir müddət sonra anlayacağıq. Sənəd imzalanıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə